Dumaya seçkilərdə Putinin partiyası qalib gəlib

Dumaya seçkilərdə Putinin partiyası qalib gəlib

20 Sentyabr 2021 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada 8-ci çağırış parlament seçkilərinin ilkin nəticələri məlum olub.

Oxuməni.az Rusiya mətbuatına istinadla xəbər verir ki, gözlənildiyi kimi, Vladimir Putinin Vahid Rusiya Partiyası yenə liderdir. Səslərin 90 faizi sayıldıqdan sonra elan edilən nəticələrə görə, hakim Vahid Rusiya Partiyası 49.65 faiz səslə birinci yerdədir. İkinci yerdə 19.5 faiz səslə Kommunist Partiyası qərarlaşıb. Qalmaqallı Vladimir Jirinovskinin partiyası isə (RLDP) ötən seçkiylə müqayisədə xeyli geriləyərək, cəmi 7.5 faiz səs toplaya bilib. Hansı ki, 2016-cı ildə bu partiyanın adına 13.1 faiz səs yazılmışdı və ilk dəfə RLDP demək olar ki, Kommunist Partiyası (13.3 faiz) ilə eyni səs toplamışdı. Bu dəfə isə sözügedən partiyalar arasında 12 faizə yaxın fərq var.

4-cü yerdə Ədalətli Rusiya - Həqiqət Uğrunda Partiyası qərarlaşıb. Ötən seçkidə də parlamentə düşən bu partiya 7.4 faiz səs toplayıb və demək olar ki, RLDP ilə eyni nəticəni göstərib. Nəhayət, parlamentə düşəcək 5-ci partiyanın “Yeni insanlar” Partiyası olacağı gözlənilir. Adı kimi özü də yeni olan bu partiya hələlik 5.4 faiz səs toplayıb.

Beləliklə, nəticə etibarilə Rusiyanın hakim partiyasının 450 nəfərlik Dumada 315 mandat qazanacağı gözlənilir. Bu, ötən dəfəki seçkilə müqayisədə 28 yer az olsa da, “Vahid Rusiya” Partiyası yenə konstitusiya çoxluğunu təmin edə bilib. Bununla yanaşı, nəticələr parlamentdə kommunistlərin sayının artması, Jirinovskinin partiyasının isə kiçilməsini deməyə əsas verir.

Onu da qeyd edək ki, Rusiyada Duma ilə yanaşı yerli idarəetmə orqanlarına da seçkilər keçirilir. İlkin nəticələrə görə, bütün federal dairələrdə həmin vilayətlərin hazırkı rəhbərləri liderlik edir. Xatırladaq ki, beynəlxalq müşahidəçilər və müstəqil ekspertlər Rusiyada bu seçkilərin də böyük pozuntular və saxtakarlıqlarla müşayiət olunduğunu bildirirlər.