
“Faydasız” miqrantlar Rusiyadan çıxarılacaq
İşləməyən və oxumayan, eləcə də barmaq izi müayinəsindən keçməmiş, rus dilini öyrənməyən miqrantlar Rusiyanı tərk etməlidirlər. RBK xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev məlumat verib.
Onun müraciətinin videosunu nazirliyin nümayəndəsi İrina Volk öz Telegram kanalında yayımlayıb.
"Küçələrdə və məişət sektorunda qeyri-qanuni gələn miqrantlar olmamalıdır. İşini itirmiş, universitetdən qovulmuş, barmaq izi müayinəsindən keçməmiş, dil öyrənməyən, Rusiya cəmiyyətinə heç bir faydası olmayanlar ölkəmizi tərk etməlidirlər", - Kolokoltsev deyib.
Aprel ayından etibarən miqrant uşaqları məktəbə qəbul olunmazdan əvvəl rus dilini bilmək üçün sınaqdan keçirilir. Bundan başqa, əcnəbi vətəndaşlar üçün xüsusi xaricetmə rejimi tətbiq edilib, xüsusən də ölkəyə giriş və qanunsuz miqrantlara xidmət göstərilməsi zamanı pozuntulara görə cərimələr tətbiq edilib, arzuolunmaz qalma statusu müəyyən edilib.
Miqrasiya siyasətinin sərtləşdirilməsindən sonra qonşu ölkələr öz vətəndaşlarının hüquqlarının pozulduğunu dəfələrlə bəyan ediblər.
Almaz Həsənli