ABŞ-Rusiya münasibətləri gərginləşir: Ukrayna toqquşma meydanına çevrilə bilər

ABŞ-Rusiya münasibətləri gərginləşir: Ukrayna toqquşma meydanına çevrilə bilər

27 Noyabr 2021 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ hərbi texnika verməklə gücləndirdiyi Ukraynanı və ərazisində nüvə bazası yaratmağa hazırlaşdığı Polşanı Rusiyaya qarşı savaşın mərkəzinə yerləşdirməyə calışır; Kremldə hesab edirlər ki, əgər, bu planın baş tutmasına imkan verilərsə, Rusiya birbaşa nüvə zərbəsinə hədəf ölkə durumuna düşə bilər...

ABŞ və Rusiya arasında gərginlik yenidən ən yüksək həddə çatıb. Hətta yaxın vaxtlarda bu iki superdövlətin hərbi əməliyyatlara başlama ehtimalı da qətiyyən istisna deyil. Və bu təhlükəli proses ətrafında artıq müxtəlif mülahizələr də mövcuddur.

Məsələ ondadır ki, ABŞ və Rusiyanın birbaşa hərbi toqquşma ehtimalı o qədər də inandırıcı görünmür. Ancaq bu iki surerdövlətdən birinin aktiv, digərinin isə passiv şəkildə silahlı münaqişəyə cəlb olunma təhlükəsi olmamış deyil. Və belə bir situasiya yaranarsa, silahlı münaqişənin daha da böyüyərək, qlobal savaşa çevrilmə təhlükəsi hazırda ciddi narahatlıq doğurur.

Maraqlıdır ki, Kreml Rusiyanın Qərb sərhədlərində və Qara dəniz hövzəsində həm ABŞ-ın, həm də NATO-nun hərbi fəaliyyətinin intensivləşməsinə qarşı priventiv addımlar atmağa çalışır. Xüsusilə də, bəzi məlumatlara görə, Rusiya Qərb sərhədlərinə doğru canlı qüvvə və hərbi texnika daşıyır. Və Kreml hələlik bu proseslə bağlı mümkün qədər susmağa üstünlük verir.

Halbuki müasir texnologiyaların inkişaf etdiyi bir dövrdə belə hərbi yerdəyişmələri uzun müddət gizli saxlamaq mümkün deyil. Ona görə də, Kreml istər-istəməz atdığı addımlara müəyyən qədər aydınlıq gətirməli oldu. Sadəcə onu bildirdi ki, bu hərbi yerdəyişmələr qətiyyən savaş hazırlığı deyil və heç bir dövlətə qarşı yönəlməyib. Bu, Rusiyanın hərbi təhlükəsizliyi çərçivəsində atılan ənənəvi addımlardır.

Təbii ki, bu natamam izahat Rusiya ilə qarşıdurma vəziyyətində olan bir sıra dövlətləri qətiyyən qane etmədi. Məsələn, rəsmi Kiyev Kremli Ukraynaya qarşı hərbi müdaxiləyə hazırlaşmaqda suçlayır. Hətta iddia edir ki, hərbi-kəşfiyyat məlumatlarına görə, Rusiya gələn ilin ilk aylarında Ukrayna ilə savaşa başlamaq planları qurur.

Eyni zamanda, rəsmi Varşava da Rusiya hərbi texnikasının yerdəyişməsini Polşa üçün real təhlükə faktoru kimi dəyərləndirdiyini bəyan edib. Polşanın mövqeyini Baltikyanı ölkələr də bölüşür. Halbuki, bu ölkələr NATO-nun “təhlükəsizlik çətiri” altında özlərini Ukrayna ilə müqayisədə daha rahat hiss etmək şansına sahibdirlər.

Bütün bunlara baxmayaraq, ABŞ və Rusiya arasında yaşanan gərginlikdə adları sadalanan dövləıtlərin birbaşa və ya dolayısı ilə iştirakı da inkaredilməz reallıqdır. Həmin dövlətlərin Kreml ilə münasibətlərində olduqca ciddi problemlər və ziddiyyətlər mövcuddur. Və bu sərfəli faktordan ABŞ Rusiyaya qarşı maksimum səviyyədə yararlanmağa çalışır.

