ABŞ, Fransa və Rusiya “erməni xəyalları”nı puça çıxarır

ABŞ, Fransa və Rusiya “erməni xəyalları”nı puça çıxarır

29 Sentyabr 2022 06:51
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistan cəmiyyətinə açıq mesaj verildi ki, Paşinyan hakimiyyətinin xaricdə dəstək axtarmaq cəhdləri mənasızdır, çünki ABŞ, Fransa və Rusiya Azərbaycan-Türkiyə İttifaqına təsir etmək mexanizmlərinə sahib deyil... Ona görə də, nə qədər ki, geç deyil, heç olmasa, Ermənistan dövlətinin mövcudluğunu qorumaq naminə Azərbaycan və Türkiyə ilə anlaşmaq, sülh sazişi imzalamaq qaçılmazdır...

Ermənistan cəmiyyəti hələ də reallıqlar və “xəyallar” arasında qalıb. Erməni toplumunun “xəyalları” reallıqdan çox-çox uzaqdır, artıq əlçatmazdır. Geopolitik reallıqlarsa, barışmaq istəməsələr belə, Ermənistan cəmiyyəti üçün əzicidir, yalnız pessimist variantlar vəd edir. Və bu səbəbdən də, Ermənistanda kəskin siyasi-ideoloji ziddiyyətlər dərinləşməkdə davam edir.

Təbii ki, erməni siyasi elitası Cənubi Qafqazda nə baş verdiyini, Ermənistanı hansı təhlükələrin gözlədiyini anlayır. Sadəcə, erməni siyasi dairələri anladıqlarını qəbul etmək, mövcud situasiya ilə barışmaq qabiliyyətindən məhrumdur. Nəticədə, Ermənistan doğru istiqamətə deyil, məhz daha böyük itkilərin qaçılmaz olacağı tərəfə sürüklənir.

İndi Ermənistanın yeganə xilas yolunun Azərbaycan və Türkiyə ilə anlaşıb, normal münasibətlər qurulmasından keçdiyini hətta ən radikal erməni revanşistləri belə, tam dəqiqliyi ilə bilir. Ancaq buna israrla müqavimət göstərirlər, “möcüzə”nin baş verə biləcəyinə - geopolitik situasiyanın Ermənistanın xeyrinə dəyişəcəyinə ümid bəsləyirlər. Bununla da, indi olan daha sərfəli anlaşma şanslarını da əldən verirlər, əvəzində növbəti mərhələdə əvvəlkindən ağır şərtlərlə qarşı-qarşıya qalırlar.

Son bir neçə həftə Ermənistan cəmiyyəti “Pelosi eyforiyası”nın təsiri altında oldu. Hətta Paşinyan hakimiyyəti bir-birinin ardınca ABŞ-a, Fransaya səfərlərlə Ermənistanın beynəlxalq səviyyədə müdafiəsinə nail olmağa çalışdı. Əldə edə bildiyi isə yalnız ABŞ və Fransanın ənənəvi “narahatlıq bəyanatları”nı toplamaqdan ibarət olub.

Rəsmi İrəvanın ABŞ və Fransanı Azərbaycana qarşı “sərt addımlara” sövq etmək istəkləri isə yenə də “erməni xəyalları” kateqoriyasından kənara çıxmayıb. Ermənipərəst amerikalı konqresmen Ceki Speyer Amerika Erməni Assambleyasının təşəbbüsü ilə təşkil olunan onlayn görüş zamanı bildirib ki, ABŞ hökumətinin Ermənistana hərbi dəstək verməyə hazır olması da az əhəmiyyət kəsb etmir: “Ancaq ABŞ Ermənistana Rusiyanın əlinə keçəcək silahları verə bilməz. Ona görə də müəyyən mənada, əlimiz-qolumuz bağlıdır”.

Amerikalı konqresmen Ukraynanı misal çəkərək, Ermənistanın da bu ölkənin yolu ilə gedəcəyinə və Rusiyaya qarşı müqavimət göstərəcəyinə ümid etdiyini bildirib. Erməni kökləri olan Ceki Speyer Ermənistanı vətəni hesab etdiyini bildirib və bu ölkənin Sovet İttifaqı dönəminə qayıtmasını istəmədiyini qeyd edib. Və bu o deməkdir ki, rəsmi İrəvan Ağ Evdən hərbi dəstək umsa da, ABŞ-da Ermənistanın Rusiya ilə qarşıdurma cəsarəti gözləyirlər.

Bütün bunlar onu göstərir ki, nə ABŞ, nə Fransa Ermənistanın əvəzində heç bir ölkə ilə savaşmaq niyyətində deyil. Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Robert Köçəryan da əsas diqqəti bu önəmli reallığa yönəltməklə, erməni toplumunun ümidlərini tamamilə puça çıxarıb: “ABŞ və ya Fransanın bizə kömək edəcəyini düşünmək mənasızdır. Rusiya regionda real güc sahibi olaraq, qalır. Ancaq Rusiyanın da Azərbaycana qarşı savaşa başlayacağına inanmaq tamamilə absurddur”.

