Rusiyadakı soydaşlarımızı gözləyən təhlükə: Müharibəyə səfərbərlik və ölümə göndərilmək...

Rusiyadakı soydaşlarımızı gözləyən təhlükə: Müharibəyə səfərbərlik və ölümə göndərilmək...

24 Sentyabr 2022 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

“Moskva şirnikləndirici təkliflərlə miqrantları orduya cəlb etməyə çalışır”

Xəbər verildiyi kimi, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiyanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, təhlükəsizliyini təmin etmək üçün Müdafiə Nazirliyinin qismən səfərbərlik elan olunması ilə bağlı təklifini qəbul etdiyini açıqlayıb.

“Təkrar edirəm. Burada söhbət qismən səfərbərlikdən gedir. Yəni ki, hərbi xidmətə ancaq hazırda ehtiyatda olanlar çağırılacaq. İlk növbədə Silahlı Qüvvələrdə xidmət edənlər, xüsusi hərbi ixtisasa malik olanlar səfərbərliyə cəlb olunacaqlar”, - Rusiya Prezidenti vurğulayıb.

Qeyd edək ki, səfərbərlikdən bir gün öncə Rusiyada yaşayan əcnəbilərə vətəndaşlıq verilməsi ilə bağlı yeni qanun qəbul edilib. Bu qanuna əsasən, artıq Rusiya ordusunda ən azı bir illik xidmətlə bağlı müqavilə bağlayan əcnəbilərə dərhal vətəndaşlıq veriləcək.

Yeni qərar Rusiyada yaşayan miqrantlar arasında böyük narahtlıqlara səbəb olub. Miqrantlar Rusiyanın gələcəkdə bu cür üsullarla, məcburi təkliflərlə Ukraynadakı müharibəyə cəlb oluna biləcəklərindən ehtiyat etməyə başlayıblar.

Əslində onların bu narahatlığı başadüşüləndir. Çünki həbsxanadakı məhbusları belə müharibəyə göndərməyə hazır olan Rusiyanın, şübhəsiz ki, miqrantlarla bağlı da planları var.

Məlumat üçün qeyd edək ki, qeyri-rəsmi məlumatlara əsasən, hazırda Rusiyada təxminən 2 milyona yaxın azərbaycanlı yaşayır. Son illər azərbaycanlıların Rusiyada ən çox vətəndaşlıq alan miqrantlar arasında ilk sıralarda qərarlaşdığı bildirilir. Statistik məlumatlara görə, 2020-ci ildə Rusiya vətəndaşlığı alan azərbaycanlıların sayı 62 faiz artıb. Belə ki, həmin il 21 min 900 azərbaycanlı Rusiya vətəndaşlığını qəbul edib.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2021-ci ildə 735 min 400 nəfər Rusiya vətəndaşlığını qəbul edib. Keçən il Rusiya vətəndaşlığı alanlar siyahısında birinci yeri Ukrayna vətəndaşları (376 min nəfər) tuturlar. Ötən il, həmçinin 103 min Tacikistan, 49,9 min Qazaxıstan, 46,9 min Ermənistan, 31,9 min Özbəkistan vətəndaşı Rusiya pasportuna sahib olub.

Bəs belə olan halda Rusiya vətəndaşlığı alan etnik azərabaycanlıları və bu ölkədəki vətəndaşlarımızı nə gözləyir?

Oxuməni.az xəbər verir ki, bu mövzuyla bağlı Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, Avrasiya Miqrasiya Təşəbbüsləri Platformasının rəhbəri Azər Allahverənov "AzPolitika.info"-ya şərhində bildirib ki, səfərbərliklə bağlı yeni fərman birbaşa olaraq Rusiya Federasiyasının vətəndaşlarına şamil edilir: “Burada hər hansı etnik bölgü aparılmır. Əgər vətəndaşlar 3 kriteriyaya uyğundurlarsa, səfərbərliyə cəlb olunurlar. Bura hərbi mükəlləfiyətlilər, hərbi ixtisası olanlar və daha öncə hərbi əməliyyatlarda iştirak edənlər daxildir. Onlar bu 3 meyar əsasında səfərbərliyə cəlb olunacaqlar. Digər tərəfdən ehtiyatda olan hərbçilərin özləri də müəyyən qruplara bölünürlər. Bura kçik və yüksək rütbəli hərbçilər daxildir. İlk növbədə səfərbərliyə birinci qrupa aid olan hərbçilər cəlb olunacaqlar”.

Ekspert bidirib ki, səfərbərliyə cəlb olunanlar arasında etnik azərbaycanlılar da ola bilər: “Onlar Rusiya vətəndaşı olaraq bu prosesə cəlb oluna bilərlər. Əgər hərbi xidmtləri və hərbi ixtisasları varsa orduya çağrılacaqlar. Hazırda belə şəxslərin sayıyla bağlı dəqiq məlumat vermək çətindir. Çünki onlar arasında son illər Rusiya vətəndaşlığı alan şəxslər, zamanında orada yaşayanlar var. Yalnız hadisələrin gedişatından sonra səfərbərliyə nə qədər etnik azərbaycanlının cəlb olunduğu ortaya çıxacaq”.

A. Allahverənov qeyd edib ki, səfərbərliyə cəlb olunan etnik soydaşlarımız Azərbaycana gəlsələr, onlar heç bir təqibə məruz qalmayacaqlar: “Azərbaycan qanunvericliyində olan müddəlara əsasən, Azərbaycan Respublikasının vətəndaşları digər ölkələrin qeyri-qanuni hərbi birləşmələrində iştirak edə bilməzlər. Bu barədə müvafiq cəzalar da mövcudur. Ancaq Rusiya vətəndaşlığını qəbul edən şəxslər əcnəbi hesab olunduqları üçün onları Azərbaycanda hər hansı bir cəza gözləmir”.

Ekspert əlavə edib ki, yeni qanuna əsasən, bu ölkədə yaşayan əcnəbilər Rusiyayla 1 il hərbi müqavilə bağlasalar onlara sadələşdirilmiş qaydada vətəndaşlıq veriləcək: “Burada bir neçə ziddiyətli məqam var. Bəzi ölkələr bu qərarı normal qarşılayırsa, bəzi ölkələr buna etiraz edir. Məsələn, Mərkəzi Asiya ölkələri – Qırğızıstan, Qazaxıstan və Özbəkistan artıq öz vətəndaşlarına müraciət edərək bildiriblər ki, Rusiyanın bu tip təklifləri qətiyyən qəbul etməyin. Azərbaycan isə hələlik bu barədə heç bir müraciət yayımlamayıb.

Hazırda Rusiyada böyük bir kampaniyanın getdiyinin şahidi oluruq. Məsələn, Moskva yaxınlığında “miqrant mərkəzi” adlanan bir ərazi var. Həmin ərazi miqrantların toplu yaşadığı bir yerdir. Rusiyanın dövlət qurumlarının bu mərkəzdə kampaniya apardığı bildirilir. Onlar miqrantlara Rusiya Silahlı Qüvvələrində xidmət etmək üçün 1 illik müqavilə bağlamağı, qarşılığında isə Rusiya vətəndaşlığı təklif edirlər. Ona görə də hazırda həmin əcnəbilərin mənsub olduğu ölkələr öz vətəndaşlarına bu tip şirnikləndirici təkliflərlə qarşılaşarkən ehtiyatlı davranmağı tövsiyyə edirlər”.AzPolitika.info