Saakaşvili: “Paşinyan mənim edə bilmədiyimi etdi”

Saakaşvili: “Paşinyan mənim edə bilmədiyimi etdi”

15:19
Bəyəndim (2) Bəyənmədim (0)

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili bildirib ki, rusiyalı milyarder Samvel Karapetyanı həbs etməklə Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə özünün edə bilmədiyi işləri görə bilib. Oxuməni.az xəbər verir ki, bu barədə “Ngnewsgeorgia” məlumat yayıb.

"Paşinyan uğursuz müharibədən sonra Ermənistanda mənim 2011-2012-ci illərdə etmədiyimi etdi – erməni İvanişvilisi, milyarder Karapetyanı həbs etdi", - Saakaşvili Facebook səhifəsində yazıb. Rusiyada sərvət qazanmış milyarder Bidzina İvanişvilinin "Gürcü Arzusu" partiyası ilə siyasətə rəsmi gəlişi Saakaşvilinin partiyasını hakimiyyətdən uzaqlaşdırdı.

Eks-prezident hesab edir ki, hazırda Cənubi Qafqazda gedən proseslər “Rusiyanın Ukraynada zəifləməsinin birbaşa nəticəsidir”. Onun sözlərinə görə, “Paşinyan rəsmi olaraq Avropa İttifaqına daxil olmaq kursunu müəyyənləşdirdiyi halda, Bakı NATO ilə əməkdaşlığa başlayıb” və indi “Rusiyanı birbaşa təhlükə kimi görür, özünün siyasi, iqtisadi və mədəni məkanını Rusiyanın təsirindən təmizləmək üçün fəal addımlar atır”.

“Bundan əlavə, Azərbaycan və Ermənistan bir-birinə yaxınlaşmağa başlayıb ki, bu da Rusiyaya ağır zərbədir”, - o vurğulayıb.

2025-ci ilin iyununda Ermənistan hakimiyyəti 2024-cü ildə hökumət əleyhinə nümayişlər zamanı yaradılan “Müqəddəs Mübarizə” hərəkatının üzvləri tərəfindən planlaşdırılan dövlət çevrilişi cəhdinin qarşısını aldığını bəyan edib. Polis hərəkatın lideri, Erməni Apostol Kilsəsinin (AAK) Tavuş Yeparxiyasının rəhbəri Baqrat Qalstanyanı, onun bir neçə tərəfdarını və hərəkatın bir çox tanınmış üzvlərini həbs edib. Saxlanılanlar arasında erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan da var.

Bu hadisələr Paşinyanla AAK arasındakı münaqişədən yaranan daha böyük siyasi böhranın tərkib hissəsi oldu. 2025-ci ilin yazında Paşinyan kilsə başçısını ruhani əhdini pozmaqda ittiham edərək istefaya çağırdı, bu da dindarlar və ruhanilər tərəfindən sərt reaksiya ilə qarşılandı.

Almaz Həsənli