Konqresdə Azərbaycana hərbi yardıma blok qoyan təklif qəbul edildi

Konqresdə Azərbaycana hərbi yardıma blok qoyan təklif qəbul edildi

29 İyul 2021 09:57
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Konqresinin Nümayəndələr Palatasında ölkənin xarici yardımları nəzərdə tutan qanununa konqresmen Frenk Pallone və onun Konqresdəki Erməni kokusu (qrupu) üzrə həmkarlarının düzəlişi qəbul olunub.

“Yeni Sabah” xəbər verir ki, sözügedən qanunun leyhinə 217, əleyhinə 212 səs verilib. Bu barədə məlumat ABŞ Konqresinin rəsmi saytında dərc olunub. Növbəti mərhələdə bu qanun Senatda baxılaraq səsə qoyulmalıdır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Amerika Erməni Milli Komitəsinin (ANCA) yaydığı xəbərdə deyilirdi ki, Pallonenin təklif etdiyi düzəliş Azərbaycan silahlı qüvvələrinə ABŞ-ın maliyyə və təlim yardımının bloklanmasını nəzərdə tutur.

Bu barədə konqresmenin özü də iyulun 28-də Twitter-də yazıb: “Azərbaycanın bugünkü hücumu Ermənistan torpağını oğurlamaq və onun demokratiyasını pozmaq planının tərkib hissəsidir. Əgər bu təcavüzə laqeydlik davam edərsə, onlar ölümcül hücumlarını maneəsiz davam etdirəcəklər. Mənim Nümayəndələr Palatasının xərclər barədə qanununa düzəlişim Azərbaycan qüvvələrinin maliyyələşdirilməsinin dayandırılmasına bir mesajdır”.

ANCA-nın xəbərində deyilir ki, “Pallone Düzəlişi” “Beynəlxalq Hərbi Təhsil və Təlim” və “Xarici Hərbi Maliyyələşdirmə Proqramı” qanunları üzrə Azərbaycana hər hansı vəsaitlərin dayandırılmasını nəzərdə tutur.

Bu da qeyd olunur ki, sözü gedən dəyişiklik Azərbaycana ABŞ Müdafiə Nazirliyinin xətti ilə hərbi avadanlığın verilməsi imkanlarına təsir göstərməyəcək.

ABŞ Nümayəndələr Palatasındakı Erməni kokusuna demokratlar Frenk Pallone, Adam Şiff, Ceki Speyer və respublikaçılar Qus Bilirakis, Deyvid Vaaldao daxildirlər.

Sözügedən düzəlişə bir neçə başqa konqresmenlər də dəstək veriblər. Onların arasında kaliforniyalı demokrat Cudi Çu da var. O iyulun 28-də bu barədə bəyanatla çıxış edib.

Xanım Çu bildirib ki, ABŞ Nümayəndələr Palatasının ABŞ-ı bu məsələdə “düzgün mövqeyə çıxarmaq” və “Azərbaycanın zoraklılığa” son qoyması üçün ona təzyiq göstərmək imkanı var.