Ölümü göz altına alan 4 əfsanəvi liderin əbədi qardaşlığı - Onlar Ağ Evə və Kremlə boyun əymədilər

Ölümü göz altına alan 4 əfsanəvi liderin əbədi qardaşlığı - Onlar Ağ Evə və Kremlə boyun əymədilər

14 Oktyabr 2021 06:21
Bəyəndim (0) Bəyənmədim (0)

Düz iki il bundan öncə – 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına (ing.Non-Aligned Movement) üzv dövlət və hökumət başçılarının XVIII sammiti keçirilirdi.

Sammitin ikinci gününün sonuna yaxın moderatorluğu Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2014-2020), həmçinin, Afrika İttifaqı yanında nümayəndəsi, hazırda isə Azərbaycanın UNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev edirdi. Elman Abdullayev çıxış üçün növbəti sözü sammitə xüsusi qonaq qismində dəvət olunmuş keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının sonuncu xarici işlər naziri (1987-1991), milliyyətcə xorvat olan Budimir Lonçara verdi.

Budimir Lonçar sammitdə iştirakı çərçivəsində Azərbaycan Televiziyası və AZƏRTAC-a müsahibə verir. 25 oktyabr 2019-cu il, Bakı Konqres Mərkəzi

Onun çıxışı Qoşulmama Hərəkatının müasir dövrün çağırışlarına adekvat cavab verməsinin vacibliyinin vurğulanması ilə nostalji notların sintezindən ibarət idi. Yaşı bir əsri haqlamış (B.Lonçar 1924-cü ildə doğulub) xüsusi qonaq Qoşulmama Hərəkatının yaranma zərurətindən söz açdı. Dedi ki, İkinci Dünya müharibəsinin başa çatmasından dərhal sonra start götürən “soyuq müharibə” dünyada bipolyarlıq (ikiqütblülük) yaratdı. Dünya ölkələrinin böyük qismi ABŞ-ın, digər böyük qismi isə SSRİ-nin nüfuz dairəsinə keçdi. 1949-cu ildə NATO, 1955-ci ildə Varşava Müqaviləsi Təşkilatı, həmçinin, SENTO (Mərkəzi Müqavilə Təşkilatı – ingiliscə The Central Treaty Organization – CENTO), SEATO (Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı), ANZUS (Avstraliya, Yeni Zelandiya, Birləşmiş Ştatlar sözlərinin ingiliscə yazılışının baş hərfləri – bu ölkələrin daxil olduğu hərbi-siyasi blok) kimi hərbi-siyasi təşkilatlar yaradılır.

SEATO-ya üzv ölkələrin liderləri. Soldan sağa: Cənubi Vyetnamın Baş naziri Nquen Kao Ki, Avstraliyanın Baş naziri Harold Holt, Koreya Prezidenti Pak Çon Xi, Filippin Prezidenti Ferdinand Markos, Yeni Zelandiyanın Baş naziri Kit Xoliok, Cənubi Vyetnam Prezidenti Nquen Van Txieu, Tailandın Baş naziri Tanom Kittikaçon və ABŞ Prezidenti Lindon Conson Filippin Konqresinin binası önündə. Manila, 24 oktyabr 1966-cı il

