Putini niyə gizlədirlər: Rus generalın müəmmalı ölümü Kremldə stress yaradıb

Putini niyə gizlədirlər: Rus generalın müəmmalı ölümü Kremldə stress yaradıb

17 Sentyabr 2021 06:24
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya kəşfiyyatının əldə etdiyi bəzi məlumatların dövlət elitasını xüsusi təhlükəsizlik qərarları almaq məcburiyyətində qoyduğu iddia olunur; Kremldə seçki ərəfəsində ABŞ və Qərbin "Putinsiz Rusiya" modelinə yönəlik çevriliş planını işə sala biləcəyindən ehtiyat edirlər...

Rusiyanın müasir tarixində növbəti önəmli mərhələ başlayıb. İndi bu superdövlət daha bir gərgin siyasi dövrdən keçmək məcburiyyətindədir. Və bu mərhələnin Rusiya üçün o qədər də asan olmayacağı qətiyyən şübhə doğurmur.

Kreml bu ilin əvvəllərindən başlayaraq, Rusiyanın əsas beynəlxalq rəqibindən - ABŞ-dan açıq məzmunlu təhdidlər almaqdadır. Ağ Evdə Rusiyanı Çinlə birlikdə ABŞ-ın iki əsas beynəlxalq düşməni elan edən hakimiyyət komandası iş başındadır. ABŞ prezidenti Co Bayden Kreml sahibi Vladimir Putini "qatil" adlandırmaqla, bu düşmənçiliyin qətiyyən qısamüddətli olmadığını təsdiqləyib.

Hazırda Rusiya və ABŞ arasında hər hansı ciddi anlaşma ehtimalı o qədər də inandırıcı görünmür. ABŞ-ın patronajlığı altında olan NATO-nun baş katibi Yens Stoltenberqin "Rusiyaya yerini göstərməyin vaxtı çatıb" açıqlamasından sonra qarşıdurmanın dərinləşəcəyi şübhə doğurmurdu. Və Kreml bütün bunların Rusiya üçün daha ağır dövrün başlandığına yönəlik ciddi əlamətlər olduğunu anlamamış deyildi.

Üstəlik, ABŞ-Rusiya qarşıdurmasının bir neçə istiqamət üzrə cərəyan edəcəyi də artıq nəzərə çarpırdı. Belə ki, bir tərəfdən ABŞ və NATO Rusiyaya qarşı Ukrayna ətrafında yaranmış vəziyyət üzərindən təzyiqləri artırırdı. Digər tərəfdən isə Rusiyada ölkədaxili siyasi-ictimai gərginliyin yaradılmasına cəhd göstərilirdi.

Hətta ABŞ və Qərb məşhur rus bloqqer və müxtəlif siyasətçi Aleksey Navalnının Rusiyaya qayıtmasına nail olmaqla, qısamüddətli də olsa, daxili iğtişaşlar törədə bilmişdi. Və Kreml bu iğtişaşları yalnız A.Navalnını həbs edərək, müvəqqəti də olsa, zərərsizləşdirə bildi.

Ancaq Rusiyada ölkədaxili etiraz dalğasının tamamilə boğulduğunu iddia etmək hələlik mümkün deyil. Çünki Rusiyada Kremlin daxili siyasətindən narazı olanların sayı kifayət qədərdir. Və onların sayı durmadan artmaqdadır.

Məsələ ondadır ki, Rusiya prezidenti Vladimir Putinin əleyhdarları Kremli sadə vətəndaşlara zülm etməkdə suçlayırlar. Onların fikrincə, son illərdə aparılan sosial-iqtisadi siyasət Rusiyanın aztəminatlı təbəqələrinin maraqlarına ağır zərbələr vurmaqdadır. Bir qrup Kremlə yaxın şəxslərin sürətlə zənginləşməsinə paralel olaraq, Rusiya əhalisi daha da yoxsullaşır. Və Putin hakimiyyəti bu prosesin qarşısını almaq üçün heç bir addım atmır.

