Nikol Bakıdan narazılıq etdi, Rusiyanı hədələdi

Nikol Bakıdan narazılıq etdi, Rusiyanı hədələdi

29 İyul 2021 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün hökumətin iclasında Azərbaycana qarşı ittihamlar səsləndirərkən Rusiyadan narazılığını ifadə edən üstüörtülü iki mesaj göndərib. Birincisi, Nikol Paşinyan rəsmi Bakının Qarabağdakı rusiyalı sülhməramlıların statusunu müəyyənləşdirmək istəmədiyini deyərək fikrini belə tamamlayıb: “Azərbaycanda erməni hərbçilər üzərində məhkəmələr davam edir. Həmin hərbçilər noyabrın 9-da rusiyalı hərbçilərin səlahiyyət zonasında əsir götürülüb”. Paşinyan bu cümlə ilə demək istəyib ki, Qarabağda erməni hərbçilərin əsir götürülməsinə Moskva göz yumub və Bakıya qarşı sərt açıqlama verməyib.

Oxuməni.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Paşinyan Rusiyaya ikinci mesajında hədələyici cümlə işlədib:

“Paşinyan deyib ki, Ermənistan-Azərbaycan sərhəddində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının monitorinq qrupunun yerləşdirilməsini təklif edirəm. Əgər təşkilat çərçivəsində belə bir qrup yaradılması mümkün deyilsə, monitorinq qrupu ATƏT-in Minsk Qrupu formatında yaradılsın.

Yəni Paşinyan Moskvaya mesaj göndərir ki, siz sərhəddimizi nəzarətə götürüb erməniləri Azərbaycandan qorumaq istəmirsinizsə, biz Fransa və ABŞ-ı dəvət edəcəyik.

Paşinyana da aydındır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiya sərhəd məsələsinə qarışmaq istəmir. Moskvanın özü Bakının təklifini səsləndirib: “Sərhəddə delimitasiya və demarkasiya işləri başlamalıdır”. Paşinyan “delimitasiya” və “demarkasiya” sözlərini ifadə etməkdən çəkinir. Paşinyan Rusiyanı erməni cəmiyyətinin gözündə daha da aşağılamağa çalışaraq sanki demək istəyir: “Rusiya bizi Azərbaycandan qorumaq istəmir, odur ki, Qərbdəki dostlarımıza müraciət etməliyik”. ABŞ və Fransa Ermənistanda Rusiyanı əvəz etməyə hazırdılar. Rusiya isə buna hazır deyil və rəqiblərini Ermənistana buraxmayacaq”.