Kremlin həm Paşinyanla, həm də Köçəryanla gözə görünməyən, pərdə arxası əlaqələri mövcuddur...

Kremlin həm Paşinyanla, həm də Köçəryanla gözə görünməyən, pərdə arxası əlaqələri mövcuddur...

10 İyun 2021 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu günlərdə Rusiya lideri Putinin Paşinyana qarşı əsas müxalif qüvvələrin rəhbəri kimi Ermənistan liderliyinə can atan Robert Köçəryanla artıq bu il ərzində 3-cü telefon danışığı baş tutub. Belə təəssürat yaranır ki, bu qəsbkar ölkədə proseslərə nəzarət edən şəxs məhz Köçəryandır və Putin də Paşinyanla deyil, onunla məsləhətləşir, Ermənistanın gələcəyini onda görür. Son 15-20 ildə “Putinin dostu” imicini qazanmasını da nəzərə alsaq, belə çıxır ki, Kreml bir həftədən sonrakı seçkilərdə elə Xocalı canisi Köçəryana dəstək verəcək...

Oxuməni.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov moderator.az-a verdiyi açıqlamasında deyib:

“Birincisi, onu qeyd etmək lazımdır ki, digər siyasi “dostluq”lar kimi, Putin-Köçəryan “dostluğu” da daha çox siyasi maraqlar üzərində qurulub. Bəllidir ki, siyasətdə dostluq olmur. Həm də bir müddət var idi ki, heç Köçəryan Putinin yadına da düşmürdü. Düzdü, əslinə qalsa, Robert Köçəryan siyasi fəaliyyətinin əvvəlindən Rusiya tərəfindən dəstəklənən bir fiqurdur. İndiki halda Ermənistandakı seçkiqabağı kampaniyada Paşinyana qarşı əsas rəqabəti də məhz Köçəryan formalaşdırır. Və bu baxımdan həmin dəstək, bu telefon danışıqları Rusiyameyilli qüvvələrə dəstək kimi dəyərləndirilməlidir. Amma bu məsələnin zəif bir elementi də var. Ermənistandakı hazırkı siyasi mühit onu göstərir ki, gərginlik daha çox yerli ermənilər və Qarabağ erməniləri arasında mövcuddur. Və Köçəryan da “Qarabağ klanı” deyilən toplumu təmsil edir. Yəni bu baxımdan inanmıram ki, Rusiya belə bir səhv edərək seçkilərdə Köçəryana birbaşa dəstək verəcək. Bu, daha çox dəstək imitasiyasına bənzəyir. Çünki ikinci Qarabağ savaşından bəri keçən dövrdə dəfələrlə müşahidə etmişik ki, Paşinyanın problemləri olanda məhz Rusiya tərəfindən ona dəstək verilib. Bu mənada, yəqin ki, Kremlin həm Paşinyanla, həm də Köçəryanla gözə görünməyən, pərdə arxası əlaqələri mövcuddur... Amma əsas məsələ yenə də gündəmdə qalmaqdadır: Ermənistan gələcəkdə hansı siyasəti həyata keçirəcək? Biz başa düşürük ki, rəsmi İrəvanın Qərbyönümlü siyasət aparması qaçılmazdır. Çünki Rusiyanın son 30 ildə bu işğalçı ölkəyə verdiyi dəstəyin onun inkişafına gətirib çıxarmadığı göz qabağındadır. Və əksinə, Ermənistanda digər problemlərlə yanaşı, demoqrafik problem də daha da güclənməkdədir. Odur ki, ermənilər yaxşı bilir ki, Ermənistanın bir dövlət kimi xilası ilk növbədə Qərblə bağlıdır. İkincisi də biz anlamalıyıq ki, indiki mərhələdə bu ölkə Rusiya üçün artıq bir yükdür. Hələ son müharibədən öncə Rusiyanın ən yüksək səviyyələrindən səslənən “qulpsuz çemodan” bənzətməsi hazırkı məğlub Ermənistan üçün daha da aktuallaşıb. Yəni bu ölkənin varlığının Rusiya üçün heç bir faydası yoxdur. Düzdü, ideoloji təbliğat baxımından, sadəcə, Ermənistanı öz orbitində saxlamaq üçün Moskva tərəfindən bəzi gedişlər davam etdiriləcək. Amma real istəklər çoxdan bəllidir: Kreml bu “qulpsuz çemodan”dan da azad olmağa çalışır. Bu prizmadan baxanda Köçəryanın telefon danışıqları, yaxud Paşinyanın Avropaya üz tutması daha çox üzdə olan hadisələrdir. Amma dediyimiz tendensiya, yəni Ermənistanın varlığının Qərbə bağlı olması qaçılmazdır".

“Köçəryan hakimiyyətə qayıdacağı halda Qarabağ məsələsində revanşist mövqe tutmalı və deməli, “dostu” Putinin də qarant duraraq imzaladığı 10 Noyabr razılaşmasından açıq-aşkar imtina etməlidir. O, belə addımlar ata bilərmi?” sualına cavabında isə sabiq baş diplomat bunları söyləyib:

“Bilirsiz, həm Qərb, həm də Rusiya 10 Noyabr razılaşmasını dəstəkləyir. Və bu baxımdan ona açıq şəkildə zidd gedən siyasətçi elə öncədən məğlub olmuş olacaq. Çünki yadınızdadırsa, Putin razılaşmadan az sonra dedi ki, bu sənəddən imtina etmək Ermənistanın intiharına bərabərdir. Odur ki, biz görürük ki, Ermənistanda revanş mövzusu artıq aktual deyil. Və Köçəryanın hakimiyyətə qayıdacağı təqdirdə Rusiya üçün Ermənistanın “qulpsuz çemodan” kimi “daşınması” siyasəti davam etməlidir. Çünki birmənalı olaraq Moskva bu qəsbkar dövləti, həm maliyyə, həm hərbi, həm siyasi cəhətdən dəstəkləməlidir. Rusiya bunu istəyirmi, Rusiya siyasi elitası bunu istəyirmi? Hesab edirəm ki, yox... Odur ki, Köçəryan qalib gəlsə belə, hakimiyyətdə uzun müddət duruş gətirə bilməz. Çünki o, erməni cəmiyyətinə nə açıq şəkildə revanş təklif edə bilər, nə də Rusiya ilə bir yerdə Ermənistanı böhrandan çıxara bilər. Ona görə də inanmıram ki, Köçəryan kimi və ona bənzər mövqedə duran erməni siyasətçiləri seçkilərdə qalib gələcəklər” –deyə Tofiq Zülfüqarov vurğulayıb.