
Rubio Putini müharibə cinayətkarı adlandırmaqdan imtina edib
ABŞ dövlət katibi Marko Rubio Rusiya diktatoru Vladimir Putini hərbi cinayətkar adlandırmaqdan çəkinib. O, yalnız Rusiyanı işğalçı kimi tanıyıb.
RBC-Ukrayna xəbər verir ki, Rubio bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
Konqresmen Bill Kitinq Rubiodan Rusiyanın Ukraynadakı müharibədə təcavüzkar olub-olmadığını soruşub.
“Bəli, Rusiya Ukraynanı işğal edib” deyə dövlət katibi qısa cavab verib.
Daha sonra Kitinq Dövlət Departamentinin rəhbərinə Putini hərbi cinayətkar hesab edib-etmədiyini soruşub.
"Düşünürəm ki, orada müəyyən hadisələrə baxıb əminliklə onları hərbi cinayətlər adlandıra bilərsiniz, lakin bizim məqsədimiz müharibəni bitirməkdir", - Rubio bildirib.
O əlavə edib ki, Putinlə danışıqlar olmadan müharibəyə son qoymaq olmaz.
Əziz Mustafa , Oxuməni.az