Türkiyə Efiopiya ilə Somalini barışdırdı

Türkiyə Efiopiya ilə Somalini barışdırdı

12 Dekabr 10:51
Bəyəndim (1) Bəyənmədim (0)


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Somali prezidenti Şeyx Mahmud və Efiopiyanın baş naziri Abiy Əhməd ilə üçtərəfli görüş keçirib və nəticədə tarixi birgə bəyannamə imzalanıb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsindən verilən məlumata görə, Ankarada “Türkiyə Respublikasının yardımı ilə Efiopiya Federativ Demokratik Respublikası ilə Somali Federativ Respublikası arasında Ankara Bəyannaməsi” imzalanıb.
Sənədə əsasən, tərəflər mövcud fikir ayrılıqlarını aradan qaldırmaq və 2025-ci ilin fevral ayının sonunadək Türkiyənin köməyi ilə texniki danışıqlara başlamaq və dörd ay ərzində planlaşdırılmış şəkildə başa çatdırmaq barədə razılığa gəliblər. Sazişdə Somalinin ərazi bütövlüyünə hörmətlə yanaşı, Efiopiyanın dənizə çıxışı məsələsinə xüsusi diqqət yetirilir.
Yanvarın 1-də Efiopiyanın Somalidən ayrılan bölgə olan Somaliland ilə razılaşmasından sonra ölkələr arasında gərginlik yaranıb. Türkiyə Afrika Buynuzu ölkələri arasında münaqişənin həllində vasitəçi kimi çıxış edib.
Ərdoğan mətbuat konfransında deyib: “Hörmətli bacı və qardaşlarımı bu tarixi kompromisə nail olduqları üçün təbrik edirəm və onlara konstruktiv mövqelərinə görə təşəkkür edirəm”.
Əldə olunan razılaşmalar çərçivəsində üç ölkə regionda sülhün və rifahın möhkəmləndirilməsinə yönəlmiş layihələri birgə həyata keçirmək niyyətindədir. İmzalanan bəyannamə qarşılıqlı hörmət prinsiplərinə əsaslanan iqtisadi inkişafın və rifahın əsasına çevriləcəkdir.
Almaz Həsənli