Ter-Petrosyan: Ermənistan Qarabağ barədə müstəqil qərar qəbul edə bilmir

Ter-Petrosyan: Ermənistan Qarabağ barədə müstəqil qərar qəbul edə bilmir

11 İyun 2021 09:27
Bəyəndim (0) Bəyənmədim (0)

“Daha Ermənistanın Qarabağ barədə rəyini heç kim soruşmur”.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu bəyanatı iyunun 10-da Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan verib. Ter-Petrosyan mətbuat konfransında deyib ki, Rusiya daha heç vaxt Qarabağı tərk etməyəcək:

“Biz təkcə müharibəni uduzmamışıq. Ondan daha pisi baş verib. Əgər əvvəllər Qarabağ Robert Koçaryanın günahından tənzimləmə prosesindən çıxarılmışdısa, bu məğlubiyyətdən sonra artıq Ermənistan münaqişə tərəfi olmaqdan çıxarılıb. Ermənistanın rəyini daha heç kəs soruşmur. Ermənistan Qarabağ barədə müstəqil qərar qəbul edə bilmir. Bu ağır hərbi məğlubiyyətdən sonra yəqin ən pis olanı budur ki, biz artıq bu oyunda oyunçu deyilik”.

Levon Ter-Petrosyan habelə Nikol Paşinyan hakimiyyətə gələndən sonra onunla 2018-ci ildə etdiyi söhbətə toxunub.

Keçmiş prezident bildirib ki, həmin görüş zamanı Paşinyana Qarabağ məsələsində Serj Sarkisyandan ona qalmış mirası sənədləşdirməyi məsləhət görüb. (Azadliq.org)

1990-cı illərdə I Qarabağ müharibəsində qazanılmış qələbəni möhkəmləndirə bilməməsi barədə ittihamlara cavab olaraq keçmiş prezident deyib:

“Mən möhkəmləndirilmiş qələbəni növbəti hakimiyyətə vermişdim. Mən bu barədə çoxdan, son dəfə keçirdiyim mətbuat konfranslarında, yazdığım məqalələrdə demişəm. Bir məsələ aydın idi: Vazgen Sarkisyan, Robert Koçaryan və Serj Sarkisyanın əhval-ruhiyyəsi belə idi ki, onlar mənim bu proqramı həyata keçirməyimə nəyin bahasına olursa olsun imkan vermək istəmirdilər. Mən məsələni şişirtmirəm. Əgər bunu etməyə cəhd göstərsəydim, vətəndaş müharibəsi başlanardı. Mən bunun baş verməməsi üçün istefaya getdim”.

“Daxili maneələr olmasaydı, o vaxt Azərbaycan sülh tənzimləməsi planını qəbul etməyə hazır idimi?” sualına Levon Ter-Petrosyan belə cavab verib:

“O vaxt Azərbaycan buna sonrakı 23 ildə olduğundan dəfələrlə çox hazır idi...”