"Ölüm gəmisi" yenidən "səyahət"ini bərpa edir
Hantavirus halları ilə dünyada çaxnaşmaya səbəb olan Hollandiya bayrağı altında üzən "MV Hondius"-"Ölüm gəmisi"də dezinfeksiya işləri başa çatıb. Gəminin operatoru Oceanwide Expeditions, Hollandiya İctimai Səhiyyə İnstitutundan əməliyyatları bərpa etmək üçün icazə aldıqdan sonra, keçmiş heyətin karantinə alındığını və yeni, sıfır təmasda olan bir heyətin işə başladığını açıqladı. Təmir işlərindən sonra nəhəng "Ölüm gəmisi" 6 iyunda Rotterdamdan yola düşəcək və 13 iyunda mövsümün ilk Arktika turist səyahətinə çıxacaq.
Hantavirus halları səbəbindən həftələrlə ciddi qlobal nəzarət altında olan və beynəlxalq gündəmə gətirilən Hollandiya bayrağı altında üzən "MV Hondius" sərnişin gəmisindəki kabus sona çatdı. Gəmidə intensiv təmizləmə və dezinfeksiya işlərinin uğurla başa çatdığı və üzən otelin fəaliyyətini bərpa edəcəyi bildirilir.
"Ölüm gəmisi"nin operatoru Oceanwide Expeditions bu məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Bəyanatda bildirilir ki, 29 mayda Hollandiya Milli İctimai Səhiyyə İnstitutunun (GGD) nümayəndələri gəmidə ciddi yoxlama aparıblar. Bu yoxlamalardan sonra heç bir təhlükə aşkar edilməyib və gəmiyə 30 may tarixindən etibarən yenidən əməliyyat icazəsi verilib.
Virusun yayılmasının qarşısını almaq üçün gəmidə radikal tədbirlər görülüb. Şirkət elan edib ki, hantavirus hallarının qeydə alındığı əvvəlki səyahətdən bütün heyət gəmidən təxliyə edilib və təhlükəsiz karantinə yerləşdirilib. Gəmiyə təcili olaraq təyin edilən yeni heyətin keçmiş karantinə alınmış işçilərlə heç bir əlaqəsi olmayıb və sağlamlıq yoxlamalarından keçiblər.
O qorxulu günləri geridə qoyan "MV Hondius" indi yeni bir səyahətə hazırlaşır. Rotterdam limanında illik texniki xidmət, təmir və son gigiyena yoxlamalarını başa vurduqdan sonra gəmi 6 iyunda Norveçin Svalbard arxipelaqında yerləşən Longyearbyenə yola düşəcək.
Hantavirus böhranından sağ çıxan nəhəng "Ölüm gəmisi" yenidən Şimal Qütbünə macəraçıları aparacaq. Bəyanatda qeyd olunur ki, "MV Hondius" 13 iyunda Longyearbyen limanından yola düşərək Arktika mövsümünün çoxdan gözlənilən ilk turist səyahətinə çıxacaq.
Əziz MUSTAFA




















































































