Livanda “Hizbullah”, Yəməndə “Ənsar Allah”, Azərbaycanda isə... - Tehrandan yeni həmlə?

Livanda “Hizbullah”, Yəməndə “Ənsar Allah”, Azərbaycanda isə... - Tehrandan yeni həmlə?

19 Oktyabr 2021 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniyanın “MiddleEastMonitor” nəşri yazır ki, ölkəmizdə SEPAH-ın dəstəklədiyi “Hüseynün” hərəkatı varmış; Qabil Hüseynli: “Artıq sıradan çıxarılıb, Azərbaycanda ingilis mediasının yazdığı kimi yarımhərbiləşdirilmiş təşkilat yaratmaq qeyri-mümkündür”

Britaniyanın “MiddleEastMonitor” nəşri maraqlı bir məqalə ilə çıxış edib. “Hüseynün: İranın Azərbaycanda SEPAH tərəfindən dəstəklənən yeni hərəkatı” yazısında Bakı və Tehran arasında münaqişənin kəskinləşməsi fonunda Azərbaycanda İran proksilərinin fəallaşdığı bildirilir. Məqalədə deyilir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və digər ölkələrdə dəstəklənən silahlı hərəkatlarla - Livanda “Hizbullah”, Yəməndə “Ənsar Allah” (husitlər), əfqan və pakistanlı şiə yaraqlılardan ibarət Fatimənün və Zeynəbinün hərəkatları ilə assosiasiya edilir. Buna baxmayaraq, əksəriyyətini şiələrin təşkil etdiyi Azərbaycanla sıra genişləndirilib.

Bildirilib ki, Cənubi Qafqaz respublikasında yeni elan olunmuş müqavimət fraksiyası - “Hüseynün” yaranıb. Eyni zamanda bu qrup haqqında demək olar ki, heç nə məlum deyil, çox güman ki, 2019-cu ildə Suriya münaqişəsi zamanı formalaşıb və yalnız bu yaxınlarda rəsmən aktivləşib. “Hüseynün” sarı və yaşıl rəng koordinasiyası və hücum tüfəngi də daxil olmaqla, “Müqavimət mehvəri” kimi tanınan İslam Respublikası ilə ittifaqdakı digər qruplaşmaların bütün əsas fərqləndirici cəhətlərini daşıyır.

Deyilir ki, indiki hökumətin İsrailin yaxın və mühüm müttəfiqi, Türkiyə üçün qardaş ölkə olması da olduqca mühümdür. Tehran bundan öncə də öz inqilabını Azərbaycana ixrac etməyə çalışsa da, heç vaxt böyük uğur qazanmayıb. Məsələn, respublikanın elan edildiyi vaxtda, 1991-ci ildə yaradılmış Azərbaycan İslam Partiyası (AİP) dörd il sonra buraxılıb. Bununlə belə, İsrailin Meir Amit adına Kəşfiyyat və Terrorizm İnformasiya Mərkəzinin (İTİC) məlumatına görə, SEPAH “Qüds” qüvvələri Azərbaycanda 90-cı illərin əvvəllərindən fəaliyyət göstərir.

Oxuməni.az xəbər verir ki, İran Azərbaycanın mənfur düşməni Ermənistana daha çox dəstəkçi kimi qəbul edilir. Məhz bu səbəblərdən İran bilir ki, bir vaxtlar Fars imperiyası və Qacar İranının bir hissəsi olan qonşusu ilə münasibətlərdə ehtiyatlı olmalıdır. İran ötən il Qarabağda müharibə zamanı qüvvələr balansının sonuncunun xeyrinə dəyişdiyi zaman Türkiyə və Rusiyanın vasitəçiliyilə Ermənistanla Azərbaycan arasında əldə olunmuş atəşkəs razılaşması nöqteyi-nəzərindən ən böyük uduzmuş tərəf kimi nəzərdən keçirilib. İndi isə Tehran Bakıya qarşı təhdid, hərbi təlimlərlə hədə, rəsmilər səviyyəsində xox gəlmək ritorikasını seçib. Son günlər verilən açıqlamalar azalsa da, gərginlik aradan qalxmayıb, hansısa barışıq yoxdur. Əksinə, İranın deputatı İbrahim Əzizi deyib ki, “uşaq öldürən içi boş sionist rejiminə aldanmasınlar və onun tələsinə düşməsinlər”. Bəs Britaniya nəşrinin iddialarını necə qəbul etmək lazımdır? İran Azərbaycanda “kolon” yaradıbmı? Sözügedən hərəkatın məqsədləri nədir?

