Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

4 May 2021 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlal Rəsullu

ÖZÜN OL DÜNYANIN ƏN BƏXTƏVƏRİ

Gəl götür qəlbimi, sənə verim qoy,

Sən də öz-özünə vurğun ol bir az.

Verim gözlərimi səndə ağlasın,

Götür əllərimi sən də şeir yaz.

***

Yaşa hislərimi sən də doyunca,

Gör sənə bağlanmaq, vurulmaq nədir.

Özünə həsrət qal ömrün boyunca,

Anla sənə həsrət mən olmaq nədir.

***

Gecən gündüzünə qarışsın sənin,

Duyma bu dünyada sevinci, şəri.

Üzünü güldürüb üzünə bir az,

Özün ol dünyanın ən bəxtəvəri.

BÜKƏRSƏN DƏRDİNİ AĞ SAÇLARINA

Sən də qocalarsan, gün gələr mən də,

Arxanca dolanan olmayacaqdır.

Səni görmək üçün darıxsam belə,

Gəlməyə taqətim qalmayacaqdır.

***

Bükərsən dərdini ağ saçlarına,

Sonsuz məhəbbəti axtarar gözün.

Qayıtmaq istəsən gənclik çağına,

Bir daha bu mümkün olmayacaqdır.

***

Gücü çatmayacaq dünyanın sənə,

Əyib qamətini əsa gəzərsən.

Dəstəyin olsa da əsalar yenə,

Könlünün dəstəyi olmayacaqdır.

ƏN GÖZƏL QADINLAR

Ən gözəl qadınlar qocalıb gedir,

Ən gözəl qadınlar yar tapa bilmir.

Ən gözəl qadının duyğularına,

Şair ürəklilər yol tapa bilmir.

***

Ən gözəl qadınlar tənhadır, tənha,

Hərəsi bir şair yetişdiribdir.

Hansısa ən gözəl bir qadın üçün,

Ən dahi şairin gözəl şeiri,

Bəlkə də, bəlkə də heç nə gəlibdir.

***

Ordan başlayırdı bu tənhalıqlar,

Duyğunu hər qadın oxuya bilmir.

Hər şair həsrətin dadını dadır,

Qadın var həsrətin adını bilmir.

***

Hər şair vurulur gözəl bir qıza,

Onu qələmindən süzdürür hər gün.

Ən gözəl qadınlar öz şairini,

Vurub ürəyindən öldürür hər gün.

Əfsanə Rəvan

SƏNİ GÖZLƏMƏK DƏ GÖZƏLDİR

Harda gözləyim səni,

Hansı yolda dayanım?

Gecəmi gələcəksən,

O başdanmı oyanım?

***

Bilirsən, hamı gülür,

Səni gözləməyimə.

Dəymirlər atacanı,

Nəsə söz deməyimə.

***

Səbrimi Allah kəsib,

Sən ki, bunu bilirsən.

Ürəyimə damıb ki,

Hardasansa gəlirsən.

***

Mən ömrümü, günümü,

Yollarına sərmişəm.

Səni dinim, imanım,

Səni Tanrım bilmişəm.

***

Yalvarır insafına,

Bu div boyda həsrətim.

Səni unudub, atmaq,

Məni də, sevmək çətin.

HARDAN BİLSİN

Eşitdim ki, nigaranmış mən sarıdan,

Dedilər ki, çarə gəzir mənə görə.

Qınayırmış gah özünü, gah da məni,

Saçlarıma vaxtsız düşən dənə görə.

***

Elə bilir, ağlayıram için- için,

Elə bilir, dəyişmişəm güzarımı.

Ona deyin, ağlamıram onun üçün,

Ona deyin, sındırmıram vüqarımı.

***

O, bilmir ki, həsrət məni kül eləyib,

İçimdəki közərən od sönüb daha.

Baxışımdan süzülən o yalvarışlar,

Yollarında deyil artıq, dönüb daha.

***

Elə bilir, hələ ağlım uşaq qalıb,

Böyüdüb e, içimdəki yara məni.

Elə bilir, tərk etdiyi yerdəyəm mən,

Hardan bilsin, həyat atıb hara məni.

DARIXMIŞAM O BALACA QIZ ÜÇÜN

Onda hələ uşaq idim körpəcə,

Hər gün sevib, əzizləyən çox idi.

Onda hələ balacaydı saçlarım,

Ələ gələn hörüklərim yox idi.

***

Onda elə həvəsliydim hər şeyə,

Böyük-böyük çəkmələrlə gəzərdim.

Anam görüb danlayardı hər dəfə,

Gözlərimi bulaq edib, küsərdim.

***

Sonra məni evimizdən bir nəfər,

Yamanca tez böyütməyə can atdı.

Öldürdü o bapbalaca uşağı,

Əvəzinə böyük qadın yaratdı.

***

Mən də ata ocağında o gündən,

Odlanaraq, yana-yana böyüdüm.

Göz yaşımı axıtdım e içimə,

Qəsd elədim şirin cana böyüdüm.

***

Sonra bir də ayıldım ki, yaş ötür,

Gün axtardım içimdəki buz üçün.

İndi hər şey yolundadır, fəqət mən,

Darıxmışam o balaca qız üçün.