ABŞ yenidən nüvə silahlarının sınaqdan keçirilməsinə hazırlaşır
ABŞ Prezidenti Donald Tramp Pentaqona Amerikanın nüvə silahlarının dərhal sınaqdan keçirilməsinə başlamağı əmr etdiyini açıqlayıb. Bu barədə Tramp sosial media platforması Truth Social-dakı paylaşımında məlumat verib. Ağ Ev rəhbəri ABŞ-ın digər ölkələrdən daha çox nüvə silahına sahib olduğunu vurğulayıb.
"Buna, o cümlədən mövcud silahların tam modernləşdirilməsi və yenilənməsinə mənim birinci müddətimdə nail olundu", - deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, nüvə silahlarının böyük dağıdıcı gücünə görə "bunu etməkdən nifrət edir", lakin başqa çarəsi qalmayıb. Trampın dediyi kimi, Rusiya nüvə silahlarında ikinci, Çin isə üçüncü yerdədir, lakin Pekin beş il ərzində Moskvaya çatacaq. Buna görə də o, ABŞ-a nüvə silahlarının sınaqdan keçirilməsinə başlamağı əmr edib.
“Digər ölkələr tərəfindən aparılan sınaq proqramları nəzərə alınmaqla, mən Pentaqon rəhbərliyinə nüvə silahlarımızı bərabər əsasda sınaqdan keçirməyə başlamağı tapşırdım. Bu proses dərhal başlayacaq”, - deyə Ağ Ev rəhbəri yekunlaşdırdı.
Əziz MUSTAFA



















































