Maraqlıdır ki, Rusiya əhalisi arasında keçirilən ictimai rəy sorğularında prezident Vladimir Putinə olan etimadın ciddi şəkildə sarsıldığı nəzərə çarpır. Rusiya əhalisi artıq Kreml sahibini əvvəlki kimi həvəslə dəstəkləmir. Əksinə, prezident Vladimir Putinin hakimiyyətdən çəkilməsinin vaxtının çoxdan çatdığını düşünənlərin də sayı artır. Və bundan istifadə edən Putin əleyhdarları Kremldən azad seçkilər tələb edirlər.

Ancaq Kremlin əsas daxili problemi yalnız prezident V.Putinin ictimai reytinqinin üzüaşağı yuvarlanması ilə də məhdudlaşmır. İndi Rusiya əhalisi arasında etiraz elektoratının güclənməsi bəzi Kremlə yaxın siyasi dairələrdə inqilabi situasiya narahatlığı da yaradıb. Çünki, son ictimai rəy sorğularında mitinqlərdə iştirak etmək istəyində olanlar çoxluq təşkil etməyə başlayıb. Rəyi soruşulanların 47 faizə yaxını müxalifətin kütləvi etiraz aksiyalarına qatılmağa hazır olduqlarını bildiriblər.

Onu da qeyd edək ki, bütün bunlar məhz növbəti parlament seçkiləri ərəfəsində baş verməkdədir. Belə vəziyyət Kremlin beynəlxalq rəqibləri üçün də olduqca əlverişli manevr imkanları açır. Hər halda, hərbi-siyasi təzyiqlərə müqavimət gücünün hələ yetərli olduğu təsdiqlənən Rusiyanı daxildən zəiflətmək onlar üçün daha sərfəlidir.

ABŞ prezidenti Co Bayden hakimiyyətə gəldikdən sonra artıq bir neçə dəfə Rusiyanı daxili etirazlar sayəsində zəiflədə biləcəklərinə eyham vurub. Ağ Ev sahibi ABŞ-ın "Putinsiz Rusiya" modelinin baş tutması üçün bütün variantları sınaqdan çıxartmağa hazır olduğunu qətiyyən gizlətmir. Və bu variantın bütün dünya üçün daha faydalı ola biləcəyini iddia edir.

Təbii ki, "Putinsiz Rusiya" modelinə nail olmaq üçün atılacaq addımlar məhz növbəti parlament seçkiləri ərəfəsində Ağ Evə daha cəlbedici görünə bilər. Çünki, prezident Vladimir Putinin hakimiyyəti dönəmində ABŞ və Qərbə xüsusi simpatiyası olan Rusiya oliqarxiyası böyük ölçüdə sıradan çıxarılsa da, hər halda, bu problemin birdəfəlik həll edildiyinə əmin olmaq da qətiyyən mümkün deyil. Yəni, Rusiyada Putin hakimiyyətinə qarşı çıxmağa hazır olan siyasi qüvvələr hələ də mövcuddur və onların son illərdə daha da gücləndiyi müşahidə olunur.

Digər tərəfdən, Putin hakimiyyətinin əleyhinə para xərcləməyə həvəs göstərənlər də olmamış deyil. Xüsusilə də, vaxtilə hakimiyyəti V.Putinə ötürmüş keçmiş və mərhum prezident Boris Yeltsinin yaxın ətrafına aid hesab edilən şəxslərdən ibarət zəngin qruplaşma bundan qətiyyən imtina etməz. Bu qruplaşma ABŞ və Qərblə olan münasibətlərini hələ də qoruyub, saxlamaqdadır. Rusiyanın maliyyə-iqtisadi sistemində önəmli paya sahib olan bu qruplaşmanın təmsilçiləri müəyyən mənada, toxunulmaz hesab edilirlər.

Təbii ki, bu qeyri-rəsmi toxunulmazlıq statusu Yeltsin qruplaşmasını Kremlin təzyiqlərindən hələlik qoruya bilir. Putin hakimiyyətindən narazı olan qruplaşmaya aid zəngin şəxslərin Rusiya oliqarxiyasının məlum taleyindən uzaq qalmasının əsas səbəbi də məhz budur. Və hazırda Putin hakimiyyətinə qarşı etiraz dalğasını maliyyələşdirməyə hazır olan bu zümrə Kreml üçün əsas təhlükə mənbəyi kimi dəyərləndirilir.