Budimir Lonçar bildirdi ki, bloklara qoşulmaq, heç bir güc mərkəzindən asılı olmaq istəməyən dövlətlər isə davamlı olaraq hər iki tərəfin ciddi təsir və təzyiqlərinə məruz qalır, onlar bir növ məngənədə sıxılırdılar: “Bilirsiniz ki, mənim ölkəm 1945-ci ildə yaranan sosialist ölkəsi idi. Ancaq Sovet ittifaqının rəhbəri İosif Stalinə tabe olmaqdan imtina edirdi. Çünki Stalin bizim müstəqilliyimizi əlimizdən almaq, Yuqoslaviyanı, Bolqarıstanı və Rumıniyanı Balkan federativ respublikası adlanan vahid dövlətdə birləşdirmək istəyirdi. SSRİ-nin bu siyasəti təəssüf ki, Stalinin 1953-cü ildə ölümündən sonra da dəyişmədi. Düzdür, Kremlin yeni rəhbərliyi Balkan federasiyası ideyasından imtina etdi. 1955-ci ildə Stalinin xələfi Nikita Xruşşovun Belqrada səfəri baş tutdu və bu səfərlə sovet-yuqoslav əlaqələri bərpa olundu. Buna baxmayaraq SSRİ-nin siyasi və ideoloji təzyiqləri davam edirdi. Marşal İosip Broz Titonun rəhbərlik etdiyi Yuqoslaviya isə bu təzyiqlərə müqavimət göstərməkdə israrlı idi. Biz SSRİ-nin aparıcı rol oynadığı və Avropanın sosialist dövlətlərinin qoşulduğu hərbi ittifaqa (Varşava Müqaviləsi Təşkilatı nəzərədə tutulur-S.Həmid) nəinki heç vaxt qoşulmadıq, üstəlik təşkilatın 1968-ci ilin avqustunda Çexoslovakiyaya hərbi müdaxiləsini pislədik, Qarşılıqlı İqtisadi Yardım Şurasına isə yalnız 1964-cü ildə assosiativ üzv olduq”.

Budimir Lonçar çıxşına bu sözlərlə davam etdi:

“Biz məxsusi sosialist cəmiyyəti modelini irəli sürdük. Titoizm cərəyanının əsas prinsipi bundan ibarət idi ki, hər bir dövlətdə kommunizmə çatma vasitələri xarici qüvvələr (indiki halda SSRİ nəzərdə tutulur – S.Həmid) tərəfindən deyil, dövlətin özü tərəfindən müəyyənləşdirilməlidir. Bizim yürütdüyümüz siyasət özünü doğrultdu. Titonun hakimiyyətinin bütün dövrlərində (Broz Tito 1945-ci ildən vəfat etdiyi 1980-ci ilədək Yuqoslaviyanın lideri olub-S.Həmid) Yuqoslaviyada həyat səviyyəsi və iqtisadi inkişaf göstəriciləri əksər Avropa ölkələrinin göstəricilərini əhəmiyyətli dərəcədə aşdı və sosialist düşərgəsi ölkələri arasında ən yüksək oldu. Mərkəzi və Şərqi Avropanın digər sosialist ölkələri isə de-fakto SSRİ-nin satellitləri (peykləri) olaraq qaldılar. Bu bir faktdır ki, onların müstəqilliyi formal müstəqillik idi”.

Varşava Paktının rəhbər orqanı olan Siyasi Məşvərət Komitəsinin iclası öncəsi. Soldan sağa: Çexoslovakiya Prezidenti Qustav Qusak, Bolqarıstan KP MK-nın baş katibi Todor Jivkov, Almaniya Demokratik Respublikasnın birinci şəxsi Erix Xonekker, Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçov, Rumıniya Prezidenti Nikolae Çauşesku, Polşa Prezidenti Voytsex Yaruzelski və Macarıstanın birinci şəxsi Yanoş Kadar. Berlin, 29 may 1987-ci il. Mənbə - Bundesarxiv

B.Lonçar daha sonra dedi ki, belə bir məqamda – 1955-ci ilin 18-24 aprelində İndoneziyanın Bandunq şəhərində Asiya və Afrikanın 28 ölkəsinin dövlət başçısının konfransı keçirilir. Konfransın sonunda ərazi bütövlüyünə hörmət, bütün xalqların və irqlərin bərabərliyini tanımaq, digər ölkələrə müdaxilədən və daxili işlərə qarışmaqdan imtina da daxil olmaqla dinc yanaşı yaşamağın 10 prinsipini əhatə edən Bandunq Bəyannaməsi qəbul edilir. Yeri gəlmişkən, 2020-ci il dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında videoformatda çıxış edən Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bildirdi ki, biz bu il həm BMT-nin yaranmasının 75 illiyini, həm də beynəlxalq əməkdaşlığın təşviqini özündə ehtiva edən Bandunq Bəyannaməsinin qəbul olunmasının 65 illiyini qeyd edirik.