Məsələ ondadır ki, ABŞ-Rusiya qarşıdurması yeni dünya düzənində daha üstün mövqelər qazanmaq uğrunda mübarizənin tərkib hissəsidir. Eyni zamanda, hazırda baş verənlər ABŞ-Rusiya qarşıdurmasının həm də yeni mərhələsidir. Və indiki situasiyanın yaranmasında ABŞ qarşıdurmanın intensivləşdirilməsində təşəbbüskar tərəf rolunda çıxış edir.

Belə ki, son illərdə ABŞ beynəlxalq mövqelərini itirmişdi, Ağ Evin dünya jandarmı imici ciddi şəkildə zərər görmüşdü. Ona görə də ABŞ prezidenti Co Bayden hakimiyyətə gəlişi ərəfəsində ölkəsinin beynəlxalq mövqelərini mütləq geri qaytaracağını vəd etmişdi. O, hətta bəyan etmişdi ki, ABŞ-ın beynəlxalq siyasət məkanına dönüşünün vaxtı çatıb və dünyada hər kəs buna hazır olmalıdır.

r67547454554.jpg (194 KB)

Təbii ki, prezident Co Bayden fəaliyyətə başladığı andan öz vədlərinin yerinə yetirilməsinə cəhd göstərməyə çalışdı. Nəticədə ABŞ-Rusiya qarşıdurmasının yeni mərhələsinin əsasını qoymuş oldu. Bu ilin ilk yarısında Ukrayna üzərindən Kremlə qarşı hərbi-siyasi təzyiqlərin başladılması da məhz Bayden administrasiyasının olduqca qərarlı olduğunu göstərirdi. Ağ Ev hətta NATO-nu da Rusiyanın qarşısına çıxartmağa nail olmuşdu.

Ancaq o vaxt Bayden adminstrasiyasının Rusiyaya qarşı hərbi-siyasi təzyiq kampaniyası iflasa uğradı. ABŞ və NATO Ukrayna ətrafında canlı qüvvə və hərbi texnika cəmləşdirsə də, Rusiya geri çəkilmədi. Yəni, Kreml ABŞ və NATO-nun Rusiya üzərində hərbi-siyasi və psixoloji üstünlük qazanmasına imkan vermədi.

Əksinə, Kreml Rusiyanın hərbi potensialını Ukrayna sərhədləri ətrafına daşıdı. ABŞ və NATO ilə silahlı toqquşmadan çəkinmədiyini göstərdi. Nəticədə ABŞ və NATO Rusiya ilə hərbi təmasa cəsarət etmədi, böyük sürətlə geri çəkildi. Bununla da ABŞ Rusiya qarşısında tarixi və təmassız hərbi məğlubiyyət yaşadı. Siyasi-psixoloji üstünlük böyük ölçüdə Rusiyanın tərəfinə keçmiş oldu.

Təbii ki, ABŞ bu acı siyasi-psixoloji məğlubiyyətlə barışmaq istəmir. Ağ Ev Rusiyanı ABŞ və NATO qüvvələr qarşısında aciz duruma salmağın yollarını axtarır. Əslində, Ağ Evin taktikası da dəyişməyib, bu dəfə də Rusiyanın üzərində eyni coğrafi və hərbi faktorlara dayanaraq, təzyiq dalğası yaratmağa çalışır.

Yəni, Ağ Evdəkilər yenə də Ukraynanı qabağa verməyə, Rusiya ilə silahlı toqquşmaya sövq etməyə çalışırlar. Ancaq rəsmi Kiyev artıq ABŞ və NATO-ya əvvəlki kimi güvənmir. Çünki ABŞ və NATO-nun bundan öncə Ukraynanı Rusiyaya ilə qarşı-qarşıya gətirib, sonra isə heç nə olmamış kimi “qaçdığını” hələ unutmayıb.

