ABŞ İsrailin İrana raket zərbələrini dəstəkləyəcək
Vaşinqton İranın raket proqramının inkişafı üçün müxtəlif ssenariləri nəzərdən keçirir. Diplomatik səylər uğursuz olarsa, ABŞ İsrailin hərbi əməliyyatlarını dəstəkləməyi istisna etmir. Bu barədə CBS News nəşri məlumat verib.
Dekabr ayında Mar-a-Laqo iqamətgahında keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Tramp Baş nazir Benyamin Netanyahuya Vaşinqton və Tehran razılığa gələ bilməsələr, İsrailin İranın raket proqramına qarşı zərbələrini dəstəkləməyə hazır olduğunu bildirib.
ABŞ hərbi və kəşfiyyat dairələrindəki mənbələrə görə, diqqət İsrailin hərəkət ehtimalına deyil, potensial ABŞ dəstəyinin formatına yönəlib. Nəzərdən keçirilən variantlara İsrail təyyarələrinin uçuş zamanı yanacaq doldurulması və üçüncü ölkələrin hava məkanı vasitəsilə uçuş icazəsi məsələsi daxildir.
Hansı ölkələrin belə bir icazə verə biləcəyi hələlik məlum deyil. Əvvəllər İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri açıq şəkildə hava məkanlarının İrana qarşı zərbələr üçün istifadəsinə icazə verməyəcəklərini bildirmişdilər.
Milli təhlükəsizlik qurumları daxilində müzakirələr ABŞ-ın bölgədəki hərbi mövcudluğunun gücləndirilməsi ilə üst-üstə düşdü. Xüsusilə, USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin və onu müşayiət edən dəniz qrupunun Yaxın Şərqə göndərilməsi qərarı verildi.
İsrail Baş naziri diplomatik prosesə şübhə ilə yanaşır və İranla hər hansı bir razılaşmanın ballistik raketlərə məhdudiyyətlər daxil etməsində israr edir.
Xatırladaq ki, Ağ Evdə keçirilən görüşdə ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu İrana iqtisadi təzyiqi artırmaq üçün tədbirlər, xüsusən də İran neftinin Çin bazarına ixracını məhdudlaşdırmaq barədə razılığa gəldilər.
Əziz MUSTAFA



















































.jpg)
.jpg)
.jpg)
























