Vağzalda dəhşətli terroru təşkil edən İŞİD-çinin arvadı Ülkər Məmmədova təslim oldu

Vağzalda dəhşətli terroru təşkil edən İŞİD-çinin arvadı Ülkər Məmmədova təslim oldu

26 Noyabr 2021 00:11
Bəyəndim (1) Bəyənmədim (0)

Ankarada 2015-ci il oktyabrın 10-da iki İŞİD terrorçusunun üzərlərindəki bombanı partladaraq törətdiyi qanlı terror aktının təşkilatçısı olan Mustafa Dokumacının azərbaycanlı arvadı Ülkər Məmmədova Türkiyə polisinə təslim olaraq əri və qoşulduğu İŞİD terror qruplaşması barədə bütün bildiklərini danışıb.

Oxuməni.az xəbər verir ki, Azərbaycan vətəndaşı olan və İŞİD-in “canlı bombası” olaraq axtarılan, bu il oktyabrın 9-da Suriyadan Türkiyəyə keçərək təslim olan Ülkər Məmmədovanın istintaqa danışdıqlarına “Alman dalğası” radiosunun türk redaksiyası yer verir.

Ankarada törədilən həmin dəhşətli terror aktı nəticəsində 103 nəfər həlak olub, yüzlərlə adam yaralanıb. Türkiyənin xüsusi xidmət orqanları terror hücumunu İŞİD-in tərkibindəki “Adıyamanlı Dokumacılar” adlı qruplaşmanın və onun lideri Mustafa Dokumacının təşkil etdiyini müəyyənləşdiriblər.

Mustafa Dokumacı

Türkiyə polisinin “canlı bomba” siyahısında olan Ü.Məmmədova peşimanlıq haqda qanunun müddəalarından yararlanaraq etirafçı olub və 60 nəfər təşkilat üzvünün barəsində məlumatları çatdırıb. Məmmədovanın sözlərinə görə, 2014-cü ildə Mustafa Dokumacı ilə birlikdə Suriyaya getmək üçün sərhədi keçərkən əsgərlər onları görüblər, hətta sərhədi keçmələrinə kömək ediblər. Bir ay sonra Türkiyəyə qayıdarkən sərhəddə jandarma tərəfindən yaxalandıqlarını deyən Məmmədova cərimə yazıldıqdan sonra sərbəst buraxıldıqlarını iddia edib.

Ü.Məmmədova bildirib ki, əri Adıyamana qayıtdıqdan sonra orada çayxana işlədib. Bu çay evi İŞİD üzvlərinin təşkilatın Adıyamandakı qərargahı kimi istifadə etdikləri “İslam Çay Evi” olub.

İŞİD-in Türkiyə özəyinin əsas fiqurlardan biri olan Mustafa Dokumacı Adıyamanda ona bağlı “Dokumacılar Qrupu”nu yaradıb. Şəhərdə işlətdikləri “İslami Çay Evi”ni təşkilat üzvlərinin görüş yeri kimi istifadə edən Dokumacı bu yolla xeyli adamı İŞİD sıralarına cəlb edərək Suriyadakı vətəndaş müharibəsinə aparıb. Onların arasından Yunus Emre Alagöz Ankara Vağzalını partladanlardan biridir, qardaşı Şeyx Əbdürrəhman Alagöz isə Suruç qətliamını həyata keçirib.

Mustafa Dokumacının həyat yoldaşı Ülkər Məmmədova Daxili İşlər Nazirliyinin terror axtarışında olanlar siyahısında mavi kateqoriyaya düşüb. Polis idarəsində "Canlı bomba əməliyyatında istifadə oluna biləcək şəxs kimi barəsində kəşfiyyat məlumatı olan şəxs" qeydi olan Məmmədova İnterpol tərəfindən qırmızı bülletenlə axtarılıb.

“DW Turkish”-nin əldə etdiyi məlumata görə, Azərbaycan əsilli Məmmədova 6 oktyabr 2021-ci il tarixində Hatayın Altınözü rayonunda qeyri-qanuni yollarla Türkiyə ərazisinə keçmək istəyərkən yaxalanıb. Oktyabrın 8-də Adıyaman Terrorla Mübarizə Şöbəsinə gətirilən Məmmədova etirafçı olmaq və peşimanlıq haqda qanundan yararlanmaq istədiyini bildirib. İfadəsində 114 İŞİD üzvü ilə bağlı məlumat verən Məmmədova 34-ü qadın olmaqla, 60 təşkilat üzvünü müəyyənləşdirib.

