Ermənilərin təxribatı baş tutmadı: Zaxarova Bakını ittihamdan çəkindi

Ermənilərin təxribatı baş tutmadı: Zaxarova Bakını ittihamdan çəkindi

17 Sentyabr 2021 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

“Kremlin siyasəti bundan ibarətdir ki, Emənistan strateji müttəfiq olsa da, Azərbaycan da tərəfdaşdır və Azərbaycanı qıcıqlandırmaq olmaz”.

Oxuməni.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Azərbaycanla bağlı verdiyi açıqlamalara diqqət çəkib:

“Mariya Zaxarova ənənəvi brifinqində erməni jurnalistlərinin iki sualına cavab verib. Erməni jurnalistlər onlayn formatda verdikləri suallarda həmişəki kimi Zaxarovadan Azərbaycan əleyhinə cavab qoparmağa çalışıblar. “Rusiyanın Azərbaycanın Gorus-Qafan yolunu bağlamasına münasibəti necədir” sualına Zaxarova diplomatik cavab verərək, Azərbaycanı ittiham etməkdən çəkinərək sadəcə deyib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsini istəyir və bu məsələdə vasitəçi olmağa hazırdır. Daha sonra yayılan məlumata görə, həqiqətən Moskva sərhədin delimitiasiyası və demarkasiyası məqsədilə təkliflərini Bakıya və İrəvana göndərib.

Erməni jurnalistin digər “Rusiyanın Azərbaycanın Türkiyə ilə birgə Laçında təxribatçı təlimlərinə münasibəti necədir” sualına Mariya Zaxarovanın cavabı isə belə olub ki, Rusiya haqqında danışılan təlimlə bağlı mövqeyini Bakının diqqətinə çatdırıb. Yəni Zaxarova dolayısıyla demək istəyib ki, Rusiya Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən narahat olub. Buna baxmayaraq, Zaxarova erməni mediasının manipulyasiya imkanlarını nəzərə alaraq cavabına bu cümləni də əlavə edib: “Azərbaycanlı həmkarlarımızla daima təmasdayıq, ona görə əlavə şərhə ehtiyac duymuram”.

Ermənilər istəyərdi ki, Mariya Zaxarova hər iki suala “Gorus-Qafan yolunun bağlanması doğru deyil, Azərbaycan yolu açmalıdır” və “Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri sülhə və sabitliyə zərbədir” şəklində cavab verərdi. Zaxarova ara-sıra ağzından Azərbaycan əleyhinə söz qaçırır. Ancaq Zaxarova Kremlin siyasətindən kənara çıxara bilməz. Bu siyasət isə bundan ibarətdir ki, Emənistan strateji müttəfiq olsa da, Azərbaycan da tərəfdaşdır və Azərbaycanı qıcıqlandırmaq olmaz. Halbuki Rusiya hərbçilərinin Qarabağdakı hərəkətləri bizdə qıcıq oyadır, Laçınımızda “pilotsuz uçuş aparatlarına qarşı hərbi təlimləri” münasibətlərə zərbə vurur. Odur ki, Mazriya Zaxarova da bilməmiş deyil ki, Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Rusiya hərbçilərinin təxribatına cavabdır”.