Əlcəzair, Tunis və Mərakeşdən olan nümayəndələr Bandunq Konfransında. 23 aprel 1955-ci il. Foto: AFP/East News

Bandunq konfransında iştirak edən XX əsrin ən görkəmli siyasi xadimləri – Misir Prezidenti Camal Əbdül Nasir, Hindistanın Baş naziri Cəvahirləl Nehru, İndoneziya Prezidenti Sukarno, müstəqil Qana Respublikasının ilk Prezidenti Kvame Nkruma Qoşulmama Hərəkatının yaradılması ideyası ilə çıxış edirlər. “Köhnə dünya”dan – Avropa qitəsindən isə Asiya və Afrika xalqlarının səsinə yalnız Yuqoslaviya səs verir. 1956-cı ildə Nasir, Nehru və Titonun üçtərəfli məsləhətləşmələri keçirilir. Üç lider görüşün sonunda dünyanın iki bloka bölünməsini pisləyən ortaq bəyanatla çıxış edir. Afro-asiya ölkələrini hərbi-siyasi bloklara qoşulmaqdan imtina əsasında sıx birləşdirmək üçün Tito 1958-ci ildə “Qaleb” gəmisində “sülh yolu”na çıxır. Onun yolu İndoneziya, Birma, Hindistan, Seylon, Efiopiya, Sudan və Birləşmiş Ərəb Respublikasından (1958-1971-ci illərdə mövcud olan Misir və Suriyadan ibarət ittifaq respublikası) keçir.

İosip Broz Tito İndoneziya Prezidenti Sukarno ilə. 1960-cı il

Budimir Lonçar: “Mən həmin illərdə Amerikada işləyirdim. Yuqoslaviyanın BMT yanında daimi nümayəndəliyində müşavir idim. Bizim işimizə olmazın maneələr törədilirdi, dövlətlərə yeni yaranacaq təşkilata (Qoşulmama Hərəkatına) qoşulmamaqla bağlı təzyiqlər edilirdi. Çünki bu təşkilatın yaranması onların maraqlarına cavab vermirdi. Ancaq biz bu təzyiqlərin böyük əksəriyyətini neytrallaşdıra bildik. Gərgin səylərimiz bəhrəsini verdi və 1961-ci il sentyabrın 1-6-da Belqradda keçirilən 25 dövlət başçısının ilk sammitində Qoşulmama Hərəkatının institusional əsası qoyuldu”.

Soldan sağa: Camal Əbdül Nasir, Efiopiya imperatoru Xayle Selassie və İosip Broz Tito Qoşulmama Hərəkatının konfransının açılışından sonra. Belqrad, 1 sentyabr 1961-ci il. Foto: AP

Qeyd etdiyimiz kimi Budimir Lonçarın çıxışı sammitin ikinci gününün sonuna təsadüf edirdi. İki gündür çıxışları dinləyən iştirakçılar istər-istəməz yorulmuşdular. Ancaq diplomat çıxış edəndə sanki zalda bir canlanma əmələ gəldi. İştirakçılar B.Lonçarın tarixi söhbətlərinə böyük maraqla qulaq asmağa başlamışdılar. Mən özüm də keçmiş Yuqovlaviyanın baş diplomatının çıxışını heyranlıqla dinləyirdim. Siyasi olimpin zirvəsində təxminən 60-65 il bundan əvvəl olan Camal Əbdül Nasir, Cəvahirləl Nehru, Kvame Nkruma, İosip Broz Tito kimi tarixi şəxsiyyətlərlə ünsiyyətdə olmuş, onlarla söhbətlər etmiş bir diplomatın xatirələrini dinlədikcə xəyalım məni o illərə aparırdı.

