"İran Azərbaycanla heç məhdud toqquşmaya da cəsarət etməz..."

"İran Azərbaycanla heç məhdud toqquşmaya da cəsarət etməz..."

15 Oktyabr 2021 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Tehranın fikrincə, onun ordusunun İslam Inqilabının Keşikçiləri Korpusunun (İİKK) motoatıcı bölmələrinin, HHQ-nin və hava hücumundan müdafiə qüvvələrinin iştirakı ilə keçirilən növbəti hərbi təlimləri “islam inqilabının düşmənləri”ni başa salmalıdır ki, İranın silahlı qüvvələri güclüdür və hava hücumlarından etibarlı müdafiə olunub.

Azərbaycana ünvanlanan eyham bakirənin göz yaşları kimi şəffafdır: "Biz sizin üçün Qarabağdan qovduğunuz ermənilər deyilik! Və sizin tərifli dronlarınızdan, artilleriyanızdan çəkinmirik!.."

"Sepahnews" agentliyi xəbər verir ki, təlimlərə raket sistemləri, radiolokasiya kompleksləri, radioelektron mübarizə vasitələri, idarəetmə və nəzarət Mərkəzləri, elektron optika və hətta süni intellektlə idarə olunan hədəf sistemləri cəlb olunmuşdu.

Tehrandakı rəsmi mənbələr təkrarlamaqdan yorulmur ki, Azərbaycanla sərhəddə yerləşdirilən silah və texnika sırf İran istehsalıdır. Görünür, “İran strateqləri”nin fikrincə, bu fakt Azərbaycanın siyasi və hərbi rəhbərliyində dərin şok vəziyyəti yaratmalıymış.

Yeri gəlmişkən, İran hərbçiləri və onların “eksklüziv” hərbi texnikası nəyi olmasa da, şoka salmağı bacarır. Özü də necə! Məsələn, 2020-ci ilin yanvarında Keşikçilər Korpusunun hava hücumundan müdafiə sisteminin radarları Tehrandan sərhədə doğru uçan “Boinq-737” sərnişin təyyarəsini İran paytaxtı üçün təhlükə yaradan pilotsuz uçuş aparatı (PUA) ilə səhv salır. Məlumdur ki, təyyarə ilə PUA-nın radarda əks olunan siqnallarının sahəsi arasındakı fərq təxminən fil ilə küçük arasındakı fərq qədərdir. Ancaq Keşikçilər Korpusunun operatorlarına düşünmək qadağandır: komandir deyirsə ki, bu drondur, deməli, elədir ki var. Nəticədə "Boinq" vurulur, 176 sərnişin və ekipaj üzvləri həlak olur.

İran Azərbaycan sərhədləri yaxınlığına özünün köhnəlmiş raket sistemlərini çıxarmışdı...

Elə həmin ilin mayında İranın Hərbi dəniz qüvvələrinin (HDQ) eskadra mina gəmisinin radarı Oman körfəzində özlərinin Kanarak hərbi gəmisini düşmən hədəf hesab edir və hədəfə doğru gəmi əleyhinə qanadlı raketlər göndərilir. Gəmi batır, 20 İran dənizçisi həlak olur.

Yenə həmin ayda İranın AH-1 Super Cobra helikopteri öz mövqelərini atəşə tutur, raketlə içərisində hərbçilərin olduğu yük maşını partladılır, üç hərbi qulluqçu həlak olur.

Ümumiyyətlə, Keşikçilər Korpusunun hərbçilərinin döyüş hazırlığı və texniki bacarığının tarixinin dərin kökləri var. Hələ 1987-ci ildə, İran-İraq müharibəsinin gedişatında İnqilab Keşikçiləri Korpusunun topçuları zenit atəşi ilə özlərinin F-5B qırıcısını vurmuşdular. Həmin təyyarənin pilotu isə İran HHQ-nin komandan müavini, briqada generalı Abbas Babai idi.

