Çin 800 sərnişin tutumlu nəhəng təyyarə yaradır

Çin 800 sərnişin tutumlu nəhəng təyyarə yaradır

13:28
Bəyəndim (1) Bəyənmədim (0)

Çinli tədqiqatçılar 800-dən çox sərnişin üçün nəzərdə tutulmuş "uçan qanad" konstruksiyalı sərnişin təyyarəsinin modelini təqdim ediblər. Oxuməni.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.

Layihə Çin Aerodinamik Tədqiqatlar və İnkişaf Mərkəzinin (CARDC) mütəxəssisləri tərəfindən hazırlanıb. Konseptin eni 85 metr, uzunluğu isə 43 metrdir; onun qanad genişliyi ABŞ-ın "B-2 Spirit" bombardmançı təyyarəsindən təxminən 1,6 dəfə böyükdür. Müqayisə üçün qeyd edək ki, "Airbus A380" adətən 555 sərnişin tutur.

"Uçan qanad" konstruksiyasında fyuzelyaj (gövdə), qanadlar və quyruq hissəsi vahid bir daşıyıcı gövdədə birləşdirilib. Tədqiqatçıların fikrincə, bu sxem daha böyük uçuş məsafəsini təmin edə və enerji sərfiyyatını azalda bilər. Layihə ilkin olaraq 250 sərnişin üçün nəzərdə tutulsa da, sonradan bu rəqəm 800-ə çatdırılıb.

Tam ölçülü təyyarə hələ inşa edilməyib. CARDC 1:52 miqyaslı polad modeli transsəs aerodinamik boruda 0,4 Max-dan 0,8 Max-a qədər sürətlərdə sınaqdan keçirib. Modelin maksimal aerodinamik keyfiyyəti (qaldırıcı qüvvənin hava müqavimətinə nisbəti: göstərici nə qədər yüksəkdirsə, təyyarə dartı qüvvəsindən bir o qədər səmərəli istifadə edir və potensial olaraq daha uzağa uça bilir) 0,7 Max-dan aşağı sürətlərdə təxminən 20, 0,8 Max sürətdə isə 17,6 təşkil edib.

Çin eyni zamanda digər böyük aviasiya layihələrini, o cümlədən 280 yerlik uzaq magistral "C929" və səsdən sürətli sərnişin təyyarəsi "C949" layihələrini də inkişaf etdirir.

Almaz Həsənli