Nikol Paşinyan qalib gələcəyi təqdirdə prezident  Xalq Parityasının sədri Stepan Dəmirçyan olacaq

Nikol Paşinyan qalib gələcəyi təqdirdə prezident Xalq Parityasının sədri Stepan Dəmirçyan olacaq

11 İyun 2021 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda keçiriləcək növbədənkənar seçkidən sonra təkcə yeni baş nazir deyil, yeni prezidentin də kimliyi məlum olacaq. Belə ki, tərəflərin heç biri hazırkı prezident Armen Sarkisyanla işləmək istəmir və parlament uğrunda mübarizə aparan əsas namizədlərin – Nikol Paşinyan və Robert Koçaryanın hərəsinin prezidentliyə öz namizədi var.

Oxuməni.az “AzPolitika.info”ya istinadən xəbər verir ki, erməni mətbuatı Nikol Paşinyanın qalib gələcəyi təqdirdə prezident postunu Xalq Parityasının sədri Stepan Dəmirçyana vəd etdiyini yazıb. Stepan Dəmirçyan 1999-cu ildə Ermənistan parlamentində güllələnən spiker Karen Dəmirçyanın oğludur.

S.Dəmirçyanı Paşinyandan əvvəl birinci prezident Levon Ter-Petrosyan da öz tərəfinə çəkməyə çalışıb. Lakin bu mövzuyla bağlı məlumat dərc edən “Qraparak” qəzeti yazır ki, Dəmirçyan nə Ter-Petrosyanın, nə də Paşinyanın digər rəqiblərinin təkliflərini qəbul etməyib.

Qəzet bildirir ki, o, Paşinyanın vədini ciddi qəbul edib. Lakin Paşinyan bunun əvəzində Dəmirçyandan onun hökumətini və partiyasını tənqid etməməsini, əksinə, Robert Koçaryanın üstünə getməsini istəyib. Son günlərdə baş verənlər isə prezident postu ürəyincə olan Dəmirçyanın Paşinyanla razılaşdığını təsdiqləyir. Belə ki, onun ən nüfuzlu silahdaşlarından olan Qriqor Arutunyan artıq bir neçə gündür ki, Robert Koçaryanı öz müsahibələrində və çıxışlarında sərt tənqid etməyə başlayıb.

Qəzet Robert Koçaryanın da prezidentliyə namizədinin bəlli olduğunu yazıb. Qəzetin məlumatına görə, Koçaryan qalib gəlsə, növbəti prezident Vazqen Manukyan olacaq. Xatırladaq ki, Manukyan revanşist qüvvələrin ən həyasız nümayəndələrindən biri sayılır və müharibədən sonrakı dövrdə 17 partiyanın birləşdiyi müxalif hərəkatın baş nazirliyə vahid namizədi olub.