R.Köçəryan onu da bildirib ki, Ermənistan dərin təhlükəsizlik böhranı yaşayır və hakimiyyət ölkənin ərazi bütövlüyünü qoruya bilmir.Onun fikrincə, Azərbaycanın son hərbi əməliyyatları göstərdi ki, Paşinyan hakimiyyəti öhdəliklərini yerinə yetirmək üçün müqavilələri olan beynəlxalq tərəfdaşlarını prosesə cəlb edə bilmədi: "Hakimiyyət sülh dövrünün utopik tezislərinə qapılıb. Son hadisələrin fonunda Azərbaycan və Türkiyənin regionda rolu kəskin şəkildə artıb. Rusiya və KTMT-nin də onlara təsir rıçaqları azalıb”.

Ermənistanın keçmiş prezidenti Türkiyənin Azərbaycanla hərbi müttəfiq olmasının vacib geopolitik faktor olduğuna da diqqət çəkib. Onun fikrincə, ABŞ, Fransa və Rusiyanın hazırda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təsir mexanizmləri yoxdur: “Ərdoğan milli maraqların müdafiə olunması məsələsində ustadır”.

Göründüyü kimi, keçmiş prezident, hərbi cinayətkar Serj Sarkisyanla ortaq şəkildə radikal-revanşist Qarabağ klanına rəhbərlik edən R.Köçəryan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına qarşı çıxsa da, əslində, Ermənistan üçün taleyüklü situasiyanın yarandığını da qətiyyən istisna etmir. Əksinə, Ermənistanın xarici dəstəksiz və çarəsiz qaldığına dolayısı eyhamlar vurur. Və bu baxımdan, Ermənistan cəmiyyətinin onun açıqlamalarından ruh düşkünlüyünə düşə biləcəyini də ehtimal etmək olar.

Digər tərəfdən, R.Köçəryanın təslimçilikdə suçladığı Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan mövcud reallıqları erməni toplumuna daha açıq mesajlarla çatdırmağa üstünlük verir. Onun fikrincə, Ermənistanı çətin və ağrılı qərarlar gözləyir: “ Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq. Bu, heç kimə xoş gəlmir. Ancaq elə an gələcək ki, başqa seçim olmayacaq. Bəli, bu, kapitulyasiyadır. Şərait buna gətirib, çıxartdı”.

L.Ter-Petrosyan hesab edir ki, əgər, indi az-çox razılaşmalar əldə etmək mümkündürsə, daxili iğtişaşların davam edəcəyi, hər kəsin özünü Ermənistanın növbəti prezidenti kimi hiss edəcəyi təqdirdə, proses daha da ağırlaşacaq: “Belə vəziyyətdə Türkiyə və Azərbaycanın tələbləri daha da artacaq. Əgər, biz daha yarım il də belə davam etsək, ölkəmiz olmayacaq”.

Təbii ki, bu, Ermənistan cəmiyyəti üçün şok effekti verən bir xəbərdarlıq mesajıdır. Çünki, bu mesajın müəllifi erməni toplumundan kənarda deyil. Ermənistan cəmiyyitində kifayət qədər ciddi nüfuzu olan bir erməni siyasətçi dövlətçiliyin itirilmə təhlükəsi barədə xəbərdarlıq edir. Və indikindən daha yaxşı situsiyaya ümud bəsləməyin tamamilə yersiz olduğunu anlatmağa çalışır.

L.Ter-Petrosyanın açıqlamasında ən maraqlı məqam onun qondarma "Artsax" məsələsinin artıq həll olunduğunu vurğulamasıdır: “Mən insanların ümidini qırmaq istəmirəm. Ancaq indi Ermənistan "Artsax"da aktyor deyil. "Artsax" məsələsinin həllinin açarı bu müharibədən əvvəl Rusiyanın əlində idi. İndi isə Rusiyanın özünün çoxlu problemləri var. Mümkündür ki, indi bu açar haradasa itirilib. İndi Rusiyadan nə gözləmək olar?”

Beləliklə, Ermənistan cəmiyyətinə açıq mesaj verilir ki, “erməni xəyalları”ndan təcili ayılmaq lazımdır. Əks halda, “erməni xəyalları” davam edərsə, nəinki “Artsax”, ümumiyyətlə, Ermənistan dövlətçiliyi də tezliklə həmişəlik itiriləcək. Paşinyan hakimiyyətinin ABŞ-da, yaxud Fransada dəstək axtarması da heç bir işə yaramayacaq. Ona görə də, nə qədər ki, geç deyil, heç olmasa, Ermənistan dövlətinin mövcudluğunu qorumaq naminə Azərbaycan və Türkiyə ilə anlaşmaq, sülh sazişi imzalamaq qaçılmazdır.Yeni Müsavat