Senator Blumenthal ABŞ-ın tezliklə İrana zərbə endirə biləcəyini söyləyib
ABŞ-ın Demokrat Partiyasından olan senator Riçard Blumental bildirib ki, Amerika hərbçiləri yaxın vaxtlarda İrana zərbə endirə bilərlər. Oxuməni.az xəbər verir ki, bu barədə senator CNN-ə verdiyi müsahibədə bildirib.
"Mən qatıldığım bəzi brifinqlərdən və digər mənbələrdən belə bir təəssürat yarandı ki, yaxın vaxtlarda hərbi zərbə endirilə bilər", - deyə Blumental bildirib.
Onun qiymətləndirməsinə görə, bu, "çox narahatlıq doğurandır, çünki bu, Amerika oğulları və qızlarının həyatını təhlükəyə atıb əhəmiyyətli insan itkilərinə səbəb ola bilər".
"Daha dəqiq ola bilmirəm, çünki bu brifinqlərdən ən azı biri, daha doğrusu bir neçəsi qapalı rejimdə keçirilib. Bu hadisənin nə vaxt baş verə biləcəyi barədə əminliklə danışa bilmirəm, lakin bu, potensial plan kimi çox ehtimal olunan bir variantdır", - deyə o qeyd edib.
Aprelin 29-da "Axios" nəşri xəbər verib ki, ABŞ-ın Mərkəzi Komandanlığı İran ərazisinə "qısa və güclü" zərbələr planı hazırlayıb. Hücumlar yenilənərsə, hədəflər infrastruktur obyektləri olacaq. Jurnalistlərin məlumatına görə, Amerika tərəfi bununla İran rəhbərliyinə təzyiq göstərərək, onları danışıqlar prosesinə qayıtmağa və çeviklik göstərməyə məcbur etməyi planlaşdırır. Eyni zamanda, Trampın hələlik əsas təzyiq vasitəsi kimi dəniz blokadasını nəzərdən keçirdiyi, lakin lazım gələrsə, hərbi qüvvə tətbiqini də istisna etmədiyi materialda iddia olunur.
Almaz Həsənli
























.jpg)



























