İran hava hücumundan müdafiə qüvvələrinin operatorları tez-tez səhv edir, məsələn, Ukrayna təyyarəsini vurur...

Ancaq təlimlərə qayıdaq. Son vaxtlarda bir neçə hərbi təlim olub, hamısı da bu və ya digər dərəcədə İran-Azərbaycan münasibətlərində yaranan gərginləşmə ilə əlaqələndirilib. İran KİV-ləri Azərbaycan və Ermənistanla sərhəddəki rayonların inspeksiyasından sonra “əcnəbilərin, xüsusən də sionist rejiminin nümayəndələrinin bölgədə mövcudluğundan əlçatmaz illüziyalara qapılan bəzi qonşu ölkələri amansız zərbələr”lə təhdid edən Hüseyn Nuşabadidən (parlamentin Milli təhlükəsizlik üzrə komissiyasının üzvü) sitatlar gətirirlər.

Görünür, Azərbaycanın azad olunan ərazilərində “sionist aqressorlar”ın hipotetik mövcudluğu barədə şayiələr tədricən İran siyasi elitasının sayrışan ideyasına çevrilir. Parlament üzvlərinin iltihablaşmış beyinlərində Zəngəzur dəhlizindən ölkəyə soxulmağa hazır dayanmış bütün İran düşmənlərinin - İsrail silahlı qüvvələrinin xüsusi təyinatlılarının, türk “Bordo bereliləri”nin, amerikan “Dəniz pişikləri”nin, Pakistanın “Qara leyləkləri”nin elit bölmələrinin obrazları canlanır.

Azərbaycan prezidenti, Milli Məclisin deputatları, XİN-in səlahiyyətli nümayəndələri dəfələrlə Tehrana Azərbaycan ərazisində İrana dost olmayan silahlı qruplaşmaların mövcudluğunu sübuta yetirən heç olmasa hansısa bir dəlil ortaya qoymasını təklif edib. Cavabında İran KİV-ləri guya ki Bakı və Ankaradan gözlənilən təhdidlərlə bağlı isteriyanı böyütməkdə davam edirlər.

İran mətbuatı da siyasi isteriyanı körükləyərək Tehranı dərhal Ermənistanla hərbi saziş imzalamağa və onun ərazisində ordu yerləşdirməyə çağırır, bu yolla Ermənistan-Azərbaycan sərhədinin təhlükəsizliyini, strateji müttəfiq olan Ermənistanın ərazi bütövlüyünü təmin etməyə, hətta “Ermənistan ərazisində tranzit dəhlizinin inşasına” səsləyir.

Tehran KİV-lərindəki məqalələrdə İranın Azərbaycana münasibətinin strategiyasının konturlarını izləmək olar. Birinci mərhələdə sionistlərin və onlarla əlbir olanların hərəkətlərinin destruktiv xarakter daşıdığını izah etmək üçün İran əhalisi ilə ideoloji iş aparılır və bu, Azərbaycan rəhbərliyinin “irrasional davranış”ına qarşı xalqda neqativ münasibət yaratmalıdır. Daha sonra İran-Azərbaycan sərhədi ilə tranzit dayandırılır - bu siyasi və iqtisadi təcrid Azərbaycan rəhbərliyini “ciddi düşünməyə” məcbur etməlidir. Strategiyanın sonuncu bəndi isə İranın Ankaraya və Bakıya qarşı hərəkətlərinə mane olan İran azərbaycanlılarının təqib edilməsi ilə bağlıdır.

Sonuncu bənd hakimiyyət tərəfindən artıq reallaşdırılır - Azərbaycanın müdafiəsinə qalxan İran vətəndaşları 15 il müddətinə həbs cəzasına və 100 şallaq zərbəsinə məhkum olunub.

