ABŞ-ın NATO-dan çıxması ilə bağlı qanun layihəsi Konqresə təqdim edilib

ABŞ-ın NATO-dan çıxması ilə bağlı qanun layihəsi Konqresə təqdim edilib

10:21
Bəyəndim (0) Bəyənmədim (0)


Kentukki ştatından olan ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Tomas Massi, ABŞ-ın NATO-dan çıxması ilə bağlı qanun layihəsi təqdim edib. Bu barədə konqresmenin ofisindən verilən məlumatda bildirilir.
HR 6508 saylı qanun layihəsi "Etibarsız Təşkilat Qanunu" (Not A Trusted Organization Act, NATO Act) və ya "NATO Qanunu" adlandırılır.
"NATO soyuq müharibənin qalıqlarıdır. Biz NATO-dan çıxmalı və bu pulları sosialist dövlətləri deyil, öz ölkəmizi müdafiə etmək üçün istifadə etməliyik. NATO Sovet İttifaqına qarşı mübarizə aparmaq üçün yaradılmışdı, lakin o, 30 ildən çox əvvəl dağılıb. O vaxtdan bəri ABŞ-ın iştirakı vergi ödəyicilərinə trilyonlarla dollara başa gəlib və hələ də ABŞ-ın xarici müharibələrə cəlb olunması riskini daşıyır", - deyə Massi bildirib.
Konqresmen vurğulayıb ki, ABŞ Konstitusiyası xarici işlərə daimi müdaxiləyə icazə vermir və Vaşinqton "bütün dünyanı təmin etməməlidir, xüsusən də varlı ölkələr öz müdafiələri üçün ödəməkdən imtina etdikdə".
Təşəbbüsdə qeyd olunur ki, NATO üzvlüyü ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun gəlmir. Qanun layihəsi ABŞ prezidentinin Şimali Atlantik Müqaviləsinin 13-cü maddəsinə uyğun olaraq, qanunun qüvvəyə minməsindən sonra ən geci 30 gün ərzində NATO-ya ölkənin çıxması barədə bildiriş verməsini nəzərdə tutur.
Massinin partiya yoldaşı, Yuta ştatından olan senator Mayk Li ABŞ Senatına S.2174 saylı müvafiq qanun layihəsi təqdim edib.
ABŞ prezidenti Donald Tramp müttəfiqləri müdafiə xərclərinin az olması səbəbindən tənqid edərək, ölkənin NATO-dan çıxacağı ilə bağlı dəfələrlə hədələyib. Bu yay alyans ölkələri 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-ə qədər artırmaq öhdəliyi götürüblər.
Trampın sələfi Co Bayden dövründə Konqres, heç bir ABŞ prezidentinin NATO-dan çıxmasını qadağan edən qanun layihəsini təsdiqləyib. Təşəbbüsün həmmüəlliflərindən biri hazırkı Dövlət katibi Marko Rubio olub. Lakin “Politico”-nun müsahibə verdiyi ekspertlərin dediyinə görə, Tramp prezidentin xarici siyasət səlahiyyətlərinə istinad edərək bu qadağanı poza bilər.
ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında NATO-nun "daim genişlənən alyans" kimi qəbul edilməsinin qarşısını almaq zərurətindən bəhs edilir. Sənəddə qeyd olunur ki, Avropa ilə tərəfdaşlıq Vaşinqton üçün vacib olsa da, o, artıq "Atlant kimi bütün dünya nizamını öz üzərində saxlamağa" davam etməyəcək.
“Reuters”-in məlumatına görə, ABŞ Avropa ölkələrindən 2027-ci ilə qədər NATO-nun müdafiə xərcləri üzrə öhdəliklərinin böyük hissəsini, o cümlədən raket istehsalı və kəşfiyyat məlumatlarının toplanması ilə bağlı məsələləri öz üzərinə götürmələrini tələb edib. Amerika tərəfi, bu tələb müəyyən edilmiş müddətdə yerinə yetirilməzsə, NATO-nun bəzi müdafiə mexanizmlərində ABŞ-ın iştirakının azaldılacağı ilə hədələyib.
Almaz Həsənli