Tramp Putini Ukrayna zərbələrinə görə dəli adlandırıb

Tramp Putini Ukrayna zərbələrinə görə dəli adlandırıb

26 May 14:22
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı kütləvi hücumundan bir gün sonra Rusiya prezidenti Vladimir Putinin dəli olduğunu deyib. "Mənim Vladimir Putinlə həmişə çox yaxşı münasibətim olub, amma ona nəsə olub. O, tamamilə dəli olub!" - Ağ Evin rəhbəri mayın 25-də bazar günü “Truth Social” sosial şəbəkəsində yazıb. Bu barədə “Deutsche Welle” xəbər verir.
“O, çoxlu insanı lazımsız yerə öldürür və mən təkcə əsgərlərdən danışmıram”, – Donald Tramp jurnalistlərə açıqlamasında Putin haqqında deyib. "Biz danışıqlar aparırıq, o, Kiyevə və digər şəhərlərə raketlər atır. Bu, mənim heç xoşuma gəlmir", - Tramp deyib.
Amerika prezidentinin sözlərinə görə, o, həmişə hesab edirdi ki, Vladimir Putin “Ukraynanın bir hissəsini deyil, bütün ərazisini istəyir”. "Ancaq bunu etsə, bu, Rusiyanın dağılmasına səbəb olacaq", - Tramp əmin edib. O, həmçinin qeyd edib ki, Moskvaya qarşı əlavə sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.
Eyni zamanda ABŞ prezidenti Ukrayna lideri Vladimir Zelenskini də tənqid edib. Trampın sözlərinə görə, Zelenski “etdiyi kimi danışmaqla ölkəsinə yaxşılıq etmir”. Ağ Evin rəhbəri “Onun ağzından çıxan hər şey problemlidir, xoşuma gəlmir və dayansa yaxşı olar” deyə yazıb və əlavə edib ki, Ukraynadakı müharibə “Trampın deyil, Zelenski, Putin və Baydenin müharibəsidir”.
Mayın 19-da Donald Tramp Vladimir Putinlə Ukraynada Rusiya müharibəsinin nizamlanması məsələsi ilə bağlı telefon danışığı aparıb. Söhbət iki saatdan çox davam edib.
Mayın 25-nə keçən gecə Rusiya qoşunları 300 hücum pilotsuz uçuş aparatı və ballistik raketlər də daxil olmaqla 70-ə yaxın müxtəlif tipli raketlərdən istifadə edərək zərbələr endirib. “Reuters”in məlumatına görə, bu, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna şəhərlərinə edilən ən böyük hava hücumudur. Rusiyanın zərbəsi nəticəsində azı 12 nəfər həlak olub.

Oxuməni.az