Qabil Hüseynli: "Lokal müharibə ilə Nikolun dərsini vermək lazımdır" -  MÜSAHİBƏ

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycanın xüsusi xidmət orqanları bu təşkilatı çoxdan aşkarlayıb. Onun sözlərinə görə, Bakıda Ocaqnecat “Hüseynün” təşkilatın qurmaqla məşğul imiş: “O, 20 gün qabaq ”dabanına tüpürüb" qaçıb. Onu həbs etmək istəyirdilər. Amma həbsi əleyhimizə yeni kampaniya başlamasına səbəb ola bilərdi. Artıq həmin təşkilat sıradan çıxarılıb, üzvləri təhlükəsizlik orqanları tərəfindən müəyyən edilib, onlarla iş aparılır. Yəni İran Azərbaycanda Livanda, Yəməndə olduğu kimi təşkilat yarada bilməz. Bura mədəni, sekulyarlaşmış, dinlə dünyəviliyi qoruyub saxlamağı bacaran bir cəmiyyətdir, kimlərəsə “islamın əsgərləri” kimi əmr verməklə heç nə əldə etmək mümkün deyil, çünki Azərbaycanda elə bir zəmin, şərait yoxdur. Bura Livan deyil ki, “Hizbullah” yaradasan".

Q.Hüseynli bildirdi ki, üstəlik, təhlükəsizlik xidməti yüksək səviyyədə fəaliyyət göstərir: “Çox təəssüf ki, bəzi din xadimləri Ocaqnecatın təsiri altında olublar. Bildiyim qədər, onu milyonları hara sərf etməsi haqda İranda sorğu-sual edirlər. Bir sözlə, Azərbaycanda ingilis mediasının yazdığı kimi yarım hərbiləşdirilmiş təşkilat yaratmaq qeyri-mümkündür. Ümumiyyətlə, İranın təsiri altına düşənlər olub. Amma son hadisələrdə Tehranın iç üzünün açılması, Ermənistanı dəstəkləməsi pərəstişkarlarının gözlərini açdı. Bir daha aydın oldu ki, İran bölgə üçün necə qeyri-sabit ölkədir”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, İranda bəzi radikal dini qruplaşmaların ətraf ölkələrdə maraqlarına xidmət edən bufer, podratçı təşkilatlar mövcuddur. Ekspertin fikrincə, məqsəd İranın siyasi maraqlarını dəstəkləmək və tapşırıqları icra etməkdir. Onun fikrincə, 90-cı illərdə də belə tendensiyaları görmüşük, həmin vaxt iranyönlü partiya rəhbərlərinin həbsinə şahid olmuşuq, eləcə də Nardaran hadisələri deyilənləri sübut edir. “Amma ”Hüseynün" adlı təşkilat bizə məlum deyil. SEPAH-ın burada dəstəkçiləri olub. Təhsil Nazirliyi qarşısında keçirilən aksiyadan sonra mənzərə üzə çıxdı, İran mediasında yazılanlar da vəziyyəti çılpaqlığ ilə göstərirdi. Çox təəssüf ki, bəzi savadsız, reallığı qəbul etməyən şəxslər İrana bağlı qüvvələrin toruna düşürlər. Lakin prosesin qarşısı alınmalıdır. Bu məsələdə tək dövlət iştirak etməli deyil, ictimai təşkilatlar yaxasını kənara çəkməməlidirlər. Hər kəs təsir dairəsində iş görməlidir", - deyə hərbi ekspert vurğuladı.