
Hindistan təcili olaraq Rusiyadan neft alışını dayandırıb
ABŞ prezidenti Donald Trampın Hindistan mallarına tətbiq etdiyi iri tariflərdən sonra Hindistan neft emalı zavodları Rusiya neftinin alınmasını təcili dayandırıb. Bu barədə Bloomberg xəbər verir.
Nəşrin öz mənbələri Hindistanın dövlət neft emalı zavodlarının Rusiya neftini almaqdan imtina etməyə başladığını təsdiqləyib. Bu, ABŞ-ın Hindistan hökumətini Rusiya ilə ticarətdən imtina etməyə məcbur etmək üçün Hindistana sərt tariflərlə təzyiq etməsi ilə bağlıdır.
Hindistanın iri şirkətləri - "Indian Oil", "Bharat Petroleum", "Hindustan Petroleum" və başqaları növbəti dövrədə neft alış modellərini dəyişməyi planlaşdırırlar. Şirkətlərdən birincisi bu yaxınlarda ABŞ, Braziliya və Liviyadan böyük bir neft partiyası alıb.
Qeyd olunur ki, Nyu-Dehli Rusiyadan neft almağı dayandırmaq üçün neft emalı zavodlarına rəsmi olaraq hər hansı göstəriş verməyib. Rusiya rejimi ilə yaxşı münasibətdə olan Baş nazir Narendra Modinin hökuməti açıq şəkildə Trampın tariflərinə müqavimət göstərəcəyini bildirir.
Qeyd edək ki, Hindistanın neft emalı zavodları ABŞ-ın Hindistan mallarına əlavə 25% rüsum tətbiq etmək qərarından sonra hökumətdən göstəriş gözləyir. Yeni tədbirlər Rusiya neftinin davamlı idxalına cavab idi.
Əziz Mustafa