ABŞ yeni nəsil bombardmançı B-21 Raider-i təqdim edib

ABŞ yeni nəsil bombardmançı B-21 Raider-i təqdim edib

4 Dekabr 2022 07:50
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Hərbi Hava Qüvvələri Soyuq Müharibədən bəri ölkədə xidmətdə olan B-1 və B-2 təyyarələrini tədricən əvəz edəcək ən yeni B-21 nüvə bombardmançısını təqdim edib.

Oxuməni.az xəbər verir ki, təqdimat istehsalçının Kaliforniyadakı Northrop Grumman zavodunda baş tutub.

B-21 ABŞ-ın son 30 ildə istehsal etdiyi ilk bombardmançı təyyarəsidir . Onun dəyəri təxminən 700 milyon dollardır.

O, həm nüvə, həm də adi döyüş sursatlarını daşımağa qadirdir.

Bombardmançının digər imkanları hələ açıqlanmayıb.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin dünən bildirib ki, B-21-in təqdimatı ABŞ-ın texnologiya və innovasiya sahəsində davamlı üstünlüklərinə dəlalət edir.

O izah edib ki, bombardmançı təyyarənin yaradılması yarım əsrlik tədqiqatların və müxtəlif sahələrdə, o cümlədən digər ölkələrin indiyədək az əhəmiyyət vermədiyi sahələrdə əldə olunan nailiyyətlərin nəticəsidir.

İstehsalçılar qeyd edirlər ki, yeni bombardmançı təyyarənin yaradılmasında yeni texnologiya və materiallardan istifadə olunur, onun haqqında məlumatlar hələ də məxfi saxlanılır.

Yalnız B-21-lərin yeni nəsil gizli texnologiya ilə təchiz olunduğu bildirilir.

ABŞ-ın müdafiə naziri belə deyib: “Hətta ən qabaqcıl hava hücumundan müdafiə sistemləri də B-21-i səmada aşkar edə bilməyəcək.

Təyyarənin dizaynı onun hələ ixtira olunmamış silahları daşıya bilməsini nəzərdə tutur. Amerikalı mühəndislər bunu “açıq sistem” adlandırırlar.

ABŞ Hərbi Hava Qüvvələri bildirir ki, B-21 pilotsuz təyyarə kimi fəaliyyət göstərə bilər, lakin pilotsuz uçuşlar hələ müzakirə edilməyib və ya nəzərdə tutulmayıb.

B-21-in ilk uçuşunun 2023-cü ildə baş tutacağı gözlənilir.

Hazırda istehsalda altı təyyarə var. ABŞ Hərbi Hava Qüvvələri ən azı 100 ədəd almağı planlaşdırır.

Emin, Axund, Oxuməni.az