Brayza: Blinken və Bayden Pelosinin səfərindən çox da məmnun qalmayıblar

Brayza: Blinken və Bayden Pelosinin səfərindən çox da məmnun qalmayıblar

24 Sentyabr 2022 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

“Bu çox yaxşı xəbərdir ki, dövlət katibi Blinken Azərbaycan və Ermənsitan XİN başçıları arasında danışıqlara vasitəçilik edib. ABŞ-ın konfliktoloji təzyiqləri azaltmaqda böyük təcrübəsi var. O, həmçinin uzun müddət, Minsk Qrupunun üzvü olub. Lakin indiki məqamda bu qurum funksionallığını itirib. Çünki onun digər üzvü olan Fransa açıq şəkildə Ermənistanın tərəfini tutub, Rusiya isə sülhü təmin edə bilməyib. Nəticədə hazırda Azərbaycanda Minsk Qrupunu ölü qurum adlandırırlar. Çünki Qarabağ münaqişəsi artıq öz həllini tapıb və burada heç bir statusdan söhbət gedə bilməz".

Oxuməni.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza sərhəd toqquşmasından sonra yaranmış situasiyanı Pressklub.az-a dəyərləndirərkən deyib.

O, ölkəsinin İrəvan və Bakı arasındakı sülh danışıqlarında yeganə uğurlu vasitəçi olduğunu qeyd edib: "Bundan sonra növbədə sülh prosesini intensivləşdirmək durur ki, rəsmi Vaşinqton bu işə töhfə verə bilər. Lakin biz konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin son ziyarətindən gördük ki, ABŞ-da hamı mövcud status-kvo ilə razı deyil, xüsusilə Kaliforniyada”.

Sabiq səfirin sözlərinə görə, Pelosinin Ermənistana səfəri və səsləndirdiyi fikirlər rəsmi Vaşinqtonun real mövqeyini əks etdirmir, hətta Blinken sonuncu vasitəçilik təşəbbüsü ilə onun diplomatik səhvlərini düzəltməyə çalışıb: “Nensi Pelosi Kaliforniyadandır, burada isə güclü erməni diasporu var. Düşünürəm ki, Blinken və Bayden Pelosinin səfərindən çox da məmnun qalmayıblar. Buna görə də Blinken vəziyyəti düzəltməyə çalışır. Konqres ABŞ siyasətində azad qurumdur və Pelosinin Bayden administrasiyasından asılılığı yoxdur, nə istəsə edə bilər. O özü özbaşına seçim edə bilər. Açıq aşkar isə Blinken və Bayden bu münaqişədə tərəf tutmur, daha səmərəli yol tutmağa və tərəfsiz mediator olmağa çalışırlar”.