Ural Hatəmi

İranın Azərbaycana münasibətdə hərəkətlərinin şərh edən tanınmış İran politoloqu Ural Hatəmi haqqin.az-a müsahibəsində bildirir ki, Tehranın Bakıya qarşı psixoloji müharibəsi 44 günlük müharibədəki qələbə ilə əlaqədardır:

- Tehran çox məyusdur ki, azərbaycanlılar işğal olunmuş torpaqları müstəqil şəkildə Ermənistandan geri aldı və İranla olan sərhədinə nəzarəti bərpa etdi. Niyə?

- Ona görə ki, Tehran son 30 ildə Bakı və Yerevanla münasibətlərində istifadə etdiyi siyasi spekulyasiya vasitələrindən məhrum oldu. İkinci Qarabağ müharibəsindən sonra yaranan situasiyada İran oyundan kənar vəziyyətdə qalıb və indi də heç olmasa hansısa divident əldə etməyə çalışır. Ayətullahlar geosiyasi oyunda uyğun heç nə tapa bilməyərək vəziyyətin onsuz da çox gərgin olduğu ölkə daxilində mövqelərini möhkəmlətmək üçün xarici düşmən faktorundan yararlanmaq qərarına gəliblər.

- Bu özünü nədə göstərir?

- Hazırda ölkə öz tarixinin ən ağır dövrlərindən birini yaşayır. Kovid pandemiyasının dalğaları bir-birini əvəzləyir, daha çox supermarketdə yanğına bənzəyən vaksinasiya siyasəti peyvəndlərin kəskin çatışmazlığına səbəb olub, sanksiyalar ölkə iqtisadiyyatının çökdürüb, rial dəyərsizləşib, sosial narazılıq, işsizlərin və yoxsulların sayı artır…

- Sizin fikrinizcə, hipotetik xarici təhlükənin qızışdırılması Xameneiyə ölkədəki daxili narazılığın öhdəsindən gəlməyə kömək edəcək?

- Müəyyən mənada, bəli. Yalançı xarici təhlükə barədə təbliğat isteriyası olmasa İranın bütün dini-ehkamçı sistemi kağız evcik kimi dağılacaq. Məhz buna görə İran təbliğatı dövri olaraq düşmən obrazından yararlanır. Əgər əvvəllər xalqı ABŞ, Böyük Britaniya, SSRİ, sonralar isə İsraillə qorxudurdularsa, indi iranlıların düşməni Azərbaycan və Türkiyə olub.

İmperiya ambisiyalarında, millətçilərin və dini fanatiklərin düşüncə məhdudluğunda oynayan təbliğat məsələni elə təsvir edir ki, guya Türkiyə Azərbaycanın fəal yardımı ilə İranı zəbt etməyi və bölməyi, sonda isə titul milləti - farsları özlərinə tabe etdirməyi planlaşdırır. Hakimiyyət bu 42 ildə intensiv şəkildə beyinləri yuyaraq aşkar şovinizmə, bir etnosun göylərə qaldırılaraq bütün yerdə qalanların aşağılanmasına arxalanan millətçi təbliğat maşınının istifadəsində püxtələşiblər.

- Xalq həqiqətənmi Türkiyə və Azərbaycanın İrana qarşı qəsd hazırladığına inanır?

- Mən İranın müxtəlif şəhər və əyalətlərinin sakinləri ilə çox ünsiyyətdə oluram və bir dəfə də olsun Azərbaycan əleyhinə isteriyanı müdafiə edən insanla rastlaşmamışam. Sadə iranlılar başa düşür ki, Azərbaycanın öz ərazisində sərhəd məntəqələri yerləşdirməyə, rüsum toplamağa və qanunu pozanları saxlamağa tam hüququ var.

- Sizin fikrinizcə, prezident İbrahim Rəisinin Azərbaycan-İran gərginliyinin eskalasiyasında hansı rolu var?

