İsrail İrana hücum hazırlıqları üçün 1.5 milyard dollar büdcə ayırdı

İsrail İrana hücum hazırlıqları üçün 1.5 milyard dollar büdcə ayırdı

19 Oktyabr 2021 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail hökuməti İranın nüvə obyektlərinə qarşı potensial hücuma hazırlıq üçün 1.5 milyard dollar ayırıb.

Oxuməni.az xəbər verir ki, bu haqda İsrailin “Channel 12” telekanalı bildirir. Məlumata əsasən ordunun İrana qarşı potensial hücuma hazırlaşdırılması üçün vəsaitin 1 milyard dolları bu ilin büdcəsindən, 500 milyon dolları isə gələn ilin büdcəsindən xərclənəcək. Vəsait müxtəlif tipli təyyarələrə, pilotsuz uçan aparatlara, kəşfiyyat məlumatlarının toplanılmasına, o cümlədən peyklərlə kəşfiyyatın aparılmasına, nüvə obyektlərinə zərbələrin endirilməsi üçün əlavə vasitələrin və unikal silahların əldə edilməsinə xərclənəcək.

Bu xərclərin noyabr ayında təsdiqlənəcəyi gözlənilir. İsrailin İrana hücum üçün büdcə ayırması xəbəri ABŞ Hərbi Hava Qüvvələrinin GBU-72 “Advanced 5K Penetrator” bunkerdağıdan bombalarının sınaqlarının uğurla başa çatmasını elan etməsindən bir neçə gün sonraya təsadüf edib. 2.5 ton ağırlığındakı bu bomba İranın yeraltı nüvə obyektlərini dağıtmaq üçün nəzərdə tutulur.

Lakin mühüm olanı budur ki, GBU-72 qırıcılarda və ya ağır bombardmançılarda daşınmaq üçündür. İsraildə isə ABŞ-ın arsenalında olan bu ağır bombaları daşımaq üçün vasitələr yoxdur. Daha yüngül olan GBU-28 bunkerdağıdan bombaları 2009-cu ildə gizlicə İsrailə satılıb, amma onlar İranın dağların altında yerləşdirilmiş Fordo nüvə mərkəzini dağıtmaq gücündə deyil.

“Channel 12” qeyd edir ki, ABŞ Hərbi Hava Qüvvələri Floridadakı bazasında GBU-72 bombasının təxminən 11 min metr hündürlükdən atılmasını reklam etməklə İrana xəbərdarlıq etmək istəyib, ona Vyanada nüvə sövdələşməsinə dair danışıqlara qayıtmaq mesajı verib.

Ötən ay İsrail silahlı qüvvələrinin Baş qərargah rəisi Aviv Kohavi bəyan etmişdi ki, onun ölkəsi İranın nüvə proqramlarına qarşı fəaliyyət hazırlıqlarını xeyli sürətləndirib. Onun sözlərinə görə, İsrailin müdafiə büdcəsinin əhəmiyyətli hissəsi məhz bu məqsəd üçün nəzərdə tutulub.

Kohavi bu ilin yanvarında bildirmişdi ki, İsrail ordusu İrana güclü zərbələrin endirilməsi üçün “yeni əməliyyat planları” hazırlayır. Avqust ayında isə Baş qərargah rəisi İranın nüvə fəaliyyətini sürətləndirməsinə cavab olaraq İsrail ordusunun öz əməliyyat planlarının yerinə yetirilməsini də sürətləndirildiyini deyib.virtualaz.org