1708991.jpg (511 KB)

Məsələ ondadır ki, rəsmi Kiyev Ukraynanın Rusiya ilə hərbi münaqişəyə girəcəyi təqdirdə, ABŞ və NATO-nun yenə də “qaçmayacağına”, onu tək buraxmayacağına tam əmin deyil. Hətta rəsmi Kyev açıq şəkildə vurğulayır ki, ABŞ və NATO Ukraynaya hərbi texnika yardımı göstərir, ancaq birbaşa, eyni səngərdə dəstək verməyə həvəsli deyil.

Böyük ehtimalla ABŞ və NATO hərbi qüvvələrinin bu dəfə Qara dəniz hövzəsinə cəmləşdirilməsi də Ukraynanı Rusiya ilə silahlı qarşıdurmaya cəsarətləndirmək məqsədi güdür. ABŞ hərbi təyyarələrinin Rusiya sərhədləri ətrafında təhditkar savaş manevrlər etməsi də Kremlin əsəblərini tarıma çəkmək, onu səhvə sövq etmək, sonra da bütün dünyanı şimal nəhənginin əleyhinə yönəltmək üçün səbəb qazanmaq niyyəti daşıyır.

Böyük ehtimalla bu qarşıdurma hələ uzun müddət davam edəcək. Ağ Ev hətta Rusiyanın siyasi tərəfdaşlarını da neytrallaşdırmağın və Kremllə qarşıdurmaya çəkməyin yollarını axtarır. Buna misal olaraq, Rusiya ilə yaxın münasibətləri olan Türkiyəni Kremlə qarşı qoymaq cəhdlərini göstərmək olar.

Belə ki, Ağ Ev rəsmi Ankaraya Suriyada bəzi hərbi-strateji güzəştlər təklif edir. Bunun əvəzindəsə, Türkiyənin Qara dəniz hövzəsində Rusiyaya qarşı hərbi-siyasi kampaniyada ABŞ və NATO-nun yanında yer almasını istəyir. Rəsmi Ankara isə ABŞ-ın Rusiya əleyhinə planlarında yer almağa qətiyyən həvəsli deyil.

11jpg-1612334671.jpg (111 KB)

Bütün bunlar onu göstərir ki, ABŞ-Rusiya qarşıdurması yaxın gələcəkdə sona çatmayacaq. Ola bilsin ki, hansısa bölgədə qarşıdurma faktorları arxa plana keçiriləcək. Ancaq qısa müddət sonra savaş faktorları mütləq hansısa başqa bölgədə müşahidə edilməyə başlayacaq. Bu qarşıdurma yalnız o halda, aradan qalxa bilər ki, tərəflərdən biri – yəni ya Rusiya, ya da ABŞ tam məğlub duruma düşsün, digərinin beynəlxalq iradəsini qəbul etmiş olsun.

Hələliksə, Rusiya Xarici İşlər Nazirliyi Ukraynanı ABŞ-ın istəyi ilə Donbas bölgəsində hərbi əməliyyatlara başlamaq cəhdlərində suçlayır. Eyni zamanda, ABŞ isə Rusiyaya qarşı ikinci hərbi-siyasi cəbhənin açılmasına cəhd göstərir. Və bu cəbhənin açılmasında Polşaya xüsusi rol ayırmağa çalışır.

Məsələ ondadır ki, Ağ Ev Almaniyada yerləşdirilmiş nüvə bazalarını Polşa ərazisinə daşımağın planlarını qurmağa başlayıb. Kremldə hesab edirlər ki, əgər, bu planın baş tutmasına imkan verilərsə, Rusiya birbaşa nüvə zərbəsinə hədəf ölkə durumuna düşə bilər. Və bu halda, Rusiyanın təhlükəsizliyi ciddi problemlər qarşısında qalacaq.

Göründüyü kimi, Ağ Ev bir tərəfdən Rusiya sərhədlərində ABŞ-ın hərbi fəallığını artırıb. Digər tərəfdən isə Ukrayna və Polşanı yenidən Kremllə qarşıdurmanın mərkəzinə yerləşdirməyə çalışır. Nəhayət, Polşa ərazisini Rusiya üçün real nüvə təhlükəsi vəd edən məkana çevirməyə can atır. Və bu, ABŞ-ın açıq-aşkar Rusiyanı nüvə zərbəsi ilə təhdid etməsi anlamı daşıyır.