Zelenski: ABŞ Donbasda demilitarizə olunmuş zona təklif edir
Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, ABŞ Ukraynadakı müharibənin dayandırılması ilə bağlı danışıqlar çərçivəsində ölkənin şərqində demilitarizə olunmuş xüsusi iqtisadi zona yaradılmasını təklif edir. Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə "Deutsche Welle" xəbər verib.
Zelenski cümə axşamı, dekabrın 11-də Kiyevdə jurnalistlərlə görüşündə bildirib: "Onlar Ukrayna silahlı qüvvələrinin Donetsk vilayəti ərazisini tərk edəcəyini nəzərdə tuturlar, kompromis isə rus qoşunlarının bu əraziyə daxil olmamasıdır".
Zelenskinin sözlərinə görə, ABŞ-ın fikrincə, Rusiya ordusu Donetsk, Xerson və Zaporojye vilayətlərindən qoşunlarını çıxarmağa məcbur edilməməlidir. Eyni zamanda, Amerika planına əsasən, Rusiya Dnepropetrovsk, Xarkov və Sumı vilayətlərindən qoşunlarını çıxarmalıdır.
Ukrayna prezidentinin sözlərinə görə, ABŞ ilə danışıqlarda mübahisəli məqam "Donetsk vilayətinin ərazisi və bununla bağlı hər şey", həmçinin Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının gələcək statusu olaraq qalır. "Bu iki məsələni müzakirə etməyə davam edirik", - Zelenski deyib.
Ukrayna prezidentinin fikrincə, ölkə ərazisi ilə bağlı hər hansı bir kompromis ümumxalq səsverməsinə çıxarılmalıdır. "Mən hesab edirəm ki, Ukrayna xalqı bu suala cavab verməlidir. İstər seçkilər, istərsə də referendum yolu ilə Ukrayna xalqının mövqeyi ifadə olunmalıdır", - o vurğulayıb.
Zelenski həmçinin bildirib ki, o, ABŞ administrasiyasının nümayəndələri ilə Ukrayna üçün mümkün Amerika təhlükəsizlik zəmanətlərini müzakirə edib. Prezident cümə axşamı X sosial şəbəkəsində yazıb ki, o, Amerika tərəfi ilə "konstruktiv və ətraflı söhbət" aparıb.
Almaz Həsənli

















































.jpg)
.jpg)
.jpg)





























