“Rusu aradan götürmək üçün gərək ermənilərlə barışaq“

“Rusu aradan götürmək üçün gərək ermənilərlə barışaq“

17 Sentyabr 2021 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan mediası işğalçı ölkənin Azərbaycanla sülh müqaviləsi imzalaya biləcəyi barədə məlumat tirajlayıb.

Oxuməni.az xəbər verir ki, həmin məlumatlarda Moskvada sülh müqaviləsi ilə bağlı müzakirələr aparıldığı iddia olunur. Bildiirlir ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada keçirilən “Qərb-2021” hərbi təlimləri çərçivəsində Azərbaycanla sülh müqaviləsinin detallarını müzakirə edib. Müzakirələr zamanı guya, sərhədlərin delimitasiya və demarkasiya prosesinin keçmiş SSRİ xəritəsinə uyğun aparılması razılaşdırılıb. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasının reallaşacağı da bildirilir. Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinə 5 ildən sonra baxılması da müzakirə olunan detallar sırasında sadalanır. İddia olunur ki, sülh müqaviləsi ilə bağlı bəzi məsələlər, o cümlədən Qarabağ ermənilərinin “statusu”na dair suallar hələ ki açıq qalır. İddiaların nə dərəcədə həqiqət olduğu bəlli deyil.

Məsələ bağlı “Yeni Sabah”-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirib ki, əsas mahiyyət Azərbaycan və erməni xalqlarının barışmasından keçir:

“Əgər biz barışsaq, Qarabağın erməni əhalisinə qarşı təhlükə sovuşur və rus sülhmramlılarının orada qalmasına ehtiyac qalmır. Beləliklə də rus çıxıb gedəcək. Əgər düşmənçilik, etimadsızlıq qalsa, hər iki ölkənin mətbuatı bir-birilərini söysə, təhqir etsə, onda ruslar Qarabağda qalacaq və münaqişə öz həllini tapmayacaq.”

“Kənar qüvvələr bölgəyə o zaman gəlir ki, hansısa bir tərəfin təhlükəsizliyini təmin etmək məqsədilə gərək o bölgədə olsunlar. Əgər o təhlükəsizliyə heç bir xətər yoxdursa, tərəflər barışıbsa, beynəlxalq hüquq və daxili qanunlar işləyirsə, onda rus sülhməramlıları niyə qalsın? Onlar qalmaq istəyirsə, hər iki ölkədəki fitri axmaqlar və ya xəbis casuslar vasitəsiylə Azərbaycanda ermənilərə, Ermənistanda da azərbaycanlılara qarşı düşmənçiliyi təbliğ edəcəklər və normal olaraq düşmənçilik qalacaq, belə olan halda da rus bu bölgədə daim olacaq. Ruslar da istəmir bu düşmənçilik aradan qalxsın. Hər iki ölkə rəsmilərinə qadağa qoyur ki, barışmayın.” – deyə Z. Əlizadə bildirib.

Zərdüşt Əlizadə qeyd edib ki, bir il olacaq savaş qurtarıb, amma hələ də sülh danışıqları getmir. Hər zaman bu görüşlərdə bir nəfər rus oturur: "Lavrov hər görüşdə özünü göstərir. Getsin Ceyhun Bayramov Ararat Mirzoyanla, Zakir Həsənov Arşak Karapetyanla, Nikol Paşinyan da İlham Əliyevlə təkbətək görüşsünlər, danışsınlar. İnanıram ki, onda bir çox məsələlər öz həllini tapacaq. Amma təəssüf ki, bu ruslar qəmişlərini çəkmirlər bizdən. Rusu aradan götürmək üçün də biz gərək barışaq. Bütün Avropa yüz illər, min illər boyu bir-birini qırıblar. İndi barışıb, adam balası kimi oturub yaşayırlar. Biz niyə bunu etməyək? Əgər real suverenlik və müstəqillik və həmçinin də Rusiyanın diktəsindən xilas olmaq istəyiriksə, yeganə yol barışdan keçir. Mən illərdir xalqımıza bunu bildirməyə çalışıram, amma kimsə məni anlamır. Ermənilərə də bunu demişəm ki, adam olun, gəlin barışaq.”