
Ekvador parlamenti ölkədə xarici hərbi bazaların yerləşdirilməsini dəstəkləyib
Ekvador qanunvericiləri ölkədə xarici hərbi bazaların yerləşdirilməsinə icazə verən konstitusiya islahatını dəstəkləyiblər. Bu barədə “Reuters” məlumat yayıb.
Təklifi 82 deputat dəstəkləyib, 60 deputat əleyhinə səs verib, 6 deputat isə bitərəf qalıb. İndi sənəd referenduma çıxarılmalıdır, onun tarixi seçki orqanları tərəfindən müəyyən ediləcək.
Agentlik qeyd edir ki, islahat ölkə prezidenti Daniel Noboanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əməkdaşlığı genişləndirmək planlarının bir hissəsidir.
Xüsusilə, mayın sonunda səlahiyyət müddəti başlayan Noboa bildirib ki, müxtəlif yurisdiksiyalarda fəaliyyət göstərən narkotik tacirləri ilə mübarizə üçün beynəlxalq əməkdaşlığa ehtiyac var. Onun partiyasından olan qanunvericilər qeyd ediblər ki, ABŞ-ın ğlkədəki bazasının bağlanmasından sonra Ekvador narkotik ticarəti üçün əsas mərkəzə çevrilib.
Bununla belə, müxalifət iddia edir ki, xarici hərbi mövcudluq təkbaşına ölkənin təhlükəsizlik problemlərini həll etməyəcək və hökumətin cinayətkarlıqla mübarizə üçün aydın plana ehtiyacı var.
Reuters qeyd edir ki, Manta sahil şəhəri 2009-cu ilə qədər on il ərzində ABŞ hərbi bazasına ev sahibliyi edib. Lakin keçmiş prezident Rafael Korrea baza üçün icazələri yeniləməmək qərarına gəlib
Mart ayında agentliyin mənbələri bildirmişdilər ki, Ekvador səlahiyyətliləri ABŞ prezidenti Donald Trampı öz ərazilərində ABŞ bazasını yerləşdirməkdə maraqlı olduqları barədə xəbərdar ediblər. Qısa müddət sonra Noboa və Tramp Floridada qeyri-rəsmi görüş keçirdilər. Lakin onların heç biri müzakirə etdiklərinin təfərrüatlarını açıqlamayıb.
Xatırladaq ki, 2024-cü ilin yanvarında Ekvador prezidenti Noboa ölkəsinin narkotik dəstələri ilə müharibə vəziyyətində olduğunu bəyan etmişdi. Onun hesablamalarına görə, həmin dövrdə ölkədə 20 minə yaxın cinayətkar dəstə üzvü fəaliyyət göstərirdi.
Əziz Mustafa, Oxuməni.az