
Fransa Ukrayna üçün Amerika silahlarının ödənilməsinə qoşulmaq niyyətində deyil
Paris ABŞ prezidenti Donald Trampın bazar ertəsi, iyulun 14-də elan etdiyi Ukraynaya görə Amerika silahlarının ödənilməsi təşəbbüsünə qoşulmağı planlaşdırmır. “Politico” iki fransız rəsmisinə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, bu qərarın səbəbi Fransa prezidenti Emmanuel Makronun Aİ səviyyəsində daxili satınalmalar hesabına Avropadaxili müdafiə sənayesini inkişaf etdirmək istəyidir.
Bundan əlavə, “Politico” qeyd edir ki, Fransa hökuməti nəhəng büdcə kəsirinin öhdəsindən gəlməyə çalışdığı üçün özünün müdafiə xərclərini artırmaqda çətinliklərlə üzləşir.
Bir gün əvvəl, iyulun 15-də Fransanın baş naziri Fransua Bayru 2026-cı il üçün büdcə kəsirinin azaldılması ilə bağlı təkliflər təqdim edib. Bildirilir ki, məqsəd ildə 43,8 milyard avroya qənaət etməkdir.
İki gün əvvəl, iyulun 13-də Makron müdafiə xərclərinin görünməmiş artımını elan edərək, gələn il hərbi-sənaye kompleksinə əlavə üç milyard yarım avro, daha sonra 2027-ci ildə daha üç milyard avro ayrılacağını bəyan edib.
İtaliyanın “La Stampa” nəşrinə görə, İtaliya da “büdcə çatışmazlığı” səbəbindən Ukraynaya silah almaq üçün pul ödəməyəcək.
Almaz Həsənli