Xankəndində  “Rus icması” necə peyda oldu? "Zori Balayanın yaxın dostu “Qarabağın rus icmasına” rəhbərlik etməyə başlayıb" (VİDEO)

Xankəndində “Rus icması” necə peyda oldu? "Zori Balayanın yaxın dostu “Qarabağın rus icmasına” rəhbərlik etməyə başlayıb" (VİDEO)

7 Dekabr 2021 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında "rus icması"nın yaradılmasına girişib. 4-5 ay əvvəl Moskvadan Federal Təhlükəsizlik Xidmətinin (FTX) Akademiyasının məzunu, kökəncə erməni olan olan Aleksandır Bordov bu icmaya sədr göndərilib. Artıq dekabrın 1-dən başlayaraq Xankəndi və ətrafında “slavyan əsilli” şəxslərin siyahıya alınmasına başalanıb. Bunu separatçı rejim yox, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya silahlı qüvvələri, daha doğrusu Rusiya Federasiyası dövləti edir.

Oxuməni.az xəbər verir ki, ekspertlər Moskvanın bu planının gələcəkdə bölgədə ikinci "Donbass ssenarsi"ni gerçəkləşdirmək üçün "əsaslar" yaratmağa xidmət etdiyini bildirirlər.

Xatırladaq ki, 2014-cü ildə Rusiya və Ukrayna arasında baş verən münaqişə zamanı Rusiya Donbass və Luqanskda rusdilli əhaliyə kömək adı ilə bölgəyə hərbi qüvvələr göndərərək ölkənin bir hissəsini işğal edib. Əlbəttə, Qarabağ və Donbass problemləri kifayət qədər fərqli münaqişlər olsa da, görünür, bəzi rus strateqləri təcrübədən keçirilmiş yollarla hərəkət etməyi tövsiyə edirlər. Bu barədə rusdilli "Caliber.az" saytında əhatəli təhil dərc olunub (Videomaterial yazıya əlavə olunub - red.).

Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl "AzPolitika.info"-ya şərhində bildirib ki, Xankəndində Qarabağ rus icmasının formalaşdırılması ilə bağlı işlər görüldüyü haqqında “Caliber.az” saytında yayılan məlumatla tanış olanda təəccüblənməyib. O, əvvəlcə 90-cı illərin əvvəlləridə Azərbaycandan ermənilərin köçürülməsi prosesində rastlaşdığı bir hadisəni yada salır.

"1991-ci ildə Çaykənd erməni yaraqlılarından azad olunmuşdu və mülki əhalini helikopterlərlə Xankəndinə yola salırdıq. Onların arasında təxminən 35-40 yaşlarında milliyyətcə rus olan bir qadın da vardı. Qadın çox mehribanlıqla mənimlə danışır, yaraqlılardan onların canını qurtardığımıza sevindiyini deyir və növbəti helikopterlə onu iki uşağı ilə birlikdə yola salmağımı xahiş edirdi. Növbəti gün Moskvanın “Vremya” xəbərlər proqramına Xankəndinə köçürülən Çaykənd sakinlərindən müsahibə verənlər içərisində bu qadın da danışdı və azərbaycanlıların ermənilərə və ruslara qarşı müharibə apardığını dedi. Xəbərə baxan və bölgədən xəbəri olmayanlarda belə bir təsəvvür yaranırdı ki, sanki Çaykənddə xeyli ruslar yaşayır. Amma həyat yoldaşı erməni olan cəmi bir rus qadın yaşayırdı... Bu gün heç Ermənistan Respublikasında icma sayına uyğun gələn sayda ruslar yaşamadığı halda, əcaba Qarabağda hardan peyda oldu ruslar ki, bir icma da yaradırlar?" - ekspert sual edir.

İ.İsmayılın sözlərinə görə, "Caliber.az"-ın məlumatında dəqiq göstərilir ki, 1989-cu il siyahıyaalmasında keçmiş DQMV-də cəmi 1922 rus yaşayırmış, onun da 800 nəfərini Xocavəndin Kuropatkino kəndində yaşayan malakanlar təşkil edib, qalanları da ezam olunmuş partiya-sovet işçiləri: "90-cı illərin əvvəlində həmin kəndin sakinlərinin bir hissəsi Azərbaycanın başqa rayonlarında yaşayan malakanların yanına köçüb, bir hissəsi də Rusiyaya. Faktiki bu günlərdə Qarabağ sakini sayıla biləcək rusların mövcudluğu barədə heç bir informasiya yoxdu, əgər varsa da, bu, erməniyə ərə getmiş rus qadınlar ola bilər ki, onların da sayı 5-10 nəfər ola-olmaya. Və o qadınların içərisindən Qalina Somova deyilən “Rusiya diasporası”nın Qarabağdakı təmsilçisi 44 günlük müharibə başlayanda Rusiya Prezidentinə teleqram vurub kömək istəyirmiş. Qondarma “rus diasporası işini” aparmaq Somovanın bacardığı iş olmadığı dərk olunanda onu Rusiya xüsusi xidmət orqanlarının akademiyasını bitirmiş hüquqşünas və yazıçı Aleksandr Bordovla əvəz etmək qərarına gəliblər. Əslən erməni olan, Bakıda doğulmuş və Zori Balayanın yaxın dostu “Qarabağın rus icmasına” rəhbərlik etməyə başlayıb. Artıq dekabrın 1-dən başlayaraq Xankəndi və ətrafında slavyan əsilli şəxslərin siyahıya alınmasına başlanıb. Bunu Rusiya Federasiyası dövləti edir".

Ekspert xatırladır ki, əvvəlcə Xocalıda provaslav kilsəsi tikilir, sonra rus sərkərdəsi Nevski başda olmaqla rus yazıçılarının büstləri qoyulur, ardınca Ayvazovskinin büstü.

"Amma bu heykəltaraşlıq nümunələrinin önündə erməni uşağını xilas edən rus əsgərinin heykəli gəlir. Şərqi Almaniyada da buna bənzər bir heykəl qoyulmuşdu, zaman keçdi, indi o əsgərin sərhədi Berlində yox, Rostovdadır. Qarşıdakı düşməni də öz provaslav qardaşı ukraynalı - Ukrayna dövlətidir", - o vurğulayır.

İlham İsmayıl deyir ki, indi hədəfdə Azərbaycan Respublikasının Qarabağ bölgəsidir: "Azərbaycanın qarşısında Ermənistan deyə məğlub olmuş, əzilmiş, böhran içində olan bir ölkə və bu ölkədən qaçan, miqrasiya edən ermənilər yoxdur. Kilsəsini, heykəllərini, əsgərini, indi də qondarma Qarabağ rus diasporasını” yaradan bir dövlət var. Bir separatçı ideoloqun, xüsusi xidmət orqanı akademiyasını bitirmiş hüquqşünasın “diaspora sədri” qoyulmasının perspektivdə bizə nə vəd etdiyini bilmək üçün xüsusi qabiliyyət gərək deyil. Hər şey göz qabağındadır. İşimizi bilib, iş görməliyik. Təklif verməyə ehtiyac yoxdur, işin içində olanlar hardan başlamağı yaxşı bilirlər".

"AzPolitika.info"