Saakaşvili ağır vəziyyətdə reanimasiyaya köçürülüb

Saakaşvili ağır vəziyyətdə reanimasiyaya köçürülüb

1 Fevral 2023 09:26
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili son bir neçə aydır yatdığı Vivamedi xəstəxanasından reanimasiyaya köçürülüb.

Oxuməni.az xəbər verir ki, Saakaşvili ilə yaxın münasibətdə olan Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko Facebook sosial şəbəkəsində onun vəziyyətinin ağır olduğunu yazıb.

Saakaşvilinin vəziyyətinin ağırlaşdığı üçün reanimasiyaya köçürülməsi faktı Gürcüstanın Mtavari və Formula telekanallarının efirində açıqlanıb. Siyasətçinin transferi ilə bağlı məlumatı onun vəkili Şalva Xaçapuridze də təsdiqləyib.

Bu arada Vivamedi klinikası Saakaşvilinin hələ də orada olduğunu iddia edir. Klinikanın direktoru Nino Nadiradze “Azadlıq” radiosunun gürcü xidmətinə “O, köçürülməyib, palatadadır” deyib. “Georgia News” informasiya portalı eks-prezidentin anası Giuli Alasania-ya istinadən xəbər verir ki, həmin gün səhər saatlarında Saakaşvili huşunu itirib, onu qızdırması var.

2021-ci ilin oktyabrında Mixail Saakaşvili həbsdə olarkən 50 gün aclıq aksiyasına başlayıb və yalnız bərpa olunmaq üçün Qoridəki hərbi hospitala köçürüldükdən sonra aclıq aksiyasını dayandırıb, lakin fevralın 21-də həbsxanaya qayıtdıqdan sonra siyasətçi yenidən 20 gün davam edən aclıq aksiyasına başlayıb. Mayın 12-də səhhəti pisləşdiyi üçün o, həbsxanadan Tbilisi ətrafında yerləşən özəl klinikaya köçürülüb və orada ayrıca palatada saxlanılır. Tbilisidə Mixail Saakaşvilinin azad edilməsi tələbi ilə bir neçə etiraz aksiyası keçirilib.

Saakaşvilinin möhlət və azadlığa buraxılması ilə bağlı vəsatət üzrə növbəti məhkəmə iclası fevralın 1-nə təyin edilib.

E.Axund, Oxuməni.az