
Almaniya Rusiyanın dondurulmuş aktivlərini müsadirə edəcək
Almaniya kansleri Friedrich Merz, Almaniya və müttəfiqlərinin, qanuni olaraq icazə verildiyi təqdirdə dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə irəliləməyə hazır olduqlarını söylədi.
Onun sözlərinə görə, enerji və bank sektorunda Rusiyaya qarşı yeni sanksiyalar, şəxsi sanksiyalarla bağlı əlavə tədbirlər də müzakirə olunur.
"Hazırda Rusiya aktivlərinin ələ keçirilməsinin mümkünlüyü üzərində iş gedir. Əgər bu vəsaitlərdən möhkəm hüquqi əsaslarla istifadə etmək mümkün olarsa, biz bunu edəcəyik. Bununla belə, belə bir addımın Avropa maliyyə bazarı üçün gətirə biləcəyi risklərdən də xəbərdar olmalıyıq", - o, Die Zeit qəzetinə deyib.
Bəzi Qərb rəsmiləri, o cümlədən Almaniya və Avropa Mərkəzi Bankı Rusiyanın suveren ehtiyatlarının birbaşa müsadirəsi ilə bağlı ehtiyatlı olduqlarını bildirərək, belə bir addımın hüquqi çətinliklərlə üzləşə biləcəyi və avronun ehtiyat valyuta statusunu poza biləcəyi barədə xəbərdarlıq ediblər.
Əziz Mustafa, Oxuməni.az