Rusiya Ukraynaya  Tu-95M  və Tu-160 strateji bombardmançıları ilə zərbələr endirəcək

Rusiya Ukraynaya Tu-95M və Tu-160 strateji bombardmançıları ilə zərbələr endirəcək

25 Yanvar 2022 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Ukraynaya qarşı irimiqyaslı hərbi müdaxiləyə başlasa aviazərbələrin ilk dalğasını Tu-95M və Tu-160 strateji bombardmançıları ilə həyata keçirə bilər. Üstəlik Ukraynanın hava məkanına daxil olmadan.

Oxuməni.az xəbər verir ki, bu barədə “Forbes” dərgisinin məqaləsində deyilir. Bildirilir ki, ABŞ və Çindən sonra Rusiya Hava Kosmik Qüvvələri dünyada ən iri bombardmançı aviasiya parkına malikdir. Rusiya Hava Kosmik Qüvvələrinin sərəncamında 137 Tu-22M3, Tu-95 və Tu-160 bombardmançıları var. “Gözləmək olar ki, əgər prezident Vladimir Putin öz qoşunlarına Ukraynada müharibəni genişləndirmək əmri versə bu bombardmançıların bir çoxu hava zərbələrində mühüm rol oynayacaq”, - nəşr yazır.

“Forbes” qeyd edir ki, Ukrayna hərbçiləri bu təyyarələrə qarşı nəsə edə bilməyəcək. Çünki illərlə davam edən modernizasiyadan sonra Rusiya bombardmançıları öz imkanlarına görə ABŞ bombardmançılarına yaxınlaşıb, onlar qurudakı hədəfləri yüzlərlə, hətta minlərlə kilometr məsafədən yüksək dəqiqliklə vura bilər. Bu zaman bombardmançılar rəqibin Hava Hücumundan Müdafiə sistemlərinin əhatə dairəsindən uzaqda olacaq.

Hədəflərə rəqibin hava hücumundan müdafiəsinin əhatə dairəsindən uzaqdan dəqiq zərbə endirmək taktikasından uzun illər ABŞ Hərbi Hava Qüvvələri istifadə edib. 1986-cı ildən etibarən B-52 bombardmançıları inersial idarəetmə sisteminə və tuşlamaya malik olan, 2400 kilometr mənzilli AGM-86 raketlərinin qeyri-nüvə versiyası ilə silahlanmağa başlayıb. 33 il ərzində, yeni silah hazırlanana qədər AGM-86 ABŞ Hərbi Hava Qüvvələrinin əsas qanadlı raketi olub və Amerika bombardmançılarına düşmən hədəflərinə yaxınlaşmadan zərbə endirmək imkanı verib.

Rusiya hərbi hava qüvvələri isə uzun illər ərzində əsasən gəmilər əleyhinə raketlərə üstünlük verib və yerüstü hədəflərə havadan zərbə endirmək imkanlarını genişləndirmək imkanlarını ləng təkmilləşdirib. Ruslar öz bombardmançılarını qanadlı raketlərlə ancaq 2000-ci illərin ortalarında silahlandırmağa başladılar. Və yalnız 2015-ci ildə Tu-160 bombardmançısı Suriyada yaraqlılara X-101 qanadlı raketi ilə zərbə endirdi.

Bu raketin uzunluğu 7,45 metr, çəkisi 2,5 yona yaxın və döyüş başlığı 400 kiloqramdır. Raketin mənzili 5 min kilometrə yaxındır. Relyefə uyğun uçuş trayektoriyası seçir, peykdən istiqamətləndirilir və dəqiqliyinə görə ABŞ-ın birinci nəsil qanadlı raketlərinə yaxındır. Bəzi raketlər hədəfi 10 metr dəqiqliyi ilə vurur. Hazırda Tu-160 və Tu-95 bombardmançıları X-101 raketlərini Suriyada fəal istifadə edir.

Hazırda Rusiya Hava Kosmik Qüvvələri azı 76 belə bombardmançılara malikdir və onlar Ukraynaya yaxınlaşmadan X-101 raketləri ilə bu ölkəyə zərbələr endirə bilərlər. “Hətta X-101 raketlərinin baza variantı Tu-160 təyyarələrinə Rusiyanın hava məkanının dərinliklərində qalmağa və oradan Avropadakı istənilən hədəfləri vurmağa imkan verir”, - Londondakı beynəlxalq strateji araşdırmalar İnstitutunun analitiki Duqlas Barri deyir.

O qeyd edir ki, Rusiyanın mərkəzi hissəsində, Engels şəhəri yaxınlığında yerləşən 121-ci aviasiya polkunun tərkibində olan Tu-160 bombardmançılarının əhatə dairəsi İspaniyanın cənub-qərbi istisna olmaqla Avropanın böyük hissəsidir. Analitik bildirir ki, onlarla belə təyyarə Rusiyanın dərinliklərindəki aerodromlardan qalxaraq yüksəklik yığa, X-101 raketləri ilə zərbə endirə və sürətlə geri qayıda, yenidən silahlana və zərbələri təkrar edə bilər.

Ukrayna isə bu zərbələrə qarşı heç nə edə bilməyəcək. Nəzəri olaraq qanadlı raketləri hədəfə yaxınlaşanda vurmaq olar, amma bunu etmək çətindir. Praktika göstərir ki, amerikalılar qanadlı raketlərlə zərbələr endirəndə bu raketlərin böyük əksəriyyəti havadan müdafiə sistemlərini yan keçib. Ona görə də ukraynalıların bu raketlərdən qorunmağının ancaq bir yolu var - onlar bacardıqca hərəkəti davam etdirməlidir, mümkün olmayanda isə səngərlərə girməlidir.

virtualaz.org