Oktyabrın 9-da ifadəsi alınan Ülkər Məmmədova Azərbaycandan Türkiyəyə necə getməsindən, Mustafa Dokumacı ilə necə tanış olub evlənməsindən, daha sonra onunla birlikdə Suriyaya gedib İŞİD-ə necə qoşulmasından danışıb.

Atasının ehtiyatda olan polkovnik olduğunu bildirən Ü.Məmmədova Azərbaycanda siyasi elmlər fakültəsində oxuyarkən “baş örtülü qızların dərsə buraxılmaması” səbəbindən universiteti tərk etdiyini iddia edib. Daha sonra Konya Səlcuq Universitetinin İlahiyyat fakültəsinə qəbul olunub. O, Mustafa Dokumacı ilə Facebook-da tanış olduqlarını və evlənməyə qərar verdiklərini deyib. 2010-cu ildə Gürcüstan üzərindən Rizəyə avtobusla gedib və Dokumacı ilə üz-üzə görüşüb. Ü.Məmmədova daha sonra Adıyamana köçdüklərini və Mustafa ilə dini toy etdiklərini bildirib. 2011-ci ildən onunla rəsmi nikahda olduqlarını bildirən Ülkər Məmmədova ifadəsinə belə davam edib: "Mustafa Dokumacı mənə dini cəhətdən qeyri-kafi olduğumu, müasir qapalı (dəblə baş örtüsü taxmaq,-red.) olduğumu deyirdi. Bildirirdi ki, Suriyada müharibə gedir və kömək etmək üçün biz də ora getməliyik. Getmək istəmədiyimi dedim, amma mənə təsir göstərdi, təzyiq etdi. Mənim İŞİD-ə qoşulmağımın və Suriyaya getməyimin tək səbəbkarı Mustafa Dokumacıdır”.

Qadın bildirib ki, əri ilk dəfə 2014-cü ilin yanvarında Suriyaya gedib. Bir ay sonra yenidən Adıyamana qayıdıb və onu, uşaqlarını da aparmaq üçün hazırlıq görüb. Suriyaya Hatay bölgəsindən keçiblər, getdikləri maşın onları sərhədə yaxın yerdə düşürüb və qalan yolu piyada gediblər. Sərhədi keçərək Suriyanın Telabyad rayonuna üz tutublar.

Ü.Məmmədovanın dediyinə görə, əri 2015-ci il iyunun 1-də döyüşlərdən birində hava zərbəsi zamanı yaralanıb, hər iki ayağı sınıb. Əməliyyat olunmaq üçün Türkiyəyə qayıtmaq istəyib, amma Ankaradakı terror hücumu planına görə bunu edə bilməyib.

"Ankara partlayışını törədən şəxs Adıyamanlı qrupundan idi. Eşitdik ki, bu partlayışdan sonra Adıyamanlılar axtarılır. Həyat yoldaşım buna görə əməliyyat olunmaq üçün Türkiyəyə getməkdən vaz keçdi" - o bildirib.

Ü. Məmmədova Ankara vağzalını partladanlardan biri olan Yunus Emre Alagözlə bağlı suallara cavab olaraq onu heç vaxt görmədiyini, tanımadığını deyib.

"Bildiyim odur ki, Ankara partlayışını törədən şəxs Adıyamanlı idi. Bu partlayışdan sonra həyat yoldaşım mənə partlayışı törədən şəxsin İslami baxımından çox parlaq gələcəyinin olduğunu söylədi və bu səbəbdən onun halına çox üzüldü. Hətta “lənətə gələsən Bağdadi, (İŞİD lideri) “sən bu gənclərə nə etdin” dedi, ağlamağa başladı”, - o deyib.

Əri ilə bir müddət aralı qaldığını, sonradan onunla İdlibdə yenidən görüşdüyünü deyən Ü.Məmmədova M. Dokumacı ilə Səmədə bölgəsində daha 9 ay birlikdə qaldığını bildirib. Məmmədova “Həyat yoldaşım 23 avqust 2020-ci il tarixində evdən çıxdıqdan 15 dəqiqə sonra kamikadze pilotsuz təyyarəsinin hücumu nəticəsində ölüb” deyə ifadəsində bildirib.

Deyib ki, ərinin öldürülməsindən sonra 2021-ci ilin mayında onun qardaşına zəng vurub, Türkiyəyə qayıtmaq istədiyini deyib. “Ərimin qardaşı dərhal Türkiyə kəşfiyyatına zəng vurub bu haqda məlumat verdi. Türkiyəyə qayıtmaq üçün icazə aldım. Qaçaqmalçıya 250 dollar verdim, məni sərhədə gətirdi, burada çayı piyada keçib türk əsgərlərinə təslim oldum”, - o deyib.virtualaz.org