
Çində dünyanın ilk 6S robot mağazası açılıb
Bazar ertəsi Cənubi Çinin Quandun əyalətinin Şençjen şəhərinin Lunqan rayonunda 6S robot mağazası açılıb. Bu, dünyada ilk belə mağazadır. Oxuməni.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.
Həmin gün “Unitree Robotics” də daxil olmaqla cəmi 26 robot istehsalçısı satış məntəqəsi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Hazırda istehsal zəncirinin yuxarı və aşağı həlqələrindən olan 200-dən çox şirkət, o cümlədən humanoid və xidmət robotları istehsal edən 50-yə yaxın şirkət mağaza ilə işləməkdə maraqlı olduğunu bildirib. Müəssisələr bütün istehsal zəncirini əhatə edir -- əsas komponentlərin tədqiqi və işlənməsindən tutmuş hazır robotların son montajına, proqram təminatı alqoritmlərindən tutmuş xüsusi tətbiq ssenarilərinə qədər.
“Shenzhen Future Times Robotics Co., Ltd.”-nin idarəedici şirkətinin məlumatına görə, avtomobil mağazasının ənənəvi 4S (satış, hissələr, texniki xidmət, əks əlaqə) modelinə əsaslanan 6S robot mağazası iki əlavə xidmət təklif edir: icarə və sifarişlə. Şirkət vurğulayır ki, dükan xidmət standartlarını və robototexnika sənayesində tələb və təklifin uyğunlaşdırılması modelini yenidən nəzərdən keçirir, robotların laboratoriyadan bazara ötürülməsi üçün effektiv körpü formalaşdırır və texniki konsepsiyaları real praktik həllərə çevirir.
Almaz Həsənli