Ərdoğan Putinlə görüşə gedir: Qarabağ da masada olacaq

Ərdoğan Putinlə görüşə gedir: Qarabağ da masada olacaq

18 Sentyabr 2021 11:22
Bəyəndim (0) Bəyənmədim (1)

Rəcəb Tayyib Ərdoğan 19-22 sentyabr tarixlərində BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edəcək. Bu səfərdən dərhal sonra cənab Ərdoğanın Rusiyaya rəsmi səfəri olacaq. Soçidə Ərdoğanla Putin arasında keçiriləcək görüşdə Türkiyə-Rusiya münasibətləri baxımından çox önəmli olan İdlib və Qarabağ məsələlərinin müzakirəsi gözlənilir.

Oxuməni.az xəbər verir ki, bu sözləri Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin beynəlxalq münasibətlər üzrə mütəxəssisi Doğacan Başaran deyib.

Ekspert bir neçə gün öncə Bəşər Əsədin Moskvadakı görüşləri zamanı verilən mesajların Türkiyədə narahatlıq yaratdığını bildirib:

“Bir neçə gün öncə Bəşər Əsədin Moskvada Putinlə görüşündə İdlibdə yeni böyük hərbi əməliyyatın keçirilə biləcəyi mesajı verildi. Bu nöqteyi-nəzərdən Türkiyə-Rusiya münasibətlərinin gərginləşəcəyi gözlənilir. Çünki Rusiyanın dəstəyindən cəsarətlənən Əsəd rejiminin İdlibdə hücumlarını artırdığı müşahidə olunur. Astana formatının əsas məqsədini və qarant dövlətlərin Suriyanın ərazi bütövlüyü məsələsinə həssas yanaşmalarını nəzərə alsaq, o zaman ortaya sual çıxır: Moskva və Dəməşq İdlibə, yoxsa Fəratın şərqinə daha çox diqqət ayırmalıdır? Sözügedən məsələdə rəsmi Moskvanın atacağı addımlar onun dediklərində nə qədər səmimi olduğunu göstərəcək”.

Doğacan Başaran iki ölkə liderinin Qarabağda baş verən son hadisələri və Zəngəzur dəhlizinin açılması məsələsinin də müzakirə ediləcəyini vurğulayıb:

“Son zamanlar Ermənistan hökumətində Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsində müsbət impulslar görünür. Lakin digər tərəfdən Ermənistan Azərbaycan sərhədində və Qarabağda təxribatlar törətməkdən əl çəkmir. Eyni zamanda Zəngəzur dəhlizinin açılması məsələsi hələ də öz həllini tapmayıb. 10 noyabr bəyannaməsinin qarantı kimi Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. 10 dekabr 2020-ci ildə Bakıda Azərbaycan və Türkiyə prezidentlərinin iştirak etdiyi Qələbə paradında, eyni zamanda 15 iyunda Şuşa Bəyannaməsinin imzalanması mərasimində hər iki liderin verdiyi mesajlar bütün dünyaya həm Türkiyə və Azərbaycanın birliyini, həm də bölgəyə və dünyaya əməkdaşlıqla bağlı verdikləri mesajları özündə birləşdirib. Ankara və Bakının Ermənistandan tələbi bölgədə sülhün və sabitliyinin bərqərar edilməsi, əlverişli əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində addımların atılmasıdır. Bölgədə qurulacaq yeni nəqliyyat və kommunikasiya xətləri bütün dövlətlərə fayda verəcək. Bu baxımdan Ərdoğan-Putin görüşündə “Altılıq” platforması təklifi və bunun reallaşdırılması yolları müzakirə ediləcək”.