İran Ermənistanla sərhəddəki keçid məntəqəsini genişləndirəcək
İran hakimiyyəti Ermənistanla sərhəddə yerləşən "Norduz" gömrük-keçid məntəqəsində irimiqyaslı yenidənqurma işlərinə başlayıb. Məqsəd yüklərin keçidini sürətləndirmək və avtonəqliyyat vasitələrinin gözləmə müddətini azaltmaqdır. Təməlqoyma mərasimində Ermənistan nümayəndə heyəti də iştirak edib. Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistanın "Yol Departamenti" fondu məlumat yayıb.
"Sputnik Ermənistan"ın məlumatına görə, yenidənqurma işlərindən əvvəl Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan ilə İranın yollar və şəhərsalma nazirinin müavini Rza Əkbəri arasında idarələrarası görüş keçirilib.
Görüşdə sərhəd infrastrukturunun modernləşdirilməsi, həmçinin gömrük-keçid məntəqəsində ikitərəfli yükdaşımaların həcminin artırılması mexanizmlərinin tətbiqi barədə qərar qəbul edilib.
Culfa şəhərində İranın iqtisadiyyat nazirinin müavini, Gömrük Xidmətinin rəhbəri Fərud Əsgəri və Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan arasında keçirilən görüşdə tərəflər iki ölkənin sərhədində sadələşdirilmiş ("yaşıl") gömrük dəhlizinin tətbiqi ilə bağlı razılığa gəliblər. Bu dəhliz Norduz - Ağarak (Mehri) sərhəd-keçid məntəqəsində fəaliyyət göstərəcək.
Tərəflər yüklərin keçidini əhəmiyyətli dərəcədə sürətləndirməyə və iki dövlətin sərhədində yük avtomobillərinin gözləmə müddətini azaltmağa imkan verəcək sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında protokol imzalayıblar.
Almaz Həsənli




















































