Burada bir haşiyə çıxaq. Bəlkə də bura qədər yazılanlarla bizim nə demək istədiyimiz dəyərli oxuculardan kimlərəsə anlaşılmaz mətn təsiri bağışlaya bilər. Dərindən yanaşıldıqda isə bu yazılanlar əsasında hazırda Azərbaycan Prezidenti İlham Əliyevin sədrlik etdiyi Qoşulmama Hərəkatının mahiyyətini dərk etmək, onun beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu görmək mümkündür. Çünki Qoşulmama Hərəkatının yaranmasından cəmi 60 il keçir. Tarix üçün 60 ilin nə demək olduğunu isə zənnimcə, əlavə şərh etməyə ehtiyac yoxdur. Təsadüfi deyil ki, M.A.Bulqakov ona dünya şöhrəti gətirən “Master və Marqarita” romanında Volandın (İblisin) dili ilə deyir: “İcazənizlə soruşum, insan necə idarə edə bilər ki, gülməli dərəcədə qısa bir müddət üçün, deyək, min il üçün plan qurmaq imkanına malik olmadığı bir yana, hətta öz sabahkı gününə belə cavabdeh deyil?”

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII sammitinin iştirakçıları. 25 oktyabr 2019-cu il. Bakı Konqres Mərkəzi

Beləliklə, biz deyə bilərik ki, Qoşulmama Hərəkatının yarandığı 1961-ci ildən indiyədək çox şeylər dəyişsə də böyük dövlətlərin maraqları və mahiyyəti dəyişməyib. Eyni zamanda bura qədər yazılanlar Azərbaycanın necə mötəbər və müstəqil təşkilata rəhbərlik etməsinin göstəricisi sayıla bilər. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

Bu məqamda diqqəti Azərbaycanın Qoşulmama Hərəkatının sonuncu üzvü olmasına yönəltmək istərdik. Ölkəmiz 2011-ci ildə üzv dövlətlərin yekdil dəstəyini əldə edərək hərəkata tamhüquqlu üzv qəbul olunub, ancaq qısa müddət ərzində özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb. Belə ki, 2016-cı ilin sentyabrında hərəkata üzv ölkələrin dövlət başçılarının Venesuelanın Marqarita adasında keçirilən XVII zirvə görüşündə növbəti sammitin Bakıda keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunub.

Venesuela Prezidenti Nikolas Maduro Qoşulmama Hərəkatına sədrliyi Azərbaycana təhvil verir. Rəmzi çəkic Prezident İlham Əliyevə təqdim olunur. 25 oktyabr 2019-cu il

Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə ölkəmizin daha yaxından cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaradıb.

Onu da qeyd edək ki, Azərbaycan təşkilatın sədri kimi Qoşulmama Hərəkatı üzvlərinin maraqlarını inamla müdafiə etməkdədir. Öz növbəsində üzvlər də Azərbaycanın dəstəyini qiymətləndirməyi bacarırlar. Biz bunun bariz nümunəsini birinci ildönümü günlərini yaşadığımız 44 günlük Vətən Müharibəsinin gedişi zamanı gördük. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının qapalı iclasında qəbul ediləcək yeni qətnamədə şuranın əvvəlki 4 qətnaməsinə istinad etmək istəməyiblər. Şuranın qeyri-daimi üzvü olan Qoşulmama Hərəkatına üzv 7 ölkə – İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika Respublikası, Dominikan, Sent-Vinsent və Qrenadin layihəyə əvvəlki qətnamələrə istinadın daxil edilməsini təklif edib. Lakin həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bildiriblər. Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, Qoşulmama Hərəkatı ölkələri prinsipial mövqe nümayiş etdirərək Təhlükəsizlik Şurasının qətnamələrinə istinadın yer almasına təkid ediblər. Bundan sonra həmsədr ölkələr qətnamə layihəsini geri çəkiblər. Beləliklə, əminliklə demək olar ki, Qoşulmama Hərəkatı-Azərbaycan münasibətləri indiyədək üzləşdiyi ən çətin və tarixi sınaqdan da alnıaçıq, üzüağ və şərəflə çıxıb.Teleqraf.com