- Fikrimcə, Azərbaycana və onun müttəfiqlərinə olan ideoloji hücumun İranın yeni prezidenti ilə bağlılığı yoxdur. Düşmən obrazının seçimi ilə bağlı qərarı kölgə hakimiyyəti - dini alyans, ekspertlərin Ali şurası, İİKK rəhbərləri, ordu və təhlükəsizlik xidmətləri qəbul edir. Rəisi dekorativ fiqurdur, kölgə biznesini, maliyyə axınlarını, güc strukturlarını real nəzarətdə saxlayan kölgə hakimiyyətinin kollektiv qərarlarının vur-tut icraçısıdır.

- İranın Azərbaycana qarşı silahlı müdaxilə ehtimalı nə dərəcədə realdır?

- Fikrimcə, İran heç məhdud hərbi münaqişəyə də cürət etməz. Əvvəla, Bakıya qarşı hər hansı aqressiya Türkiyənin və istisna deyil ki, həm də Pakistanın cavab reaksiyasını doğuracaq. İkincisi, barələrində nə deyilsə də, İran hakimiyyətindəkilər praqmatik adamlardır. Onlar əla anlayırlar ki, İranın silahlanmasının texniki səviyyəsi Türkiyə və hətta Azərbaycan ordusundan da nə qədər geridə qalıb. Hələ Bakının digər müttəfiqlərini və strateji əməkdaşlarını demirəm. İslam inqilabından ötən 42 il ərzində İran özünün silahlı qüvvələrini müasir texniki və texnoloji təchizat səviyyəsinə çatdıra bilməyib. Tehran son illər kəskin iqtisadi böhran səbəbindən hətta münasib hərbi büdcə formalaşdırmağı da bacarmayıb. Müharibə vəziyyətində İranın yeganə ehtiyatı ordunun sayında və düşmənə dini fanatik olan əsgərlərin cəsədləri ilə üstün gəlmək ehtimalındadır. Ancaq bəllidir ki, müasir müharibələrdə fanatiklər yox, texnologiyalar qalib gəlir...

- İran Azərbaycanda stabilliyi hansısa iranpərəst qüvvələrin köməyi ilə pozmağa cəhd edirmi? Məsələn, ali hakimiyyəti sabotaj etmək , yaxud sünni-şiə qarşıdurması yaratmaq?

- Əgər İranın bu cür imkanı olsaydı, çoxdan onu reallaşdırardı. Bildiyim qədər, İran yaxın keçmişdə Azərbaycanda öz proksilərinin bölməsini yaratmağa cəhd edib, ancaq uğursuzluğa düçar olub. Tehran prinsipcə Bakıya qarşı Azərbaycanın hüdudlarından kənarda olan silahlı şiə qruplaşmalarından istifadə edə bilər. Ancaq çətin ki, bu, Azərbaycanın xüsusi xidmətlərinin diqqətindən kənarda qalsın.

- Niyə Zəngəzur dəhlizinin açılması ətrafında bu cür ajiotaj var? Azərbaycanla Türkiyə arasında quru rabitəsinin İrana konkret hansı təhdidi ola bilər?

- İlk növbədə, İran Azərbaycana siyasi və iqtisadi təsir etmək üçün daha bir vasitəni itirir. Bundan əlavə, Tehranda hesab edirlər ki, Zəngəzur dəhlizi sadəcə Azərbaycan, Naxçıvan və Türkiyə arasında yol deyil, Ankaranın türkdilli aləmə çıxışıdır, Kiçik, Mərkəzi və Orta Asiyada türk faktorunun güclənməsidir. Bu isə Zəngəzuru da, bütün Cənubi Qafqazı da tarixi İran torpaqları sayan Tehran siyasətçilərinin imperiya şüuraltısına heç cür uyğun gəlmir. Kiməsə anaxronizm kimi görünə bilər, ancaq İranda çoxları Fars imperiyasının dirçələcəyinə səmimi olaraq inanır…Virtualaz.org