"Rusiya vətəndaşları səfərbərlikdən yayınmaq üçün ya qaçır, yaxud  əl-qollarını sındırırlar…”

"Rusiya vətəndaşları səfərbərlikdən yayınmaq üçün ya qaçır, yaxud əl-qollarını sındırırlar…”

23 Sentyabr 2022 06:56
Bəyəndim (0) Bəyənmədim (0)

“Qismən səfərbərlik Putinin özünə qarşı basdırdığı böyük mina oldu…”

“Putinin qismən səfərbərlik haqda verdiyi son sərəncam birmənalı olaraq Rusiya siyasi hakimiyyətinin bu günədək keçirdiyi dırnaqarası “xüsusi əməliyyat”ın heç bir nəticə vermədiyini dolayısıyla boynuna almasıdır. Və təbii ki, bu sərəncam Putinin özünə qarşı basdırdığı böyük minadır. Bunu bu saat Rusiya daxilində, Rusiya cəmiyyətində baş verənlər də əyani olaraq göstərir”.

Oxuməni.az xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan hərbi ekspert, polkovnik Elxan Nuriyev Moderator.az-a açıqlamasında deyib..

“Məsələ burasındadır ki, yalnız Ukrayna tərəfi deyil, dünyanın tanınmış hərb institutları və analitik mərkəzləri də bildirirlər ki, Rusiyanın daimi dislokasiya olunan peşəkar silahlı qüvvələrinin 80 faizi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb... Təbii ki, əgər Putinin “xüsusi əməliyyatı”nın real nəticələri olsaydı, Rusiya ictimaiyyətidnə bu cür narazılıq doğuran “qismən səfərbərlik” adlanan əslində məcburi səfərbərlik həyata keçirilməzdi. Gizli səfərbərlik onsuz da aylardır ki, keçirilir. İkinci dünya savaşından sonra ilk dəfədir ki, Rusiyada səfərbərlik həyata keçirilməyə başlanıb...

“Rusiyadakı Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryov kimi müxalif həmfikirlərinizlə kyenə əlaqəniz varmı? Onlar indi yaranmış əlverişli situasiyada nə düşünürlər, Putin rejiminə qarşı hansı addımları planlaşdırırlar?” sualını isə soydaşımız belə cavablandırıb:

“Bəli, əlaqələrimiz davam edir. Təbii ki, qismən səfərbərlik qəararından sonra yaranmış durum Rusiyanı real müxalifəti üçün göydəndüşmədir. Sözsüz ki, incəliklərini bilə bilmərik, ancaq anladığım belədir ki, Rusiya müxalifətinin fərqli-fərqli qolları artıq postputin dövrünə hazırlıq görürlər, bununla bağlı müəyyən danışıqlara başlayıblar. Amma hələlik konkret olaraq kimin hansı formada və necə danışıqlar apardığını bilmirik. Bilirsiz ki, Rusiya müxalifəti fərqli rənglərdədir: orada solçulardan tutmuş radikallara qədər müxtəlif qüvvələr var. Ancaq , təbii ki, biz imperiya düşüncəli olmayan, horizontal münasibətlər qura biləcək siyasi qüvvələrlə əməkdaşlıq edə bilərik. Azərbaycan tərəfinə də bunu məsləhət görərdim”- deyən həmsöhbətimiz Rusiya daxilində vəziyyətin getdikcə gərginləşməsindən də bəhs edib.

“Öncə dediyimiz kimi, Putin özünə qarşı əlacsızlıqdan böyük bir mina basdırıb. Yəqin bilirsiz ki, son bir həftə ərzində Kremldə müzakirə olunan əsas məsələ Putinin xəstəliklə bağlı müvəqqəti olaraq siyasi fəaliyyətdən kənarlaşdırılması və bütün məsuliyyətin təhlükəsizlik və müdafiə şurasının öz üzərinə götürməsi olub. Və anonsa görə sentyabrın 20-də yayılmalı olan müraciət böyük ləngimə ilə yalnız dünən -ayın 21-də efirə verildi. Və çıxışı zamanı Putinin simasında təşviş, həyəcan və əsəbilik də hiss olunurdu. Qərb kəşfiyyat mənbələrinin də məlumatına görə, bütün bunlar ondan xəbər verir ki, Putini razılaşdırmaq mümkün olmayıb... Yəni hakimiyyət daxilində də vəziyyət gərgindir. Və müxalifətin nə planlaşdırmasını gözləmədən hələlik Rusiyanın mərkəzi hissələrində kortəbii etiraz aksiyaları davam edir. Ölkədə bir ajiotaj, qaçhaqaç başlayıb. Rusiya vətəndaşları səfərbərlikdən yayınmaq üçün ən müxtəlif yollara, üsullara əl atırlar; əl-qollarını sındırırlar, ayaqlarını əzirlər və s. Tibb məntəqələrində, xəstəxanalarda böyük növbələr var. Aeroport, vağzalarda, kassalarda adamlar qaynaşır. Qaçanları xaricə daşımaq üçün nəqliyyat vasitələri də bəs etmir. Vizasız gəlinən ölkələrdən biri də Azərbaycandır. Bu mənada da Azərbaycanın müvafiq qurumları müəyyən tədbirlər görməlidir...

Getdikcə təbii ki, gərginlik artacaq. Çünki artıq Rusiya toplumunun əksəriyyəti dərk edir ki, aylardır davam edən bu savaş bir nəfərin istəyi ilə aparılan bir savaşdır. Və onu udmaq qeyri-mümkündür”- deyə Elxan Nuriyev vurğulayıb.