16 noyabrda ermənilər niyə döyüşdən qaçdı?

16 noyabrda ermənilər niyə döyüşdən qaçdı?

26 Noyabr 2021 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 16-da Azərbaycanla sərhəddə təxribat törədən Ermənistanın ordusunun zabiti döyüş mövqeyini özbaşına tərk etdiyinə görə həbs edilib. Bu barədə ölkənin Baş Prokurorluğunun nümayəndəsi Qor Abramyan məlumat yayıb. Həbs olunan zabitin adı açıqlanmır. Yalnız mayor rütbəli zabitin 7 hərbçi ilə birgə döyüş mövqeyindən qaçdığı bildirilir.

Oxuməni.az xəbər verir ki, zabitə qarşı Cinayət Məcəlləsinin “Döyüş vəzifəsinin və ya hərbi xidmətin icrası qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda” maddəsi üzrə cinayət işi açılıb.

Qeyd edək ki, son zamanlar Ermənistan ordusunda fərarilik halları artıb. Ermənilər nəinki Qarabağ bölgəsində xidmət etmək istəmir, üstəlik müxtəlif bəhanələrlə sərhəddəki mövqeləri tərk edirlər.

Yenisabah.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli qeyd edib ki, Ermənistan ordusu uzun illərdir köklü problemlərlə üzləşib. Bu problemlərin yaranma səbəbi komandanlıqla bağlıdır:

“Belə fikir var: “Problemi yuxarılarda axtar”. Ermənistan ordusunda da vəziyyət məhz bu cürdür. “Yuxarılarda” dedikdə Müdafiə Nazirliyində, Hərbi Korpusların Komandanlığında, zabit heyətində. Bu gün Ermənistan ordusunun rəhbərliyi, xüsusən də MN aparatı siyasiləşib. Ölkə daxilində gedən siyasi proseslərə müdaxilə edir, iqtidar-müxalifət mübarizəsinə qatılır”.

Ekspert əlavə edib:

“Ermənistan ordusunun Baş Qərargah rəisi Artak Davtyan xidmət yerinə gəlmir. Çünki onu qərargaha buraxmırlar. Kim buraxmır? Yeni nüdafiə naziri Suren Papikyan. Səbəb nədir? Baş Qərargah rəisi ilə müdafiə naziri arasında siyasi fikir ayrılığı var. Suren Papikyan Nikol Paşinyanın komandası üzvüdür, qərbyönümlüdür, Baş Qərargah rəisi Artak Davtyan isə birmənalı olaraq “Rusiyanın adamı”dır.

Bu tip problemlər artıq Emrənistan ordusunun kiçik bölmələrində belə hiss olunur. Həmin şəxslər – kiçik komandir heyəti, əsgərlər siyasi çəkişmələrə qurşanmış, həmçinin, korrupsiyaya bulaşmış komandanlığın əmr və tapşırıqlarını icra etmək istəmir. Çünki sonda onların ölümü, yaxud cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnir.

Son hadisə, yəni 7 nəfər zabitlə birlikdə fərariliyinin ən başlıca səbəbi budur. Yəni komandiri dürüst, döyüş ruhu yüksək səviyyədə olan bir əsgər, əlbəttə, komandiri ilə birlikdə döyüşəcək. Əks halda, əsgər komandirdən daha əvvəl döyüş meydanını tərk edib qaçacaq”.

“İkinci tərəfdən, noyabrın 16-da baş verən hadisələr zamanı şahidi olduq ki, Ermənistan ordusunun hərbi birləşmələri sərhəd zolağını pozaraq Azərbaycan ərazisində postlar qurmaq, mövqelərini möhkəmləndirmək istəyiblər. Çoxlu sayda itki verən Ermənistan ordusunun, Nikol Paşinyann açıqlamasına görə, 30 nəfərdən artıq hərbçisi əsir götürülüb.

Bu, biabırcı məğlubiyyətdir. Əsirlərin taleyi isə artıq Ermənistan MN-ni maraqlandırmır”, - deyə mütəxəssis fikirlərini tamamlayıb.