Tehran və İrəvandan xain anlaşma: Təxribatların yeni mərhələsi başlayır

Tehran və İrəvandan xain anlaşma: Təxribatların yeni mərhələsi başlayır

14 Oktyabr 2021 06:39
Bəyəndim (0) Bəyənmədim (0)

“Son günlər Ermənistanın qərbyönümlü, xüsusilə də müəyyən zaman kəsiyində Soros Fondundan dəstək alan, hazırda isə ABŞ-dan maliyyələşdirildiyi ehtimal olunan mediasında iki aparıcı xətt nəzərə çarpır. Bunlardan biri Rusiya əleyhinə əhval-ruhiyyənin körüklənməsi, digəri isə İran, Birləşmiş Ştatlar və Fransının “xilaskar mələk” obrazında təqdim olunmasıdır. Əslində “xoruzun”, yaxud “şirin quyruğu” da özünü bu məqamda büruzə verir”.

Oxuməni.az xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspertin fkrincə, görünür, Rusiyanın bölgədə fəallaşmasından və Ankara-Moskva, Bakı-Moskva münasibətlərindən aşırı narahatlıq keçirən ATƏT-in bədnam Minsk qrupunun iki həmsədr ölkəsi “üçüncü həmsədr” rolunu din və məzhəb pərdəsi arxasında gizlətdikləri ənənəvi müttəfiqlərinə həvalə ediblər:

“Bu arada Amerika Erməniləri Milli Komitəsinin İranlı emissarlarla sıx əlaqədə olmaları barədə məlumatlar, həmçinin hər iki tərəfin Türkiyə və İsrail əleyhinə ortaq tezislərlə çıxış etməsi prosesin əlaqələndirilmiş şəkildə həyata keçirildiyi, vahid mərkəzdən idarə olunduğu təəssüratını yaradır.

Beləliklə, Ermənistanın Qərb-İran yönümlü mediasını narahat edən məqamlara diqqət çəkək:

“Lragir” qəzetinin saytında yayımlanan “Katalikos erməni kilsələrinin qəsbkarlarına ümid bəsləyir: belə daha asandır” başlıqlı yazıda Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin Moskvada keçirilən görüşünə diqqət çəkilir. Qeyd olunur ki, Qarabağdakı “erməni kilsələri”nin “albanlaşdırılması” Rus Provoslav Kilsəsinin xeyir-duası ilə həyata keçirilir və tezliklə bütün bu kilsələr Rus Provoslav Kilsəsinin idarəçiliyinə veriləcək.

Qəzet yazır: “Başa düşmək lazımdır ki, XIII əsrdən başlayaraq, ruslar və türklər sivilizasiya baxımından eyni millətdirlər, Rus Pravoslav Kilsəsi isə bu qardaşlığın silahıdır”.

Ermənistan mətbuatında yayımlanan, daha öncə haqqında söz açdığım və İranın ermənilərin ən yaxın dostu kimi təqdim olunmasına xidmət edən yazılardan birində İranın baş prokuroru Məhəmməd Cəfər Müntəzirinin Ermənistana 3 günlük səfərindən danışılır və bu səfərin hər iki ölkənin Azərbaycana qarşı apardıqları informasiya savaşında vahid mövqedən çıxış etdikləri dolayısıyla diqqətə çatdırılır”.

Elçin Mirzəbəyli qeyd edib ki, Ermənistan mediası Müntəzirinin səfərinin İranın xarici işlər nazirliyinin təmsilçisi Said Xətibzadənin öz ölkəsinin milli radiosuna verdiyi müsahibəsi ilə bağlı olduğunu yazır:

“Xatırladaq ki, Said Xətibzadə müsahibəsində İranın Azərbaycan ərazilərində “terror qruplarının movcudluğu barədə” sənədlərə və səs yazılarına malik olduğunu bildirmişdi. Təbii ki, Ermənistanın baş prokurorunun İranlı həmkarını İrəvana dəvət etməsi faktı da sübuta yetirir ki, Said Xətibzadənin İran milli radiosuna müsahibəsi Müntəzirinin İrəvana səfəri üçün bəhanə funksiyası daşıyıb. Bu baxımdan, yaxın günlərdə İran, Ermənistan, Amerika Ermənilərinin Milli Komitəsi, eləcə də ermənilərin Senat və Konqresdəki tör-töküntüləri tərəfindən hansısa mifik, yaxud mistik “terrorçular” barədə iddiaların daha qabarıq şəkildə gündəmə gətiriləcəyi gözləniləndir.

Təxribatların yeni mərhələsinə hazır olmalıyıq və bu arada Azərbaycandan İrana uzun illərdən bəri valyuta daşıyan şəbəkənin, eyni zamanda İran Milli Bankının Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə daha diqqətlə nəzər salınmasının vacib olduğunu düşünürəm. İranın Azərbaycandakı biznes şəbəkəsinin fəaliyyəti də həmçinin, nəzarətdə saxlanılmalıdır.

Eyni zamanda İrana “narkomaniyadan müalicə” adı altında gedən, yaxud göndərilən şəxslərin fəaliyyəti də ciddi şəkildə araşdırılmalıdır. Çünki belələrinin uzunmüddətli “müalicədən” sonra rus və ingilis dillərinə yiyələnmələri, İran rejiminin tarixə və siyasi proseslərə baxış bucağı müstəvisindən ciddi hazırlığa malik olmaları olduqca diqqət çəkən məqamlardır. İran rejiminin trolları arasında belələrinin sayının az olmadığı qənaətindəyəm”.