Onu da qeyd edək ki, seçkilərin keçiriləcəyi vaxt yaxınlaşdıqca Kreml təhlükəsizlik tədbirlərini də gücləndirməyə başlayıb. Bu isə qətiyyən səbəbsiz deyil. Hələ aylar öncə Kremlə yaxın siyasi dairələr ABŞ və Qərbin "Putinsiz Rusiya" planlarından xəbərdar olduqlarını vurğulayırdılar.

Məsələn, politoloq Sergey Markov Rusiyaya qarşı daxili iğtişaşların törədilməsinə məhz payızda, seçki ərəfəsində törədiləcəyini ehtimal etmişdi. O, iddia edirdi ki, ABŞ və Qərb məhz payızda prezident Vladimir Putinin devrilməsinə yönəlik planı işə sala bilər. Və bu, inqilabi proseslərə çevriləcəyi təqdirdə, Rusiya üçün olduqca ağır bir siyasi mərhələyə çevriləcək.

Son günlər Kremlin Rusiya prezidenti Vladimir Putinin təhlükəsizliyinə xüsusi diqqət etməklə, həmin ehtimallara ciddi yanaşdığını sezdirir. Belə ki, prezident V.Putinin özünütəcrid qərarı verdiyi bəyan edilib. Kremldən verilən açıqlamalarda bu qərar daha çox Rusiya prezidenti ilə ünsiyyətdə olan dövlət elitasının təmsilçiləri arasında koronavirusa yoluxma hallarının artmasıyla izah olunur.

2298a66d-2a48-437c-8f02-a3d27b6af4f8.jpg (69 KB)

Ancaq bu qərarın məhz seçki ərəfəsinə təsadüf etməsi də istər-istəməz müəyyən suallar doğurur. Xüsusilə də, pandemiyanın hökm sürdüyü son iki il ərzində Rusiyanın siyasi elitasında virusun yayılma təhlükəsi həmişə mövcud olub. Və bu müddət ərzində Kreml sahibinin ətrafında bu qədər qalın təhlükəsizlik səddi yaratmağa nədənsə, ehtiyac duyulmayıb.

Məsələ ondadır ki, Rusiya mətbuatının məlumatına görə, Kremlin mühafizəsi də əvvəlki dövrlərdən fərqli olaraq, ciddi şəkildə gücləndirilib. Rusiya dövlət sisteminə aid əsas qurumların təhlükəsizliyi üçün əlavə qüvvələr cəlb olunub. Və bütün bunların yalnız Kreml sahibinin virusdan qorunması məqsədilə edildiyinə inanmaq sadəlövhlük olardı.

Məsələ ondadır ki, Kreml ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi prosesinin məhz Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçevin müəmmalı ölümündən sonrakı dövrə təsadüf etməsi də böyük maraq doğurur. Düzdür, rus generalın həlak olması bədbəxt hadisə kimi təqdim olundu.

Ancaq onun ölümü ilə bağlı məlumatların bir neçə dəfə fərqli versiyalarda gündəmə gətirilməsi bu məsələnin üzərində sirr pərdəsinin ola biləcəyindən xəbər verir. Yəni, rus generalın həlak olmasında müəmmalı məqamların mövcudluğu istisna edilmir. Və məhz bu hadisədən sonra Kreml sahibinin seçki ərəfəsində özünütəcrid rejiminə keçməsi istər-istəməz fərqli mülahizələrə də yol açır.

Bəzi iddialara görə, Rusiyanın dövlət elitası bu mərhələdə prezident Vladimir Putini "gizlətmək" qərarı verib. Bu addımın atılmasına isə Rusiya xüsusi xidmət servislərinin əldə etdiyi operativ məlumatların səbəb olduğu vurğulanır. Və Kreml sahibinin təhlükəsizliyi Rusiya dövlətinin gələcək taleyi baxımından, ən əsas hədəf kimi ön plana çıxarılır. Və bütün bunların nə qədər həqiqət olduğu isə yəqin ki, ən yaxın günlərdə aydınlaşmağa başlayacaq. Musavat.com