
Tramp dörd günlük Yaxın Şərq turuna çıxıb
ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə dörd günlük turneyə çıxıb. Bazar ertəsi, mayın 12-də səhər prezident təyyarəsi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib. Səfər zamanı Tramp Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) də səfər etməyi planlaşdırır. “ABC News” xəbər verir ki, səfər ABŞ və Körfəz ölkələri arasında dərinləşən iqtisadi əlaqələri vurğulayacaq.
Bu, Trampın Ağ Evə qayıtdıqdan sonra ilk böyük xaricə səfəridir.
Bu arada, “AFP” agentliyinin verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti BƏƏ-yə silah satışı ilə bağlı iki müqaviləni təsdiqləyib. Hərbi təyyarələrin və texnikanın satışını əhatə edən sövdələşmələrin ümumi dəyəri təxminən 1,4 milyard dollardır.
Dövlət Departamentinin Siyasi-Hərbi Məsələlər Bürosu mayın 12-də bildirib ki, əməliyyatlardan biri altı “CH-47F Chinook” helikopterinin və digər avadanlıqların Əbu-Dabiyə təhvil verilməsini nəzərdə tutur.
ABŞ Dövlət Departamenti həmçinin F-16 qırıcıları üçün 130 milyon dollar dəyərində komponentlərin satışını təsdiqləyib. Konqresdə gözlənilən razılaşmanın qarşısını almaq üçün 30 gün vaxtı var.
Səfərdən əvvəl Tramp administrasiyasının Qətər kral ailəsindən hədiyyə olaraq lüks “Boeing 747-8” təyyarəsini qəbul etməyə hazırlaşması ilə bağlı geniş müzakirələr aparılıb.
Hədiyyənin Amerika lideri tərəfindən prezident təyyarəsi “Air Force One” kimi istifadə ediləcəyi gözlənilir və onun səlahiyyət müddətinin sonuna qədər təyyarənin mülkiyyət hüququ Trampın Prezident Kitabxanası Fonduna veriləcək.
Hədiyyənin rəsmi olaraq Trampın Qətərə gələndə elan ediləcəyi gözlənilir. Ancaq transferin özü səfər zamanı baş tutmayacaq.
“ABC News” xəbər verir ki, Ağ Ev rəhbəri tez-tez "uçan saray" adlandırılan təyyarəni fevral ayında Floridadakı Vest Palm Biç Beynəlxalq Hava Limanında qısa müddətə qalarkən görüb.
Almaz Həsənli