Rubio: ABŞ İranla müharibədən sonra NATO ilə münasibətləri yenidən nəzərdən keçirəcək

Rubio: ABŞ İranla müharibədən sonra NATO ilə münasibətləri yenidən nəzərdən keçirəcək

13:08
Bəyəndim (2) Bəyənmədim (0)

İranla müharibəni dəstəkləməkdən imtina edən NATO müttəfiqlərinin davranışı ABŞ üçün "çox məyusedici" olub və hərbi əməliyyat başa çatdıqdan sonra Vaşinqton alyansla münasibətləri yenidən nəzərdən keçirəcək. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Qətərin "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə bildirib.

Telekanalın müxbiri Rubiodan soruşub ki, o, Aİ və NATO ölkələrinin "bu həlledici anda" ABŞ-a xəyanət etdiyini düşünür?

"Məncə, bu, çox məyusedici idi. Və təkrar edirəm, prezident və ölkəmiz əməliyyat başa çatdıqdan sonra bütün bunları yenidən nəzərdən keçirməli olacaq. NATO-nun Birləşmiş Ştatlar üçün sərfəli olmasının səbəblərindən biri müxtəlif ssenarilər üçün bazalara çıxış imkanıdır", - Rubio cavab verib.

O xatırladıb ki, "ehtiyac anında", ABŞ milli təhlükəsizliyə və ölkənin maraqlarına ciddi təhdid olduğunu müəyyən etdikdə, Vaşinqton NATO üzvlərinin, xüsusən də İspaniyanın, ona öz bazalarından istifadə etməyə icazə vermədiyini görüb. "Və eyni şəkildə hərəkət edən başqa ölkələr də var", - Rubio əlavə edib. Və sonra, onun sözlərinə görə, sual yaranır: "Burada Birləşmiş Ştatların marağı nədir?"

"Mən həmişə NATO-nu dəstəkləmişəm və bu dəstəyin səbəblərindən biri də bazalara çıxışın bizə dünya üzrə hərbi əməliyyatlarda təsir rıçaqları və çeviklik verməsidir. Lakin əgər NATO yalnız hücum halında Avropanı müdafiə etməyimizlə bağlıdırsa, lakin bizə ehtiyacımız olanda bazalara çıxışdan imtina edilirsə, bu, çox yaxşı razılaşma deyil. Bu formatda iştirak etməyə davam etmək və bunun Birləşmiş Ştatlar üçün sərfəli olduğunu söyləmək çətindir. Buna görə də bütün bunlar yenidən nəzərdən keçirilməli olacaq. Bütün bunlar yenidən nəzərdən keçirilməli olacaq", - o deyib.

Almaz Həsənli