Gürcüstan parlamenti prezidentin andiçmə mərasimi günü təhlükəsizlik tədbirlərini gücləndirəcək
Gürcüstan parlamentinin rəhbərliyi dekabrın 29-da, seçilmiş prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi günü təhlükəsizlik tədbirlərini gücləndirəcək. Bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.
“Bu il dekabrın 29-da Gürcüstan Prezidentinin andiçmə mərasiminin keçirilməsi üçün Gürcüstan Parlamentinin Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq – ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılacaq” məlumatda deyilir.
Qanunverici orqan aydınlaşdırıb ki, xüsusi akkreditasiya almaq üçün media nümayəndələri parlamentə müraciət etməlidir. Bir KİV-dən iki qrupdan artıq binaya buraxılmayacaq.
Dekabrın 14-də Gürcüstan parlamentində prezident seçkiləri keçirilib. Bu, respublika başçısının ilk dolayı seçkisi idi. Parlament deputatlarından, Acarıstan və Abxaziyanın ali şuralarının üzvlərindən və bələdiyyə orqanlarının deputatlarından ibarət seçki kollegiyası səs verib. Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası tərəfindən irəli sürülən Kavelaşvili yeganə namizəd olub. O, 300 səsdən 224 səs toplayıb və respublikanın altıncı prezidenti seçilib.
Oxuməni.az