Almaniya ən yeni "Leopard 2A8" tankını təqdim etdi

Almaniya ən yeni "Leopard 2A8" tankını təqdim etdi

15:03
Bəyəndim (1) Bəyənmədim (0)

KNDS Germany şirkəti təqdimat mərasimində "Leopard 2A8" tankını rəsmi olaraq təqdim etdi. Bu, Almaniyanın müasir tarixində "sıfırdan" tamamilə istehsal olunan ilk əsas döyüş tankıdır (ƏDT). Bu tip maşın ən son 1992-ci ildə istehsal olunmuşdu.
“Euronews” xəbər verir ki, bundesver ümumilikdə 123 ədəd A8 sifariş edib və onların 2027-2030-cu illər arasında təhvil verilməsi planlaşdırılır. Tədarükə başlamazdan əvvəl bu model tam yoxlamadan keçəcək. Litvada yerləşdirilməsi nəzərdə tutulan 45-ci tank briqadası, ƏDT-nin ən müasir versiyasını alacaq ilk alman ordusu bölməsi olacaq.
"Leopard 2A8" öz sələfləri ilə müqayisədə tamamilə yenidən işlənmiş bir tankdır, döyüş kütləsi təxminən 70 tondur. Onun əsas silahı Rheinmetall-ın 120 mm-lik L55A1 topudur ki, bu top artıq A7V və A7A1 variantlarında istifadə olunur. Bu top, həm proqramlaşdırıla bilən fuqas-qəlpəli döyüş sursatları, həm də ən yeni kinetik döyüş sursatları ilə atəş açmağa imkan verir (onlar hədəfə düşdükdə, partlayıcı maddə olmadan yalnız böyük kinetik enerjinin hesabına məhv edir).
Maşın tamamilə rəqəmsal atəşə nəzarət sistemi (ANS), komandir və tuşlayıcı üçün təkmilləşdirilmiş gündüz və gecə görmə optik cihazları ilə təchiz olunacaq. Həmçinin, optik və termoqrafik sensorları birləşdirən dairəvi müşahidə sistemi quraşdırılacaq.
1500 at gücünə malik mühərrik və bort reduktorları Leopard 2A7V tankının konfiqurasiyasına uyğundur. Bundan əlavə, A8 20 kVt gücündə köməkçi enerji qurğusuna (KEQ) sahib olacaq. Qüllənin damında yerləşdirilmiş qalxan, korpusun və qüllənin təkmilləşdirilmiş modular zireh müdafiəsi, gücləndirilmiş şassi, ağır mina əleyhinə müdafiə modulu, lazer şüalanması xəbərdarlıq sistemi və 360° işləyən və PUA-ları (pilotsuz uçuş aparatları) tutmağa qadir olan ən yeni Trophy aktiv müdafiə sistemi (AMS) A8-in əvvəlki modellərə nisbətən davamlılığını artırır.
Almaz Həsənli