Trampın kanalla bağlı açıqlamalarından sonra Panamada nümayişçilər onun portretini və ABŞ bayrağını yandırıblar

Trampın kanalla bağlı açıqlamalarından sonra Panamada nümayişçilər onun portretini və ABŞ bayrağını yandırıblar

24 Dekabr 2024 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Panamada ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Panama kanalına nəzarəti bərpa etmək istəyi ilə bağlı sözlərindən sonra etiraz nümayişi keçirilib, onun portreti və Amerika bayrağı yandırılıb. Panama Tikinti və Əlaqədar İşçilərin Birləşmiş Milli İttifaqı “İnstaqram” səhifəsində bu barədə video yerləşdirib.
Nümayiş əvvəlcə həmkarlar ittifaqlarının Panama hökumətinin sosial siyasəti ilə razılaşmaması ilə bağlı keçirilməli idi. Lakin təşkilatçılar Trampın Panama kanalını geri almaq niyyəti ilə bağlı sözlərinə etiraz etmək üçün fürsətdən istifadə etmək qərarına gəliblər.
Nümayişçilər ABŞ bayrağını və Trampın portretini yandırıblar. Onlar Panama hökumətindən qəti cavab tələb ediblər.
Dekabrın 22-də Tramp bildirib ki, Panama kanalı yenidən ABŞ-ın mülkiyyətinə keçə bilər.
Panama kanalı ABŞ tərəfindən tikilib və onların nəzarəti altında olub. 1977-ci ildə Torrixos-Karter Müqaviləsi 1999-cu ildə tamamlanan kanalın mərhələli şəkildə Panamaya köçürülməsini müəyyən etdi. Bu müqavilə kanalın neytrallığını və dünya ticarətinə əlçatanlığını təmin edirdi. Bu gün kanal qlobal iqtisadiyyat üçün kritik marşrut və ABŞ-ın əsas marağı olaraq qalır.

Almaz Həsənli